AXTAR

“Qarabağ dəftəri”ndən fraqmentlər

xocali soy

 

MÜDHİŞ GECƏNİN ƏZABLI SƏHƏRİ

və yaxud qəlbimizin Xocalı dərdi

Ağdam, 26 fevral 1992-ci il.
Həmin gün hava günəşli idi. Qışın ayazı sir-sifətimizi göynətsə də bunu hiss etmirdik. Dərd qoymurdu bizə göynərtini hiss etməyə, çünki dərdimizin göynərtisi duyğularımızı keyitmişdi və əzabdan qıvrılan simamız qabar bağlayıb hissizləşmişdi.
Həmişə qələbəlik olan küçələrdə adamların sırası seyrəlmişdi. Gözə dəyənlər isə qaş-qabaqları- nın düyünündən qəzəbli görünsələr də gözlərindəki ümidsizlikdən doğan qayğı və təlaş aydın sezilirdi.
Mən 25-indən şəhərdə idim. Qoca valideynlərimə baş çəkməyə gəlmişdim. Gəlişim də çox hövlnak olmuşdu. 24-ündən 25-inə keçən gecə Ağdamın bombalandığını eşidib səhər tezdən yola çıxmışdım. Atam təqaüdçü idi, amma yaxınlaşan fəlakəti mümkün saysa da şəhəri tərk etmək fikrində deyildi. Ümidini evdəki kiçik kalibrli tüfəngə bağlamışdı. Ermənilər başlarına bomba yağdıranda isə şəhərdəki əksər evlərdə olduğu kimi sığınacaq rolunu oynayan zirzəmiyə sığınırdılar.
4 il idi ki, Qarabağ torpağı od-alov içərisində yanırdı. Bir tərəfdən ermənilərin yağdırdıqları bombalar, insanların öldürülməsi, şəhər və kəndlərin viran qoyulması, o biri tərəfdən Rusiya dövlətinin separatçı erməni quldur qüvvələrini müdafiə etməsi, ta SSRİ vaxtından azərbaycanlıların əl-qolunun bağlanaraq vəhşilikdən, quldurluqdan, işğaldan müdafiə hüququnun pozulması hakimiyyətə və həyata inamsızlıq yaratmışdı.
26-sı səhər valideynlərim çox narahat idilər. “Görəsən, ermənilər bu gecə kimin evini viran qoyublar!?”-anam stəkana çay süzə-süzə gərgin bir nigarançılıqla sanki öz-özünə dedi.
Saat 9.30-da yeni xəbərləri öyrənmək üçün evdən çıxıb şəhərin mərkəzinə tələsdim. Küçələrdə dünənkinə nisbətən xeyli adam vardı. Hamı təlaş içərisində harasa qaçırdı. Şəhərin mərkəzində və evimizə yaxın ərazidə yerləşən məsciddən gələn hay-küyə görə ilk olaraq ora baş çəkdim. Qarşılaşdığım mənzərə baş vermiş müdhiş fəlakətdən xəbər verirdi. Məscidin qarşısındakı meydanda onlarca tabut, yaxud da kəfənlənmiş meyid vardı. Xeyli sayda meyid, görünür tabut çatışmadığından yerə sərilmiş xalçaların üzərində yan-yana düzülmüşdü.
Meyidlərə baxmaq adamdan ürək istəyirdi:cəsədlərin üz-gözü parçalanmış, bədənləri al qan içərisində qurumuş, kiminin ayağı, kiminin qolu kəsilmişdi. Bu meyidlər yuyulub kəfənlənmək üçün öz növbələrini gözləyirdilər. Ağlayıb üz-gözünü cıran yaşlı qadınların heydən düşmüş çığırtıları, qız-gəlinlərin ah-nalələri, mollaların oxuduğu Quran ayələrinin yanıqlı sədası bir-birinə qarışmışdı.
