Azərbaycanın qətiyyəti düşmənimizin və onun havadarlarının əməllərinin nəticələrini yenə heçə endirəcək
Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma rejimin qanunsuz təbliğatını aparan “Arsaxın səsi” musiqi qrupu Almaniyanın Kil, Köln və Hamburq şəhərlərində konsert proqramı ilə çıxış edib. Azərbaycana qarşı təxribat məqsədi ilə baş tutan konsert Ermənistanın Almaniyadakı səfirliyi tərəfindən təşkil edilib. Qrupun təsisçisi Lira Koçaryandır.
Məlum məsələdir ki, qondarma qurumun yaratdığı hər hansı musiqi kollektivi də qondarma bir qrupdur. Üstəlik də, bir qarın çörəyi güclə tapan, ilboyu xarici dövlətlərin qapısında boynunu büküb yardım istəyən fırıldaqçı “ölkə”də yaranmış qrup nə səviyyədə olacaq ki, hələ bir Avropa tamaşaçısına da zövqlü bir konsert təqdim edə bilsin?! Amma erməni xisləti dünyaya konsert yox, yazıq millət olduğunu, hər yanda təqibə məruz qalması haqda uydurmalar yaymağı təsbit edir.
Fikir verin, konsertin təşkilatçısı və təşviqatçısı Ermənistanın Almaniyadakı səfirliyidir. Əgər Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində yaradılmış “dövlət” qondarma deyilsə, niyə onun vəkilliyini Ermənistan edir? Bu fakt Qarabağda yaradılmış qurumun saxta olduğunu sübut etməklə yanaşı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını da təsdiqləyir. Və ən pisi də odur ki, dövlətçilikdən, qanunçuluqdan, hüquq və normalardan danışan Avropa bu həqiqətləri görməzliyə vurur.
Avropa İttifaqında bu işin başında Almaniya və Fransa durur. Çünki, bir neçə gün əvvəl Fransanın Val-dö-Mağn departamentinin Alfortvil şəhərinin bələdiyyəsi Azərbaycanın işğal edilmiş Laçın şəhəri ilə Dostluq xartiyasını təsdiqləyib. Xartiyada Cənubi Qafqazda sülh və çiçəklənmənin bərpasına kömək etməyə çağırışlar yer alıb və qeyd edilib ki, “DQR” və Ermənistan arasında kəsişmə nöqtəsi olan Laçın- coğrafi şəraitinə görə yaxşı inkişaf imkanına malikdir. Sənəddə o da bildirilir ki, bu, artıq doqquzuncu şəhərdir ki, “DQR”in hər hansı şəhəri ilə qardaşlaşır. Laçın adının sənəddə xatırlanması bələdiyyə işçiləri olan bu kiçik fransız məmurlarının məsələnin əsl mahiyyətindən hali olduqlarının sübutudur. Lakin reallığı bilə-bilə Azərbaycanın suveren hüquqlarını pozmaqda davam edirlər. Eynilə, işğal edilmiş ərazilərin adından ermənilərin Almaniyanın müxtəlif şəhərlərində konsertlər təşkil etmələri də göstərir ki, almanlar da müstəqil dövlətin beynəlxalq hüquq normalarına uyğun prinsiplərini pozmaqdan çəkinmirlər.
Bu faktlar onu göstərir ki, Qərbin demokratiyası və qanunsevərliyi sadəcə, sözdən başqa bir şey deyil. Həm də bu hərəkətləri təhlilin süzgəcindən keçirəndə açıq görünür ki, tək Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da Avropada, xüsusilə də Almaniyada qərəzli siyasət və münasibət hökm sürür. Bunun həm tarixə, həm də mövcud beynəlxalq situasiyaya söykənən əsasları var. Tarixən türk Atillanın Avropanı fəth etməsini avropalılar başda almanlar və fransızlar olmaqla həzm edə bilmir və tamamilə yersiz şəkildə şüursuz düşmənçiliyə varırlar. Mövcud situasiyada isə Türkiyənin getdikcə güclənməsi, əhalisi əsasən türklərdən ibarət olan Azərbaycanın Cənubi Qafqazda liderliyə yüksəlməsi və region üzrə siyasət və iqtisadiyyatda söz sahibinə çevrilməsi, habelə Türkiyə ilə qardaşlıq tellərilə bağlantılar və böyük türk dünyasının dirçəlişini hədəfləməsi Avropa İttifaqının geosiyasi maraqlarına cavab vermir. Bu səbəbdən ələ düşən hər cür imkandan istifadə etməyə çalışırlar ki, bu beynəlxalq təmayülü əngəlləsinlər. Bu kimi süni əngəllərlə tarixin gedişini saxlamaq mümkün olmasa da, hər halda inkişafda ləngimələrə səbəb ola bilir. Lakin hələ nə bir dövlət, nə də dövlət başçısı tarixin çarxını döndərməyə nail olub. Vaxt gələcək, saxtakarlar öz əməllərinə görə cavab verəcəklər. Konkret fakt üzrə isə, Azərbaycan bayrağının Xankəndi şəhərində dalğalandığı gün işğalçılar və onların havadarları üçün “Dantenin cəhənnəmi”nə çevriləcək.
IKSmedia.az