AXTAR

Məşhur Keri Kavanonun Qarabağa “dönüşü”: “İl ərzində yeni müharibə başlayacaq...”

kavani

 

Bu il ərzində Qarabağda Azərbaycanla Ermənistan arasında hərbi toqquşmaların yenidən alovlanması riski olduqca yüksəkdir.
Virtualaz.org xəbər verir ki, bu qənaətlə 2000-ci illərin əvvəllərində Minsk Qrupunun həmsədri olmuş amerikalı diplomat, hazırda Kentukki Universitetinin professoru və ABŞ Xarici Əlaqələr Şurasının (Council of Foreign Relations) üzvü olan Keri Kavano özünün Qarabağ münaqişəsinə dair hesabatında çıxış edib.
Keri Kavano 2000-ci illərin əvvəllərində prezidentlər Heydər Əliyev və Robert Köçəryan arasında gedən danışıqlarda vasitəçilik edib. “Ərazi mübadiləsi” kimi tanınan nizamlama variantına dair danışıqlar aparıb, tərəflərin razılaşmaya çox yaxın olduqları məşhur Ki-Vest görüşündə həmsədrlərdən biri kimi iştirakçı olub.
Hesabatda deyilir ki, münaqişənin region üçün təhlükəli nəticələri var. Xüsusən də Rusiyanın Ermənistanı qorumaq öhdəliklərini, Türkiyənin Azərbaycanın müttəfiqi olmasını, İranın isə hər iki ölkə ilə ümumi sərhədlərə malik olması nəzərə alınanda. Bundan əlavə keçmiş diplomat Cənubi Qafqazın Avropanın Rusiyadan energetika asılılığını azaltmağa ümid etdiyi region olduğunu xatırladır. “Münaqişənin yenidən alovlanması halında Ermənistanda və Azərbaycanda, yaxud qonşu dövlətlərdə iğtişaşların və humanitar böhranların baş qaldırması təhlükəsi yaranacaq, bu da Rusiyanın regiona daha böyük müdaxiləsi ilə nəticələnəcək”-Keri Kavano bildirib.
Keçmiş diplomat qeyd edir ki, münaqişə ya hansısa təxribat, ya da təsadüfi atışmalar nəticəsində alovlana bilər. Nisbətən kiçikmiqyaslı hərbi toqquşmalar bu və ya digər tərəfdə siyasi xal qazanmaq və ya döyüş meydanında taktiki üstünlük əldə etmək üçün istifadə oluna, bu isə öz növbəsində eskalasiyanın daha da genişlənməsinə gətirib çıxara bilər. Keri Kavano hesab edir ki, Qarabağda kiçikmiqyaslı hərbi əməliyyatların təşəbbüskarı Azərbaycan ola bilər. Çünki 2016-cı ilin aprelində Azərbaycan bu cür kiçikmiqyaslı əməliyyatda uğur qazanıb və təmas xəttində mövqelərini bir qədər möhkəmləndirib.
Hesabata əsasən xarici oyunçular yeni irimiqyaslı hərbi toqquşmalardan əhəmiyyətli üstünlük əldə etməzdilər. Diplomata görə Rusiya bu münaqişənin həll olunmamış qalmasından müəyyən fayda götürür, hər iki tərəfə silah verir, ancaq Qarabağa görə Rusiya ilə Türkiyə, yaxud İran arasında birbaşa qarşıdurma ağlabatan deyil.
ABŞ-a gəldikdə isə Qarabağda genişmiqyaslı əməliyyatlar Vaşinqtonun son 25 ildə Cənubi Qafqaz respublikalarının müstəqilliyinin dəstəklənməsinə, iqtisadi-siyasi inkişafına yönəlmiş siyasətində əldə etdiyi nailiyyətləri təhdid altına alacaq. Bundan əlavə, ABŞ-ın Rusiyanın revanşçı əhval-ruhiyyəsini cilovlamaq və Azərbaycanın enerji resurslarının nəqli üçün yeni nəqliyyat şəbəkəsini yaratmaq planlarına da zərbə vuracaq. “Qarabağda irimiqyaslı hərbi əməliyyatlar ABŞ-la Rusiya arasında onsuz da mürəkkəb olan münasibətləri daha da mürəkkəbləşdirəcək, Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi iştirakını daha da gücləndirməsinə yol açacaq”-Keri Kavano xəbərdarlıq edir.
Hesabatda münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün preventiv addımlar atılmalı olduğu qeyd edilir. Belə addımlardan biri amerikalı diplomata görə, vasitəçilik missiyasına görə məsuliyyətin ATƏT-dən alınıb BMT-yə verilməsi olmalıdır. Bunun ardınca ABŞ bəyan edə bilər ki, Minsk Qrupunu tərk edir, bu da müəllifin fikrincə balansı pozacaq və tərəfləri yenidən düşünməyə məcbur edəcək. Bundan əlavə ABŞ Minsk Qrupunun həmsədri kimi fəaliyyətini gücləndirməli, münaqişənin idarə olunması ilə deyil, həlli ilə məşğul olmalıdır. Habelə keçmiş diplomat hesab edir ki, ABŞ tərəflərə iqtisadi təzyiqlər edərək onları sülh istiqamətində addımlar atmağa məcbur etməlidir.
Keri Kavano təklif edir ki, ABŞ Qarabağda müharibənin başlamasına imkan verməmək üçün atəşkəs rejiminin dərhal bərpa edilməsi üzərində işləməli, Rusiyanın Azərbaycan və Ermənistan hərbi rəhbərləri arasında birbaşa danışıqlara dair təşəbbüsünü dəstəkləməlidir. İkincisi, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında hər hansı ciddi hərbi əməliyyatları pisləyən qətnamənin qəbulunu dəstəkləməlidir. Diplomatın fikrincə, daha bir variant ondan ibarət ola bilər ki, ABŞ tərəfdaşlarla birgə işləyərək ciddi eskalasiyaya təşəbbüs göstərən tərəfi cəzalandırsın, bunu açıq şəkildə pisləmə, iqtisadi yardımlar və sanksiyalar yolu ilə etsin.
“Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların bərpa olunması perspektivi Donald Trampın administrasiyası üçün bir tərəfdən problemdir, digər tərəfdən yeni imkandır”-müəllif iddia edir. Müəllifə görə Rusiya ilə Krım, Ukrayna, Suriya məsələsində qarşıdurma olduğu bir vaxtda ABŞ Qarabağda Rusiya ilə birlikdə sülhə nail ola bilər. Ümumiyyətlə, müəllif hesabatda Tramp administrasiyasını Qarabağda hadisələrin gedişini diqqətlə izləməyə, eskalasiyasının qarşısını almaq üçün sürətlə preventiv addımlar atmağa, tərəfləri hərbi toqquşmalardan çəkindirib sülh istiqamətində addımlar atmağa sövq etməyə çağırır.

Oxşar məqalələr