Bu arada kimsə “Kəfən verin, bayaq gətirdiyiniz qurtardı”-deyə qışqırdı. “Daha yoxdur kəfən, şəhərdə olan-qalanı gətirmişdilər bayaq, Bərdəyə, Yevlağa adam göndərmişik kəfən dalınca, bir az gözləyin”- kimsə ona cavab verdi. Qadınlar arasından “Kəfəni olmayan balam, vayyy!” nidası ilə ucalan yanıqlı mərsiyə kütləni təlatümə gətirdi və qarmaqarışıq şikayətlər bir-birinə qarışdı. Qəzəblənmiş adamlar kimə ünvanlandığı bəlli olmayan hikkəli suallar yağdırırdılar: “Hanı bu hökumət, harada gizlənibdir, bu ağır gündə də üzə çıxmayacaqsa, onda nəyə gərəkdir?!”, “Hökumətliyiniz başınıza dəysin, heç olmasa imkan verin özümüz özümüzü qoruyaq!”.
Müharibə dövründə nə baş verdiyini anlamaq üçün əlavə məlumata ehtiyac yox idi. Üstəlik 4 il ərzində Ağdam məscidində belə mənzərələrlə tez-tez qarşılaşmaq olurdu. İki ay əvvəl Malıbəyli, Meşəli, Abdal-Gülablı kəndlərinə erməni hücumlarının nəticəsi də belə fəlakətli olmuşdu. Amma bu dəfəki fəlakətin miqyası deyəsən ölçüyəgəlməz idi. Daha səhih məlumat almaq üçün Ü.Hacıbəyov adına parkda yerləşən “Veteranlar evi”nə tələsdim. Allahverdi Bağırovun başçılıq etdiyi xalq özünümüdafiə dəstəsi orada məskən salmışdı. Parka yol mərkəzi meydandan keçirdi.
Meydanda da insanlar dəstə-dəstə gah məscid tərəfə, gah da “veteranlar evi”nə tərəf qaçışır, kimi ağlar, kimi qəzəb dolu səslə bir-birlərini haraylayır, “Filankəsi görməmisən?” sualı ilə nəfəsləri tıncıxa-tıncıxa danışırdılar. Nə baş verdiyi aydın idi, ermənilər azəri türklərinin yaşadığı hansısa yaşayış məskəninə hücum etmiş, insanlarımızı dədə-baba yurdlarından qovmuşdular. Fəlakətin ab-havası mənə də sirayət etdi və daha dözə bilməyib qaçmağa başladım. “Veteranlar evi”nə çatanda məni dəhşət bürüdü. Yaralılar əlindən içəridə tərpənmək mümkün deyildi. Qoca, cavan, qadın, uşaq... Boş çarpayı qalmamışdı, yerdə kilimdən-palazdan sərib yaralıları sıra ilə uzandırmışdılar. Bir neçə həkim və tibb bacısı onlara ilkin yardım göstərirdi. Ağdam camaatı evindən əlinə keçən ərzağı, yorğan-döşəyi buraya daşıyırdı. Amma bina kiçik və bu qədər adam üçün çox darısqal idi.
Bu vaxt kimsə “Allahverdigil gəldi” deyə qışqırdı. Ayaqüstə olanlar bir-birlərini itələyə-itələyə hövlnak bayıra qaçdılar. Mən də onlara qoşuldum. Özünümüdafiə dəstəsi iki yük maşını dolusu yaralı gətirmişdi. Yaralıların ah-zar və iniltilərindən, onları qarşılayanların hirs-hikkə dolu nalələrindən hava titrəyirdi. Qabaqda Allahverdi qucağında ahıl bir kişi gəlirdi. Qocanın yalın ayaqlarını şaxta vurub qaraltmışdı, sol ayağının parçalanmış baş barmağının qanı donmuşdu. Tərpənməyə və danışmağa taqəti yox idi, ümidsiz baxışları ilə onu qarşılamağa yüyürənlər arasında çox güman ki, qohum-əqrəbasını, dost-tanışlarını axtarırdı.
