Düşmən tərəf nəinki verdiyi sözləri yaddan çıxarıb, hətta bu gün üzbəsurət danışıqlardan da təkidlə qaçır
“Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar münaqişənin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır”. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun söylədiyi bu fikirlər Qarabağ danışıqlarına aid bugünkü reallığı əks etdirir. Amma diplomatik tonla deyilmiş firkin bir detalıна хцсуси диггят йетирмяк лазым эялир. Söhbət görüş haqda Putinin təşəbbüsündən gedir. Rusiya prezidentinin təşəbbüsündən danışmaq məsələnin mahiyyətini xeyli dərəcədə yumşaldır. Bu, əslində, zərurətdən irəli gələn məcburi atılmış addım idi. Ermənistanın xahişi (oxu:yalvarışı) ilə Rusiyanın məcburi addım atmasının səbəbi isə düşmən təxribatlarına cavab olaraq Azərbaycanın bir istiqamətdə alovlandırdığı döyüşlərin bütün cəbhə boyu yayılması qorxusu idi. Hər nə isə, Sankt-Peterburq görüşündə Azərbaycanın hücumu dayandırmaq üçün bir şərti var idi: sülh danışıqları ardıcıl davam etdirilsin və işğal faktının aradan götürülməsi ilə nəticələnsin. Təbii ki, Dağlıq Qarabağda yaşayan ermənilərin arzularına uyğun olaraq onlara geniş özünüidarə hüququnun verilməsi də vəd olunmuşdu.
O vaxtdan bir il keçib. Azərbaycan dəfələrlə rəsmi görüşlərdə və beynəlxalq forumlarda verdiyi vədi unutmadığını və yerinə yetirəcəyini xatırladıb. Amma Ermənistan tərəfi nəinki verdiyi sözləri yaddan çıxarıb, hətta bu gün üzbəsurət danışıqlardan da təkidlə qaçır. Bu hal isə paradoksal vəziyyət yaradır. Çünki, bütün dünya bilir və qəbul edir ki, Ermənistan Rusiyanın forpostudur. Forpost dövlətin başçısı isə ağasının sözündən heç vaxt çıxmır. Belə olan təqdirdə ya Ermənistan Rusiyanı saya salmır, ya da elə Rusiyanın göstərişini yerinə yetirir. Söz yox ki, ikinci variant daha məqbuldur. Çünki, Ermənistanda baş verənlər sübut edir ki, Rusiya ilə Ermənistan arasında “forpostluq” institutu uğurla davam edir. Bir neçə gün əvvəl baş tutmuş parlament seçkiləri bunu sübut edib.
İndi gözləmək olar ki, münaqişədə “baş yengə” rolunu oynayan Rusiya Sankt-Peterburq görüşündə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün özündə cəsarət tapacaq. Belə ki, status-kvonu saxlamaq onun geostrateji marağına nə dərəcədə cavab verirsə, sözünü tutmaması, supergüc dövlət statusuna uyğun olaraq böyüklük missiyasını yerinə yetirməməsi bir o qədər beynəlxalq imicinə xələl gətirir. Digər tərəfdən hazırda Rusiya Qafqaz regionunda Türkiyə və İranla münasibətlərini yeni səviyyəyə qaldırmaqla yaxşı mövqeyə malikdir və yerini möhkəmləndirmək üçün Qarabağ müharibəsinin aradan qaldırılması onun üçün ehtiyaca çevrilmiş kimi görünür. İşğala son qoyulması ilə iki ölkə arasında müharibənin bitməsi Rusiyanın regionda etibarlı tərəfdaş olmasına yalnız yardım edər. Lakin təəssüf ki, imperiya ambisiyaları hələ də Rusiyanı özündən asılı vəziyyətə salır və onu konstruktiv addımlar atmaqdan çəkindirir. Hər bir halda düşünürük ki, Rusiya Azərbaycanın dostluq münasibətlərinə və etibarlı tərəfdaşlığına qarşılıqlı cavab verəcək və Ermənistanın danışıqlar stoluna, həm də pozitiv əhval-ruhiyyədə qatılmasına təsir edəcək.
Hadisələrin bu məcrada inkişaf etməməsi isə Azərbaycanı müharibə vasitəsinə əl atmağa məcbur edəcək. Çünki, artıq vədə keçib və Azərbaycan silaha əl atanda onu qınayan olmayacaq. Hətta Rusiya da bu işdə əl-qolu bağlı vəziyyətdə qalacaq.
İKSmedia.az