AXTAR

Xarici işlər nazirlərinin sürpriz ümidinə qalan görüşü

memmedyarov lavrov nalbandyan məmməd

 

Moskvanın imitasiyası, yoxsa münaqişənin həllinə yönəldilmiş real cəhdi

Bu gün Rusiyanın paytaxtında reallaşması gözlənilən Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən ekspertlər ciddi heç nə gözləmirlər. Səbəb çox sadədir: uzun illər ərzində keçirilmiş görüşlərdən indiyədək bir nəticənin hasil olmaması sadə adamlardan tutmuş siyasətçilərə qədər hamıda bu görüşlərə skeptik yanaşma formalaşdırıb. Görüşün yalnız bircə özəl xüsusiyyəti var: Minsk Qrupunun həmsədrləri olmadan münaqişənin dominantı sayılan Rusiyanın patronajlığı ilə keçirilir.
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markovun şərhi müəyyən mənada daha konkretdir: “Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir. Bu görüş Ermənistanın ya münaqişənin “Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək”. Politoloqun qeyd edir ki, “Axı hamımız anlayırıq ki, Bakı sülh perspektivlərini görməyəcəksə, başqa variantlara üz tutmağa məcbur olacaq. Bu baxımdan, Moskvada keçiriləcək görüş çox əhəmiyyətlidir”.
Putinin köməkçisinin yenidən “Kazan düsturu” adlandırdığı variantın görüşdə stol üzərində olacaqğı haqda fikirlərini şərh etmək çətindir. Amma ola bilsin ki, həqiqəti əks etdirsin. Çünki, onun fikrincə, prinsip etibarı ilə tərəflər bu həll variantına razılıqlarını çoxdan veriblər, hərçənd bəzi nüanslar hələ də qalır: “Ermənistanın sükutu onunla bağlıdır ki, Moskva və Bakı çoxdan “Kazan düsturu” əsasında həll variantına razıdır. Əlbəttə, Moskva və Bakının mövqeləri arasında da fərqlər mövcuddur, lakin burada ümumi olaraq, ciddi sıçrayışa səbəb olacaq konstruktiv danışıqlardan söhbət gedir. Ermənistan indi çətin vəziyyətdədir. İrəvanda bəziləri danışırlar ki, “Kazan düsturu”na razılaşmaq lazımdır, digərləri bu mövqeyi qəti rədd edir və danışıqların kəsilməsini istəyir. İrəvandakı daxili nizamsızlıq qeyri-müəyyənlik yaradır”.
Ümumiyyətlə, S.Markovun sözlərindən belə çıxır ki, bu gün Moskvada ya sülh əldə olunacaq, ya da müharibə anonsu veriləcək.
Ermənistanın “168 jam” saytına müsahibə verən Rusiyadakı ermənipərəst “Reqnum” informasiya agentliyinin analitiki Stanislav Tarasov isə əsl erməni xislətində qeyri-ciddi yanaşma nümayiş etdirib: “Nazirlər konyak içib, nərd oynayıb, hava haqda danışıb dağılışacaqlar”. Erməni mətbuatının digər məlumatına görə, Oksford universitetinin siyasət və beynəlxalq münasibətlər kafedrasının profüssoru, politoloq Nil Makfarleyn də bu görüşdən heç nə gözləmir, lakin buna baxmayaraq bildiri ki, görüş MQ həmsədrləri tərəfindən çoxdan planlaşdırılır və gözlənilirdi. Buna sübut kimi o, Riçard Hoqlandın İrəvandakı mətbuat konfransında səsləndirdiyi yüksək səviyyədə görüşün hazırlanması haqda fikrinə əsaslanır.
“Kazan düsturu” yaxud indi bəzən “Lavrov planı” adlandırılan variant 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Kazanda keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra gündəmə gəlib. Bu variant ilkin mərhələdə işğal olunmuş rayonların qaytarılmasını, qaçqınların geri dönüşünü, daha sonra Qarabağın yekun statusunun müzakirə edilməsini nəzərdə tutur. Rusiya bununla öz sühməramlılarını da bölgəyə yerləşdirmək istəyir.
Açığı, indiyədək söylənilən ümidverici proqnozlar doğrulmadığı üçün bu görüş barədə cəsarətli nə isə demək mümkün deyil. Ancaq, ABŞ-ın yeni administrasiyasının davranışları fonunda Rusiyanın təkbaşına görüş keçirməsi hansısa ddımların atılacağı məsələsini qabardır. Məsələn, Baltikyanı ölkələrdə Qərbin hərbi potensialının artması qarşıdakı illərdə Rusiyanın daha qaynar məsələləri həll etməsini ehtimallaşdırır. Buna görə də həm Ukraynada, həm Moldovada və həm də Qafqazda qaynar nöqtələrin qalması artıq Rusiyanın siyasətini çətinə sala bilər. Bu səbəbdən güman olunur ki, Moskva görüşün rasional keçməsi üçün çalışsın və heç kimin gözləmədiyi sürpriz nəticə versin. Amma bir şey aydındır ki, hər bir həll variantında Rusiyanın mənafeyi təmin olunacaq.

İKSmedia.az

Oxşar məqalələr