Allahverdinin dəstəsində gətirilənlərin yerləşdirilməsi ilə vaxtilə Ağdam şəhər 1 nömrəli orta məktəbində mənə həndəsədən dərs demiş Nəsrəddin müəllim məşğul olurdu. O vaxtdan 18 il keçmişdi və onun hafizəmdə qalmış gəncliyə məxsus təkəbbürlü və təşəxxüslü görkəmindən heç nə qalmamışdı. Məni görən kimi tanıdı, qayğılı və əsəbi görkəmilə yalnız “Hə, sən də buradasan?!” deməyə imkan tapdı və iti addımlarla onu çağıran yaralılara tərəf getdi.
Baş vermiş fəlakətin təfərrüatını öyrənmək üçün parkın yaxınlığından, şəhərin mərkəzindən keçən Ağdam-Xankəndi yolunun üstündəki “Ağdam” restoranının yanına getdim. Restoran çoxdan bağlanmışdı, işləmirdi. Onun ikimərtəbəli binasının yaxınlığında bir-birindən 15 metrlik məsafədə iki “Alazan” raketinin izləri vardı. Raketlərdən biri asfalta düşüb partlayaraq iri çala açmışdı. Digəri isə torpaq sahəyə düşdüyündən partlamamışdı və yarıya qədər torpağa bataraq qalmışdı.
Adamlardan öyrəndim ki, bu axşam ermənilər rus qoşunlarının köməyi ilə Ağdamdan 17-18 km məsafədə yerləşən kiçik Xocalı şəhərinə hücum etmiş, zirehli maşınlardan, pulemyot və avtomatlardan atəş açaraq dinc sakinləri kütləvi şəkildə qətlə yetirmiş, bir neçə yüz nəfəri əsir götürmüş, qalan camaat isə şaxtanın qılınc kimi kəsdiyi soyuqda Qarqar çayının yatağı ilə birtəhər qaçıb canını ölümdən qurtarmışdır. Qaçanların da əksəriyyətinin bədən əzalarını şaxta vurub dondurmuşdu. Xocalı sakinlərinin danışdıqları heyrətamiz dərəcədə dəhşətli idi.
Yenidən “veteranlar evi”nə qayıdıb yaralıların vəziyyətini öyrənmək istədim. Parka daxil olanda biri əcnəbiyə bənzəyən iki nəfərlə qarşılaşdım. Tərəddüd içərisində olduqlarını görüb nə istədikləri ilə maraqlandım. Moskvada akkreditə olunmuş bir yapon jurnalisti Qarabağ məsələsini araşdırmaq üçün Ağdama gəlmişdi. O mənim jurnalist olduğumu biləndə dərhal suallara keçdi. Suallarının mahiyyətindən aydın olurdu ki, Azərbaycan haqqında çox məlumatsızdır və üstəlik cüzi bildiyi məsələlər də yanlış mahiyyət daşıyır. Belə dar macalda anlayışı olmayan məsələ barədə bu yapon jurnalisti gedib nə yazacaqdı?! Hövsələmi basıb imkanım daxilində Ermənistanın ölkəmizə basqınları, rusların hamiliyi və iştirakı ilə haqsız ərazi iddiaları barədə tarixi mənbələrə istinadən informasiya verməyə çalışdım. Vəziyyətin gərginliyi, soyqırıma məruz qalmış əhalinin harayı, dərd əlindən ora-bura qaçışanların yaratdığı vahimə əcnəbi jurnalistin fikrini tez-tez yayındırır, eyni sualları təkrar verirdi. Hiss etdim ki, baş verənlərin xofu onu basıb və qəfil düşdüyü ekstremal vəziyyətdən özünü itirərək nədən və necə başlamağı bilmir. Görünür, elə buna görə də o mənim yaralılarla danışmaq təklifimə reaksiya verməyib tamam əks istiqamətə getməyə qərar verdi.
