Moskvada səfərdə olan Azərbaycan xarici işlər naziri elmar Məmmədyarov Rusiya XİN-in Diplomatiya Akademiyasında çıxış edib və Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bəzi təfərrüatlarını açıqlayıb. Eyni zamanda bildirib ki, hazırda danışıqlar getmir, çünki Ermənistan ötən il tərəflərə təqdim edilən planı imzalamaqdan imtina edib.
Nazir münaqişənin bu günə kimi həll edilməməsinin regionun inkişafına əsas maneə olduğunu söyləyib: "Artıq 30 ilə yaxındır həm Azərbaycan, həm də Ermənistan bu problemlə üz-üzə qalıb. Dünən biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını detallı müzakirə etdik. Təkcə biz nazirlər yox, Azərbaycan və Rusiya prezidentləri də görüşlərində bu məsələni mütəmadi müzakirə edirlər".
Məmmədyarov deyib ki, ötən ilin avqustunda Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərini görüşə dəvət edərək Dağlıq Qarabağ probleminin həllinə dair dönüş yaradan hansısa elementlər tapmağa çalışdı. “Təəsüf ki, bu səylər yerində sayır. Hər şeydən əvvəl etiraf etmək lazımdır ki, burada siyasi iradə lazımdır. Düzünü deyim ki, hazırda danışıqlar aparılmır. Ermənistan ötən il sənədi imzalamaqdan imtina etdi”-Məmmədyarov deyib.
Azərbaycan xarici işlər naziri bildirib ki, nizamlamanın hansı plan üzrə irəli gedə biləcəyi aydındır. Onun sözlərinə görə, münaqişə ilə məşğul olan adamlar üçün planın istiqamətləri sirr deyil. Belə ki, nizamlama mərhələli şəkildə mümkündür. Məmmədyarov nizamlama planında ən mürəkkəb, eyni zamanda ən vacib məsələnin təhlükəsizlik məsələsi olduğunu deyib. “Qoşunlar öz kazarmalarına qayıtmlıdır. Yəni Ermənistan öz qoşunlarını Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan Dağlıq Qarabağ Muxtar Vilayətinin sovet dövründəki inzibati sərhədlərinə geri çəkir, bundan sonra həmin inzibati sərhəddə beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilir. Bu, məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaradır. Məlum olduğu kimi işğal edilmiş ərazilərdə etnik təmizləmə aparılıb. Paralel olaraq dəmir yolları açılır, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr bərpa olunur, o cümlədən regional planda”-Məmmədyarov deyib.
Nazir əlavə edib ki, Dağlıq Qarabağın yekun statusu sona müəyyən edilməlidir. “İndi biz danışıqları bu anlayışla davam etdiririk ki, günlərin birində Dağlıq Qarabağın yekun statusuna dair qərarın qəbul edilməsinə gəlib çıxa biləcəyik”-Məmmədyarov bildirib.
Qoşunların təmas xəttində yaşanan gərginlikdən danışan Azərbaycan XİN başçısı bildirib ki, təmas xəttində insidentlərin araşdırılması üzrə monitorinqin aparılması ilə Azərbaycan tərəfi razıdır: "Deyirlər ki, gəlin qoşunların təmas xəttində insidentlərin araşdırılması üçün monitorinq quraq. Biz də deyirik ki, buyurun. Lakin bu, böyük planın tərkib hissəsi olmalıdır. Ermənistan qoşunları həmin ərazilərdən çıxsın, sonra bunu edək. Qoşunlar orda olduğu müddətdə əlbəttə ki, insident də baş verəcək".
“Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb” deyən Elmar Məmmədyarov bildirib ki, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".
Xatırladaq ki, ötən il Rusiya prezidenti Vladimir Putinin tərəflərə Dağlıq Qarabağ ətrafındakı 5 rayonunun qaytarılmasını nəzərdə tutan plan üzrə anlaşma təklif etdiyi haqda mötəbər mənbələrdən məlumatlar yayılmışdı. Lakin indi Məmmədyarovun açıqladığı kimi Ermənistan həmin plandan imtina etdi. Məlumatlara görə Sərkisyan bunu onunla əsaslandırıb ki, ərazilərin qaytarılmasını nəzərdə tutan hansısa plana razılıq versə Ermənistanda güclü etirazlar baş qaldıracaq.