Ermənistanın və qəyyumların sülh məsələsi ilə bağlı heç bir məqsədləri yoxdur
Bu günlərdə TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib ki, 1997-ci ildən fəaliyyət göstərən Minsk qrupu hələ də lazım olan nəticəni əldə edə bilməyib. Səfir onu da bildirib ki, BMT TŞ-nin 3 daimi üzvünü özündə birləşdirən format kifayət qədər ciddi görünür: “Məhz bu 3 ölkə nəhəng siyasi yükə və müvafiq təcrübəyə malikdir, Rusiya isə nəinki coğrafi olaraq Cənubi Qafqaza yaxındır, həmçinin bizi ortaq tarixi bağlar birləşdirir. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, münaqişənin həlli istiqamətində lazımi addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan torpaqlarının işğalı ilə xarakterizə olunan mövcud status-kvo qəbuledilməzdir. Bu barədə 2009-2013-cü illərdə qəbul olunan bəyanatlarında həmsədr ölkələrin başçıları da qeyd ediblər. Hazırda real nəticələr əldə etmək məqsədilə substantiv danışıqların davam etdirilməsi şəraitini təmin etmək lazımdır. Bir daha qeyd edim ki, danışıqlar predmet xarakterli olmalıdır. Yəni proses deyil, nəticə vacibdir”.
Səfir narahatlıq ifadə etməkdə tam haqlıdır. Çünki, daim söz deyib, vəd verməklə iş görmək olmaz. Qarabağ münaqişəsinin mahiyyətində qaranlıq heç nə yoxdur. Ortada fakt var: işğal faktı. Fakt isə həmişə tərs vurulan şillə kimi sərtdir. Əgər problem həll olunmalıdırsa, onda fakt üzrə danışıb hərəkət etmək gərəkdir. Yox, fakt üzrə danışılmırsa, onda problem münaqişənin həllində yox, ona qəyyumluq edənlərin özündədir.
Azərbaycan torpaqlarının işğalı ilə bağlı status-kvonun qəbuledilməzliyi barədə həmsədr ölkə başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatları Polad Bülbüloğlunun xatırlatması tamamilə yerinə düşür. Gəlin, nəzərə alaq ki, bu bəyanatlar 2016-cı ilin aprel döyüşlərindən əvvəl verilib. Aprel döyüşlərindən dərhal sonra həmin bəyanatlar daha gur səsləndirildi. Amma münaqişəyə münasibət həmin ölkələrin həmsədrləri və dövlət başçıları tərəfindən dəyişildi. Yəni, eyni titulu daşıyan şəxslər bu haqda danışarkən daha “işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi”ndən yox, yalnız “münaqişənin sülh yolu ilə nizamlanması”ndan danışmağa başladılar. Bu çox ciddi məsələdir. Belə dönüşün mənası Azərbaycana yaxşı məlumdur və Qarabağın dağlıq hissəsində Ermənistanın yaratdığı rejimin legitimliyinə hesablanıb. Aydındır ki, bu işdə həmsədr ölkələr əsas rolu öz üzərlərinə götürüblər. Bu səbəbdən, əgər diqqət etsək, görərik ki, Azərbaycan tərəfi ən yüksək səviyyədə daha qətiyyətlə “ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəyik” mesajını dəfələrlə verib. Bu sözlərin sətiraltı mənasını təbii ki, opponentlərimiz də başa düşməmiş deyil:yəni, bizim tarixi ərazilərimizdə bir erməni dövləti artır 1920-ci ildə yaradılıb, ikincisinə imkan verməyəcəyik.
Bununla yanaşı Azərbaycan tərəfi sülh prosesinin mahiyyəti üzrə konkret addım atıb və Azərbaycan ərazisində yüksək muxtariyyətə malik qurumun- “Dağlıq Qarabağ Muxtar Respublikası”nın yaradılması imkanının mövcudluğunu bildirib. Bu, substantiv təklif olmaqla yanaşı böyük güzəştdir. Amma həmsədr ölkələr bu konkret təklifin üzərindən sükutla keçdilər. Ona görə ki, onların məqsədi münaqişənin birtərəfli həllinə nail olmaqdır. Bu isə Dağlıq Qarabağdakı qondarma rejimin de-yure tanınmasına yönəlmiş həll yoludur. Görünür, onlar və ermənilər nəhayət Azərbaycanın nə vaxtsa usanacağına və işğalçıların istəklərinə razı olacağına ümid bəsləyirlər. Lakin ntam ciddiyyətlə deyə bilərik ki, yanılırlar. Azərbaycan əlacsız vəziyyətdə qalan dövlətlərdən deyil ki, kimlərinsə fərziyyələrinə çar-naçar yaşıl işıq yandırsın. Ölkənin iqtisadi-siyasi durumu, rəhbərliklə xalqın birliyi, ölkə başçısının ğrazilərimizin bərpası uğrunda apardığı mübarizə bu yolda hər cür təxribatın qarşısını almağa qabildir. Üstəlik, ən cüzi imkan yaranan kimi torpaqların əldə silah azad edilməsi də gündəmin bir nömrəli tapşırığıdır. Həmsədrlərin münaqişənin mahiyyətindən uzaq gəlişmələri də münaqişənin həll yolunu bu mistiqamətə yönəldir.
IKSmedia.az