Türkiyəyə qarşı sərgilənən faşizm siyasəti qitəni daxildən zəiflədir
Qərbdə, xüsusən də Avropada yaranmış son vəziyyət burada Türkiyəyə qarşı açıq düşmənçilik olduğunu göstərir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu fonda Avropanı faşizmə yuvarlanmaqda ittiham edib. Bəs, görəsən Avropanın Türkiyə ilə dərdi nədir və nədən bu ölkəyə qarış qərəzli mövqeyindən əl çəkmək istəmir? Axı, belə vəziyyət Avropanın özünə də ziyan edir.
Qəribə burasındadır ki, Avropanın Türkiyə dərdinin başında Almaniya durur. Məsələnin qəribəliyi ondadır ki, birinci və ikinci dünya müharibələrində bu iki ölkə müttəfiq olublar. Düzdür, Türkiyə diplomatiyası heç vaxt ehtiyatı əldən buraxmayıb. Yəni, almanların təhriklərinə aldanıb hansısa dövlətə qarşı təkbaşına, başqa sözlə, birtərəfli qaydada müharibə etməyib və hətta haqsız müharibələrə qoşulmayıb. Bununla da Türkiyə beynəlxalq münasibətlər müstəvisində ölçü-biçini gözləyib, heç vaxt regionun, yaxud dünyanın jandarmı rolunu oynamaq arzusuna düşməyib. Ancaq üstündən xeyli müddət keçəndən sonra belə görünür ki, almanların türklərlə müttəfiqlik missiyası tərəfdaşlıq yox, əslində, türkləri təxribata çəkib məhv etmək məqsədini güdürmüş. Artıq tarixin geridə qalmış dövründən aydın görünür ki, almanların hazırladığı təxribatlar baş tutmayıb. Lakin İkinci Dünya Müharibəsindən sonra bütün dünyada dəqiqliyi ilə ad çıxarmış bu xalqın siyasətdəki qeyri-dəqiq hesablamaları onun öz başına bəla olub. Belə ki, iki dünya müharibəsini başlayıb sonda məğlub duruma düşən ölkədə əmək ehtiyatları o dərəcədə azalıb ki, işləməyə adam tapmayıblar. Tarixin bu böhranlı dövründə onlar yenə də Türkiyəyə üz tutublar. Xüsusi qanun qəbul edərək türklərin Almaniyaya işçi qismində mühacirətlərinə yaşıl işıq yandırıblar. Kütləvi şəkildə Avropanın bu şimal ölkəsinə axın edən türklər iqtisadiyyatın yüksəldilməsində böyük rol oynamaqla yanaşı, yerli camaatla da qaynayıb qarışıblar. Amma işləri düzələndən sonra yenə köhnə məkr özünü göstərib. Niyə? Çünki, özündənrazı avropalılar bir müsəlman dövlətinin Avropa qitəsində ön mövqeyə çıxmasından qorxur və bunu qəbul edə bilmirlər.
Hələ Atilla dövründən Avropa xalqlarının türklərə qarşı formalaşmış nifrəti onların qəlblərini didib parçalayır. Bu nifrət siyasiləşdiyindən və siyasətin predmetinə çevrildiyindən xalqlar nə qədər ali təfəkkürə doğru yüksəlsələr də siyasətçilər bir o qədər qorxu girdabına yuvarlanırlar. İnkişaf etmiş Türkiyə bunların gözünə qəbirqazıyan kimi görünür. Buna görə də kürdləri təlimatlandırıb və silahlandırıb Türkiyə hökumətinə qarşı terrora yönəltməklə rəqiblərini zəiflətmək cəhdlərindən əl çəkmirlər. Bu fonda isə özləri istəmədən faşizmə yuvarlanır və ölkələrində faşist təbliğatı aparırlar. Bu yaxınlarda Almaniyanın federal kansleri Angela Merkelin öz ölkəsində izdiham tərəfindən hitlersayağı “Hayl Merkel” deyə salamlanması buna misaldır. Bu səbəbdən də Avropada islamofobiya və türkofobiya yanaşı inkişaf edir. Təsadüfi deyil ki, 50 ildən çoxdur Avropa İttifaqı Türkiyəyə “gəl-gəl” deyə-deyə onun ittifaqa daxil olmasını əngəlləyir. Terror və dövlət çevrilişinə cəhdlərlə Türkiyənin parçalanmasına nail ola bilməyən bir sıra Avropa ölkəsi artıq açıq düşmənçilik yoluna keçiblər. Bu isə Türkiyəni siyasətində dəyişiklik etməyə yönəldir. Martın 25-də prezident Rəcəb Tayyip Ərdoğan Antalyadakı çıxışı zamanı deyib: “Respublikanın Avroittifaqa daxil olması üzrə danışıqların davam etdirilməsi barədə ümumxalq səsverməsi keçirilə bilər”. Bu, Avropanın sərgilədiyi münasibətə verilən məntiqi cavab olardı.
İKSmedia.az