26 fevral Xocalı soyqırımı günüdür
Soyqırımı tanıyanların sayı ildən-ilə artır
ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb xüsusi bəyannamə imzalayaraq fevralın 26-nı İndianada “Xocalını Anma Günü” elan edib. Bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Xocalı soyqırımını tanıyan ABŞ ştatlarının sayı ildən-ilə artır. Ümumiyyətlə isə bütün dünyada Xocalı soyqırımını təsdiqləyən ölkələrin sayı çoxalır.
2012-ci ildən başlayaraq Meksika Senatı, Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Sudan, Rumıniya parlamentləri, Honduras Milli Konqresi Xocalı soyqırımını rəsmən tanıyan sənədlər qəbul edib. 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.
ABŞ-da isə bu qətnamələr daha əvvəldən qəbul edilməyə başlayıb. 2011-ci ildə Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Vircinia, Konnektikut, Florida, 2014-cü ildə Indiana, 2015-ci ildə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar.
Məsələ burasındadır ki, xaricdəki erməni lobbisi, erməni diaspor təşkilatları öz həmvətənlərinin insanlığa qarşı törətdikləri cinayəti, vəhşilikləri ört-basdır etmək üçün var qüvvələri ilə çalışırlar. Bunun üçün onlar hər cür vasitədən istifadə edir, ayrı-ayrı rəsmi və qeyri-rəsmi şəxsləri pulla ələ almaqdan tutmuş özlərinin şəxsi dosrluq əlaqələrinə qədər hər şeydən yararlanmağa çalışırlar. Xaricdəki kütləvi informasiya vasitələrində vaxtaşırı Qarabağda, o cümlədən Xocalıda törədilən cinayətlərin xarakteri haqda əks məlumatlar çap edilir, ermənilər öz antihumanist əməllərini azərbaycanlıların adına yazmağa səy göstərirlər. Lakin erməni xisləti nə qədər qəddar və hiyləgərdirsə, Azərbaycan türkünün də döyüşkənliyi və prinsipiallığı, həqiqətpərəstliyi bundan dəfələrlə güclüdür.
Azərbaycan rəhbərliyi ölkənin ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizədə ermənilərin iç üzünü daim açıb beynəlxalq aləmə göstərib, xalqımızın çəkdiyi əzab-əziyyətin yerdə qalmaması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin unudulmaması və bəşəriyyətin bu kimi faciələrdən qurtulması üçün bütün qüvvələri səfərbər edib. Soydaşlarımız dünyanın hər bir nöqtəsində Xocalı həqiqətlərinin yayılması üçün əlbir çalışıblar. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse prezidenti Leyla Əliyeva bu yolda fədakar fəaliyyətləri ilə seçiliblər. L.Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində həyata keçirilən “Xocalıya ədalət” kampaniyası öz genişliyi və əhatəliliyi ilə seçilib. Bütün bunlar və adını çəkmədiyimiz çoxsaylı aksiyalar dünya xalqlarının gözünü açıb. Onlar Xocalı həqiqətlərinin mahiyyətini doğru-düzgün anlayıblar. Dünya erməni lobbisinin saxtakarlığı özünə qalıb. Avropanın mərkəzində-Brüssel şəhərində Xocalı abidəsi ucaldılıb. Bir çox ölkələrdə Xocalı soyqırımının qurbanlarının xatirə günləri keçirilir. Azərbaycana gələn tanınmış siyasi və ictimai xadimlər, dünyada məşhur olan görkəmli şəxslər Xocalının sülh fəryadını özündə ifadə edən abidəni ziyarət etməyi özünə borc bilir. Hətta erməni millətindən olan insanlar da Bakıya gəlib Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidənin önündə diz çöküblər.
İndi Ermənistanın özündə də bu həqiqətlərin nədən ibarət olduğunu qəbul etməyə başlayıblar. İnternet şəbəkəsində həmin şəxslər mənsub olduqları xalq tərəfindən Xocalıda törədilmiş cinayətləri etiraf edir və üzrxahlıqlarını bildirirlər. İnsanlığa nifrət edən erməni millətçiləri kütləvi informasiya vasitələrində Azərbaycan qarşısında məğlub olduqlarını acı-acı etiraf edirlər.
Bir gün gələcək, Xocalıda cinayət törədənlər məhkəmə qarşısında öz əməllərinə görə mühakimə olunacaq və haqlı cəzalarını alacaqlar. Bu tək Azərbaycanın yox, insanlığın tələbidir və bəşəriyyətin sülhsevər gələcəyi üçün mühüm atributdur.
İKSmedia.az