AXTAR

İnancla terroru eyniləşdirmək siyasi fırıldaqçılıqdan irəli gəlir

terrorist

 

Axar su ləkə götürmədiyi kimi, İslam da böhtanı qəbul etmir


Artıq neçə illərdir ki, “İslam terrorçuları” ifadəsi qərbli analitiklərin dilindən düşmür. Onlardan bəziləri sadəcə, baş verənləri, görüb-eşitdiklərini qələmə alsalar da böyük əksəriyyəti siyasətin “qulu” rolunda çıxış edir və ağalarının göstərişləri ilə məlum siyasətin həyata keçirilməsində iştirak edirlər. Nədir bu siyasət?
Tarixdən məlumdur ki, vaxtilə xristian səlib yürüşləri dünyanı lərzəyə salıb. Bu yürüşlər yalnız xristianlığı yaymaqla kifayətlənməyib, din pərdəsi altında ölkələri və xalqları fəth edərək əldə etdikləri qənimətləri öz vətənlərinə daşıyıb, habelə tutduqları yerlərdə əhalini istismar edərək varlanıblar. Bu yolla Qərb sivilizasiyası adlanan ölkələr taladıqları var-dövlətdən indiki ifadələrlə desək, investisiya şəklində istifadə edib və inkişafa doğru irəliləyiblər. Ancaq zaman geçdikcə tarix hər şeyi yerinə qoyur. Vaxtilə koloniya olmuş ölkələr müstəqilləşib, yaratdıqları var-dövləti özlərinə sərf edib, onları istismar edənlərlə bərabər hüquqla əlaqələr qurmağa başlayıblar. Bu isə təbii ki, imperialist dairələri qane etmir. Üstəlik, həddən ziyadə varlanmış və inkişaf etmiş bu ölkələrdəki siyasi qruplar hakimiyyət uğrunda mübarizədə pulun gücündən yararlanmağa çalışır. Lakin yaşadıqları ölkələrin hüquqi normalar və qanunlar buna imkan vermir. Onda üz tuturlar daha az inkişaf etmiş və o cümlədən müsəlman ölkələrinə. Müxtəlif siyasi proqramlar tərtib edir, müsəlman xalqların nümayəndələrini şirnikləndirib öz ölkələrinə aparır, orada istismar etməklə bərabər, incə üsullarla əlaltı kamikadzelərə çevirir və terror hadisələrində istifadə edirlər. İş belə gətirib ki, dünyanın siyasi xəritəsində müsəlman ölkələrinin əksəriyyətində təbii sərvət kifayət qədərdir. İmperialistlərin əsas hədəfi də bu ölkələrdir. Məntiqi surətdə həmin ölkələrdə suyu bulandırmaqla istədiyinə nail olmaq üçün terror “gözəl” vasitədir.
Məsələnin bu cür təsviri bəsit olduğu qədər də həqiqətdir. Müsəlman terrorçu yetişdirib İslamı günahlandırmaq ən azı dinin, o cümlədən elə xristianlığın da mahiyyətini təhrif etməkdir. Təəssüf ki, imperialist dövlətlərin müsəlman ölkələrində apardığı siyasət geniş xalq kütlələrinin savadlanmasının qarşısını alıb və bu səbəbdən həmin insanlar arasında İslam mənəvi yüksəkliyin təcəssümü səviyyəsində yox, cəhalət səviyyəsində dərk olunub. Lakin bəşər tarixində evolusion inkişaf yolu keçən və son olaraq İslam dəyərləri səviyyəsinə çatan din eyni zamanda elmi konsepsiya kimi formalaşıb. Bəli, indiyədək mövcud olanlar arasında ən elmi, ən humanist və real dəyərlərə əsaslanan din İslamdır. Belə bir dinə terrorçu damğası vurmaq və lənətləmək özü günah işdir.
Bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilmiş XIII Sammitində Azərbaycan Prezidenti İlham Əliyev deyib: “İslamı terrorla əlaqələndirmək yanlış yanaşmadır. Ölkəmiz bu yanaşmanın aradan qalxması istiqamətində fəal iş aparır”. Ölkəmizdə dini-mənəvi dəyərlərə verilən qiymət və mədəni irsin qorunması sahəsində həm ölkədə, həm də dünyada aparılan siyasət bu fikirlərə aydın nümunədir. Azərbaycan İslam ölkəsidir, amma İslam dövləti deyil. Buna baxmayaraq, İslamın ali mənəvi dəyərlərinə hər cür hörmət və qayğı var. Məsələn, insan inanclarında ayrı-seçkiliyi rədd edən İslam dininin qaydaları dövlət tərəfindən bütün çalarları ilə qorunur. Azərbaycanda dünyanın sənət inciləri ola biləcək yüksək arxitekturalı məscidlərin tikilməsi ilə yanaşı, vaxtilə ölkə ərazisində olmuş xristian, katolik, pravoslav və digər dini məbədlər də dövlət tərəfindən əsaslı təçir olunub inanclıların istifadəsinə verilir və mədəni abidə kimi qorunur. İslam humanizmi kontekstində çıxış edən Azərbaycan xristian ölkəsi olan Fransada kilsə və dünyaca məşhur Luvr incəsənət muzeyinin bərpasını həyata keçirir. Xristianlığın mərkəzi Vatikanda aparılan təmir-bərpa işlərinin ictimai-mənəvi dəyərinin miqyası isə ölçüyəgəlməzdir. Bu işləri planlaşdıran və həyata keçirən insanlar müsəlmanlardır. Belə olan halda “İslam terroru” ifadəsini hansı əsaslarla işlətmək olar.
İndi inkişaf etmiş ölkələrdə Azərbaycanın multikultural və multikonfessial dəyərləri cəmiyyətlərə nümunə kimi təqdim olunur. Bu, sadə məsələ deyil. Gəlin, fikirləşək ki, əhalisinin 95 faizi müsəlman olan ölkə əhalisinin 95 faizi xristian və ya digər inanclı ölkəyə məhz dinə münasibət üzrə nümunə göstərilir. Belə olan təqdirdə Azərbaycan İslam sözünün terrorizmlə yanaşı çəkilməsini qəbul edə bilərmi? Əsla! Yuxarıda sadaladıqlarımız faktlar da məhz bu yanaşmanın təzahürüdür.
“İslam Həmrəylik İli”nin bir çox tədbirləri, o cümlədən İslam Həmrəylik Oyunları bu istiqamətdə görülən işlərə sanballı töhfə olacaq. Düşünürük ki, Azərbaycan prezidentinin İslamabadda irəli sürdüyü təklifə müsəlman ölkələri yekdilliklə qoşulacaqlar.

IKSmedia.az

Oxşar məqalələr