Yenidən “təzə gətirilənlər var” harayını eşidib səs gələn tərəfə qaçdım. Yük maşını Xocalı tərəfdən gəlirdi. Adamlar bir-birlərinə aman vermədən hərəkət edən maşının banına qalxıb gətirilənlərin kimlərdən olduğunu öyrənməyə çalışırdı. Maşın dayanan kimi ona yaxınlaşdım. Hardansa xarici informasiya agentliyinin (deyəsən “Reuters” idi) reportyoru peyda oldu və gətirilənləri lentə almaq üçün maşının yük yerinə qalxmağa çalışdı. Mən cəld tərpənib ondan əvvəl qalxdım. Banda dörd kişi meyidi vardı. Yerə atılıb yerimi reportyora vermək istədim. Eyforiya içərisində olan kütlə ona mane olmağa çalışırdı. “Niyə, nə üçün? Qoyun çəksin! Bizə lazımdır ki, dünya bu qırğından xəbər tutsun!” deyə onlara müraciət etdim. “Yox, kimsə qəzəblə qışqırdı, indiyə qədər çəkdiklərinin axırı nə olub ki, indi də nə olsun?! Əksinə, çəkdiklərini dünyaya erməni kimi qələmə verirlər, guya biz onları öldürür, döyüb yurdlarından qovuruq”. Çətinliklə olsa da tanıdığım şəxslərin köməyilə reportyora öz işini görmək üçün imkan yarada bildim. Başında qəhvəyi-sarı rəngli ondatra dərisindən papaq, əynində dəri gödəkçə, ayağında dizəcən boğazlı rezin botu olan sərt üzlü bu qərbli reportyor yapon jurnalistindən fərqli olaraq vəzifəsini stressiz yerinə yetirirdi. Bu vaxt adamlar arasında Türkiyənin “Milliyyət” qəzetinin Azərbaycan üzrə müxbiri Rəhbər Bəşirlini, vaxtilə jurnalistika fakültəsində mənimlə bir kursda oxumuş, indi isə MTN-nin Gəncə bölməsində çalışan İlham İsmayılovu gördüm.
Şəraitin ekstremallığı son həddə idi. Məni jurnalistlikdən çox təcavüzə məruz qalmış tərəf kimi “nə etməli?” sualı düşündürürdü. Əl-qolumuz bağlanmışdı. Meydana çıxıb xalqa açıq rəhbərlik etməyi bacaran yox idi. Gizli rəhbərlik edənlər isə təslimçilik yolunu tutmuşdu. Hər dəfə hansısa şəhər viran qoyulanda, vətəndaşlarımız qətlə yetiriləndə düşünürdük ki, daha bu sonuncudur, nəhayət hökumət xəyanətin miqyasını və mahiyyətini dərk edəcək, “bundan o yana yol yoxdur” deyərək müdafiə tədbirlərinə əl atacaq. Ancaq, heyhat! Adamların başını şaiyələrlə qatırdılar. Bu dəfə də eyni ssenari baş verdi. Saat ikidə camaat arasında söz gəzməyə başladı ki, Gəncədə yerləşən tank diviziyası yuxarıdan əmr alıb, elə bu gün hücuma keçib Xocalını geri qaytaracaq. Camaat yenidən Xocalıya gedən yolun üstünə toplaşıb tankları gözləməyə başladı. Bir saat keçmiş tanklar toz qopara-qopara sürətlə şəhərə girdi. Böyük bir dəstə yumruqlarını sıxaraq inamla tankların yolu üstünə çıxdı. Təxminən 30-a qədər tank olardı. Qabaqda gedən tankın üstündəki lyukdan başını çıxaran hərbçi şəstlə adamlara əl elədi. (Onun çopur sifəti yaxşı yadımda qaldı və bir neçə il sonra hətta televiziya ekranlarında da görəndə tanıdım.) Amma dəstə “Ağdam” restoranını keçəndən 100 metr sonra, köhnə hamamın yanından sağa burularaq yoluna davam etdi. Mən dərhal başa düşdüm ki, onlar şəhər kənarındakı dairəvi yola çıxıb geriyə-Gəncəyə qayıdacaqlar. Demək, yenə də yalançı manevrlə xalqı aldatmağa çalışdılar. Amma bir qism adam bunu başa düşmədi və qalxan toz burulğanı havada əriyənə qədər ümidli gözlərini tankların getdiyi istiqamətdən çəkmədilər.
