AXTAR

Dünya İŞİD-in əlində aciz duruma düşüb?

ishid

 

“İraq Şam İslam Dövləti” həqiqət deyil, həqiqəti gizlədən illüziyadır

Dünya qan ağlayır. İŞİD-in Suriyada dağıtmadığı şəhər qalmayıb. Avropada terrorlar törədir, Yaxın Şərqdə at oynadır. İndi də gəlib İrana çatıb. Necə olur ki, bütün dünya bu terror təşkilatına qarşı çıxır, amma neçə ildir ən güclü dövlətlər bununla bacara bilmir?
İŞİD barədə çox deyilib, çox yazılıb, kəşfiyyat materialları, siyasi bəyanatlar dərc olunub, müharibə mesajları verilib. Bunlara baxmayaraq, terrorçuların axırına çıxmaq, köklərini kəsmək mümkün olmur ki, olmur. Bu terror təşkilatı meydana çıxana qədər indi onun vuruşduğu ərazilərdə kimlər vardı? Başda ABŞ olmaqla dünyanın ən güclü 30 dövlətinin birləşdiyi koalisiyanın hərbi qüvvələri və bu qüvvələrin viran qoyduğu İraq ərazisi. 30 hücüm edən və bir müdafiə olunan dövlətlərin müharibəsi əslində, əhatə dairəsinə görə kiçik dünya müharibəsi idi. İraq ilhaq olundu, müharibə qurtardı, sanki “demokratiya” “diktatura”nı əzdi, “haqq-ədalət” bərpa olundu və neft... əlaltdan su qiymətinə bazarlara axmağa başladı. Bazarlarda isə çox yüksək qiymətə satıldı.
Bunun ardınca Qərbdə iqtisadi böhran başladı. Bu, real müharibədən də dəhşətli silah idi. Avropa təbəddülatlar meydanına çevrildi. Avropa İttifaqının üzvləri olan Yunanıstan, Portuqaliya, İspaniya iqtisadi defoltun bir addımlığına qədər yaxınlaşdılar. Aİ qurumları təşviş içərisində necə mübarizə aparacağını kəsdirə bilmirdi. Vəziyyətin gərginliyi kimin kim olduğunu üzə çıxardı. Almaniya kredit siyasətini Yunanıstanın bədbəxtliyi üzərində quraraq daha da varlandı. Digər Avropa dövlətlərinin alfonsluğundan cana gəlmiş Böyük Britaniya çoxdan qəlbində yaranmış narazılığı üzə çıxartdı, Brexit baş verdi. Rusiya vəziyyətdən istifadə edib Avropaya kəmənd atdı, “qaz siyasəti” ilə onu qarmağa keçirməyə çalışdı. Belə bir vəziyyətdə zəngin karbohidrogen ehtiyatlarına malik “Ərəb dövlətləri”nin rolu və var-dövləti artdı. Artıq onların başını köhnə silah-sursatla sığallayıb təbii ehtiyatlarını daşımaq problemə çevrilmişdi. Çünki, dünənə qədər asılı dövlətlər müstəqil siyasət yürüdürdülər. Bu isə dünənki hegemonların ürəyincə deyildi. Çünki, həmin inkişaf etmiş ölkələrin iqtisadi vəziyyəti pisləşməyə başlamışdı. Bu isə hakimiyyət dəyişiklikləri, hökumətlərə qarşı narazılıqların artması, nüfuzun itirilməsi demək olardı. Aranı qarışdırmaq lazım idi.
Belə bir situasiyada qəfil İŞİD meydana çıxır. Özü də viran qalmış İraqda (!). Və xarabalıqlar içərisində yaxşı təlim görmüş, güclü silahlarla təchiz olunmuş terror dəstələri yaranır (?). Sonra da bir-birinin ardınca ölkələrdə terror yolu ilə ərazilər həyata keçirməyə, açıq terrorçu dövlət yaratmağa başlayır. İndi haqlı sual oluna bilər ki, xaos içərisində bu dərəcədə mütəşəkkil hərbi qüvvənin yaranması nə qədər inandırıcıdır?! ABŞ, Aİ, Rusiya kimi supergüclər bu terrorçuların öhdəsindən gələ bilmirlər. Demək, elə bu dövlətlərin, daha çox isə ABŞ və Aİ-nin iştirakı və dəstəyi ilə bu təşkilat yaranıb. Adının İraq Şam İslam Dövləti qoyulması isə dünyanın ən zəngin regionunu dağıdıb talamaq və üzərində hökmralıq etməkdir. Faktlar da bunu sübut edir. İŞİD-çilərin ilk təlimatçıları Qərb ölkələrinin nümayəndələri olub. Təşkilatın struktur və fəaliyyət proqramı da Qərbdə tutulub. Bir neçə il ərzində ABŞ Rusiyanı və Türkiyəni, Türkiyə Qərb ölkələrini, Rusiya isə ABŞ-ı, bəzi dairələr Səudiyyə Ərəbistanını İŞİD-i dəstəkləməkdə günahlandırıb. Amma bu ittihamların əksəriyyəti üzrə əldə fakt yoxdur. Ancaq ABŞ və Aİ ölkələrinin İŞİD-ə qarşı “vuruşan” hərbi dəstələri dəfələrlə silah-sursatı və ərzağı “səhvən” terror təşkilatının düşərgələrinə atıblar. Bu da özlüyündə çox mətləblərin üzərinə işıq salır.
İndi Qətər məsələsi ortaya çıxıb. Bu dövləti terrorçulara dəstəkdə suçlayırlar. Proses ərəblərin öz içərisindən başlayıb. Əslində isə hamı bilir ki, meydanda vuruşub həlak olan döyüşçülər, özünü kütləyə vurub partladan terrorçular olsa da, İŞİD deyilən və dövlət qurmaq istəyən konkret qüvvə yoxdur. Bu ad altında müxtəlif istiqamətlərdən regiona atılan dəstələr var ki, bunlar da onların arxasında dayana qüvvələrin mənafeyini güdür. Təbii ki, milli azlıqlara dövlət vədi verib qızışdıranlar da mövcuddur. Bunlar ABŞ və Rusiyadır ki, onlar kürd kartından yararlanmağa və onların əlilə Türkiyəni enib, regionda ikili hakimiyyətlərini yaratmaq istəyirlər.
Bu qarışıqlıq onun nəticəsidir ki, konkret İŞİD yoxdur, o, illüziyadır, ortada müxtəlif qüvvələri təmsil edən terrorçu qrupları və bunlara qarşı öz azadlıqlarını qorumağa çalışan yerli azsaylı xalqların dəstələri var. Buna görə də İŞİD yaşayır, viran qoyur və onunla hələlik bacarmaq mümkün deyil.
IKSmedia.az

Oxşar məqalələr