Sənədin mətni ilə fəaliyyətin məzmunu uyğun gəlirmi?
“Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda beynəlxalq hüquqa uyğun olaraq siyasi həllə ehtiyacı var”. Bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib. O, status-kvonun dayanıqlı olmadığını vurğulayıb: “Aİ ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir”.
Aİ-nin bu və ya digər yetkilisinin, yaxud hər hansı komitəsinin bu səpkidə bəyanatı birinci dəfə deyil ki, verilir. Biz hələ rəsmi qəbul edilmiş sənədləri demirik. Əgər ən səlahiyyətli beynəlxalq təşkilat olan BMT-nin Qarabağın işğalı ilə bağlı aydın və dəqiq mövqe ifadə edən müvafiq 4 qətnaməsinin 20 ildən çox müddətdə kağız üzərində qaldığını nəzərə alsaq, onda Mogerininin bəyanatının nə ilə nəticələnəcəyini indidən proqnozlaşdırmaqda çətinlik çəkmərik. Həm də bu cür bəyanatlar adətən Azərbaycanın haqqını tələb edərək fəallaşdığı dövrlərə təsadüf edir. Keçən ilin aprel ayını yada salmaq kifayətdir. Birbaşa münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrləri daxil, həmsədr ölkələrin rəhbərləri də status-kvonun aradan qaldırılmasının vaxtı çatdığı barədə həyəcanlı bəyanatlar yayırdılar. Hətta əl-ayağa düşüb Sankt-Peterburqda və Vyanada görüş də təşkil etdilər. Axırı nə oldu? Ermənistan hökuməti bütün bunları sadəcə, qulaqardına vurdu və münaqişənin həllində özünü etalon kimi təqdim edən dövlətlərə saymazyanalıq etdi. Bu səbəbdən bizcə Federika Mogerini və Avropa İttifaqının digər səlahiyyətliləri qərarları yerinə yetirməyən Ermənistana sanksiyaların tətbiq edilməsini təklif və tələb etməlidirlər.
Müdrik bir məsəldə deyilir ki, “od olmasa, tüstü çıxmaz”. May ayının 16-da cənhədə erməni silahlı qüvvələrinin mexanikləşdirilmiş bölmələrindən biri cəbhə atəş açmaq üçün açıq mövqeyə çıxarılan zaqman Azərbaycan Ordusunun müvafiq bölməsi tərəfindən sərrast atəşlə məhv edilib. Bu faktdır. Həm də Azərbaycanın bütün dövlətlər tərəfindən təsbit edilən ərazisində baş verib. Bu haqda Azərbaycan Müdafiə Nazirliyi dərhal məlumat yaydı. Lakin Rusiyanın himayədarlığına arxalanan düşmən tərəf faktı təkzib etməsə də əsgər itkisinin olmadığını, əsgərlərimizin atdıqları mərmilərdən yalnız birinin hədəfi yüngülcə zədələdiyini bildirdilər. Amma üstündən bir həftə keçəndən sonra erməni mətbuatı həqiqəti “erməni generalitetinin başısoyuqluğu vecsizliyi və cinayətkar susqunluğu” başlığı ilə dərc etdiyi materialda hər şeyi etiraf etdi. Məqalədə bildirilirdi ki, faktın Azərbaycan tərəfinin təxribatı adlandıran ölkə rəhbərliyi bu cür faktları həmişə xalqdan gizlədib. İndi Ermənistanda əhali düşünür ki, özgə torpağında erməni əsgərlərinin ölümünün gizlədilməsi ölkə rəhbərliyinin ən yüksək eşalonundan verilən əmrlərlə baş tutur. “Hadisənin baş verdiyi videonu izləyəndə açıq-aşkar görünür ki, “Osa” zenit-raket kompleksi və onun heyəti sərrast atəşlə məhv edilib”-deyə, məqalə müəllifi erməni müdafiə nazirliyinin yalanını ifşa edir. Və belə bir vaxtda yenə Aİ yetkilisi dərhal status-kvonun dəyişdirilməsi lüzumundan danışır. Çünki, münaqişə barədə danışanlar (iş görənlər, haqqı müdafiə edənlər yox!) Azərbaycanın səbr limitinin sona yetdiyinin fərqinə varır və hər vəchlə mövcud vəziyyəti qoruyub saxlamağa çalışırlar. Buna görə də Mogerininin etirafının nəyisə dəyişəcəyinə inam bəsləməyinə dəyməz, amma Azərbaycan Ordusunun düşmənin hər xırda tərpənişinə ciddi zərbə ilə cavab verilsə, onda sözdən işə keçməyin əsası qoyula bilər.
IKSmedia.az