Bu an ürəyimdə doğan suala cavab tapmaq məqsədilə Allahverdi Bağırovu axtarmağa getdim. O, məskən saldıqları “veteranlar evi”nin bir küncündə başının dəstəsi ilə sakitcə oturub meyidlərin axtarışına göndərdiyi silahdaşlarından cavab gözləyirdi. Əlində rasiya vardı. Dağlarda qalmış meyidləri dəstə döyüşə-döyüşə götürürdü.
Onu lap çoxdan tanıyırdım və xasiyyətinə də bələd idim:dəli-dolu bir adam idi, hövsələsizliyi bir yana, ədalətsizlik olan yerdə qabağına durmaq çətin məsələ idi. Elə kükrəyib daşardı ki, haqsızlığa qol qoyanlar pərən-pərən düşərdi. İndi isə gərginlikdən sifəti boğulmuşdu, əlacsızlıq sindromu hərəkətlərini süstləşdirmişdi. Qaynayan yalnız xırda, mavi gözləri idi ki, bu da ondakı daxili inam və enerjinin tükənmədiyini göstərirdi.
Ona yaxınlaşıb sakit, lakin sərt tonda soruşdum:
-Hücum olacaq?!-sualimi jurnalist kimi yox, təcavüzə məruz qalmış şəxsin döyüş arzusu kimi verdim.
Bir anlıq sükut edib əlindəki avtomata baxdı və suala sualla cavab verdi:
-Nə ilə?!
O haqlı idi. Rusların ermənilərə “hədiyyə” verdiyi hərbi texnikanın qarşısını avtomatla almaq mümkün deyildi.
Vəziyyətin çıxılmazlığı adamı boğurdu. İsteriyaya düşməmək üçün bayıra çıxıb, parkın sıx ağaclıq olan hissəsinə çəkildim. Lakin orada da dözməyib meyidlərin “vəziyyəti”ni öyrənmək üçün məscidin qabağına getdim. Bir neçə dəstə qadın nöhə deyə-deyə qətlə yetirilənlərin yasını tuturdu. Bu vaxt qarşılaşdığım səhnə məni bir daha sarsıtdı. Xocalıdan olan yaşlı qadın ortaya düşüb nöhənin ahənginə uyğun rəqs edirdi. Kimsə ona fikir vermirdi. Siması heç nə ifadə etməyən qadınsa sanki səhnədəymiş tək qol götürüb süzür, dingildəyə-dingildəyə dövrə vururdu. O, dərddən havalanmışdı...
Rəsmi məlumat
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı girov götürüldü, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur:
Bu hadisə Azərbaycanda və Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.
18 il sonra...
O əzablı gündən 18 il keçir. Faciədən sonra qısa müddətdə bütün dünya mətbuatı baş vermiş dəhşətlərdən yazdı. Azərbaycanlılara qarşı ermənilərin soyqırım törətdiyi bu yazılarda təsdiq olundu.
Tayms qəzeti (London), 4 mart 1992-ci il:”Çoxları şikəst edilmişdi, balaca bir qızın isə yalnız başı qalmışdı”. Le mond (Paris), 14 mart 1992-ci il:”Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında başlarının dərisi soyulmuş, dırnaqları qoparılmış 3 meyid gördülər. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır”. İzvestiya (Moskva), 4 mart 1992-ci il:”Videokamera qulaqları kəsilmiş uşaqları göstərirdi. Bir qadının üzünün yarısı çapılmışdı. Kişilərin dərisi soyulmuşdu.”
Humanizm və insan hüquqlarından dəm vuran inkişaf etmiş dövlətlərin siyasi yetkililəri isə özlərini xamlığa vurdular, insanların yalnız azərbaycanlı olduqlarına görə öldürülmələrinə baxmayaraq bu faciəni “soyqırım” kimi təsbit etmədilər, “demokratik Avropa sivilizasiyası” ilə fəxr edən siyasilər Azərbaycan torpaqlarının işğalını sözdə pislədilər, işdə isə təcavüzkarı müdafiə etdilər. Bu hal indi də davam edir.
İşğalçıların torpaqlarımızdan qeyd-şərtsiz çıxmaları haqqında BMT-nin 4 qətnaməsi, Avropa Şurasının Ermənistanı təcavüzkar kimi tanıması barədə qərarı yerinə yetirilmir. Moskva ilə Vaşınqton arasında sanki danışıqların pozulması uğrunda yarış gedir.
Hamı sülhdən danışır, amma sülhə doğru gedən yolun qarşısına sədd çəkilir.
Hamı haqdan danışır, amma torpaqlarımızın işğaldan azad olunmasını ilkin şərt kimi ortaya qoymur.
2008-ci il. Azərbaycan, Bakı.
Hollandiyanın “Dünyada sülh, barışıq və ədalət” QHT-nın nümayəndəsi Matyö Hörmansla dialoqdan bir parça
-Cənab Hörmans, əgər hər hansı bir ölkə Hollandiyanın hansısa ərazisini işğal etsəydi, Siz həmin ölkəyə qarşı müharibəyə başlardınız, yoxsa oturub gözləyərdiniz ki, kimsə gəlib torpaqlarınızı azad etsin?
-Əlbəttə ki, müharibəyə başlayardım.
-Bəs, onda nə üçün bizim müharıbə çağırışlarımızı dəstəkləmirsiniz?
Cənab Hörmans tərəddüdlə sükut edir və dərhal mövzunu dəyişməyə çalışır:
-Ermənilər deyirlər ki, onlar sizinlə birgə yaşamaq istəmirlər, çünki siz onları öldürəcəksiniz.
-Biz müharibəni erməniləri öldürməkdən ötrü yox, torpaqlarımızı azad etməkdən ötrü tələb edirik. Cənab Hörmans, mən Qarabağda anadan olub, orada böyümüşəm. Mənim ilk addım atıb yeriməyi öyrəndiyim evi ermənilər yandırıb külə döndıriblər. Ancaq, biz torpaqlarımızı azad edəndən sonra Azərbaycan vətəndaşı olan ermənilərin vətəndaş hüquqlarının qorunmasında mən də iştirak edəcəyəm.
Matyö Hörmans bir söz deməyib sadəcə gülümsəyir və bununla da onun hansı missiyanı daşıdığı aydın olur.
25 yanvar 2010-cu il. Rusiya, Soçi kurort şəhəri.
Qarabağ probleminin həlli üçün Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilir. Görüşün patronajı Rusiyadır. 18 il əvvəl Xocalı soyqırımının da, Qarabağın işğalının da patronajı Rusiya olub. Bəs, indi ona nə lazımdır? Görüşün nəticəsini Rusiya XİN başçısı Lavrov belə izah edir:
-Gələcək razılaşmanın preambulası hazırdır. Amma razılaşmanın detallarına biz qarışa bilmərik, bunu tərəflər özləri razılaşdırmalıdırlar. (Xalis xalq diplomatiyasının təbirincə, yəni biz öz xeyrimizi preambulada təsbit etmişik, qalanı necə olacaq bizi maraqlandırmır, özünüz razılaşın.)
Dünyada tanıdığım xalqlar arasında iki xalqın danışıq dilində bir problemin həlli üçün “gəl, kişi kimi söhbət edək” ifadəsi var. Türklərdə (bizdə) və ruslarda. Amma Kreml rusları Qarabağ məsələsində öz milli ruhlarından çox uzaqlaşıblar. Bununla da sadiq dostları- azərbaycanlıları da özlərindən uzaqlaşdırıblar. Ancaq bizim səbrimiz tükənib, xalqımız “kişi söhbəti”, yəni müharibə tələb edir. Çünki, müharibə ilə işğal olunmuş torpağı, müharibə ilə də azad etmək olar. Bu, mənim ixtiram deyil, dünyagörmüş müdrik insanların kəlamıdır.
“Qarabağ dəftəri”nin qanla yazılan səhifələri nə vaxt bitəcək, məlum deyil.
N. Novruz
IKSmedia.az

Oxşar məqalələr