Ənənəvi “Valday” klubunda Rusiya prezidenti Vladimir Putinin çıxışı Cənubi Qafqazda baş verən proseslərin axarına yeni siyasi ləkələr vəd edir. Ermənistan və Azərbaycan arasında arzu olunan sülh müqaviləsinin bağlanması şansı yaranan kimi ya qərbdən, ya da şimaldan əngəl yaradılır. Bir vaxtlar Avropa Birliyi “Qarabağın açarı Rusiyadadır” deyib Azərbaycanı Rusiya ilə üzbəüz qoyurdu. Azərbaqycanın 44 günlük müharibə ilə Ermənistanı kaputilyasiya aktını imzalamağa məcbur etməklə torpaqlarını işğaldan azad etməsi qərb ölkələrini siyasi təlaşa saldı. Dərhal irəli durub, əvvəlcə, siyasi harmoniyası olmayan Minsk qrupunu dirçəltməyə çalışdı, bundan bir çey çıxmayacağını görüb, sülh müqaviləsinin bağlanması ideyasından yapışdı.
Azərbaycan istər Avropadan, istərsə də Kremldən bəyan edilən bütün sülh çağırışlarına “hə” dedi, amma bir şərtlə ki, Azərbaycanın ərazi bütövlüyü yüzdə yüz qorunsun. Təəssüf ki, müharibədə qan töküb torpaqlarını işğaldan azad edən ölkənin suveren hüquqları yenə də dünya güclərinin fəaliyyəti nəticəsində pozulmaq təhlükəsi ilə üzbəüz qalıb. Çünki, Brüsseldə Avropa Birliyinin və Fransanın patronajlığı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında gedən danışıqlar sayəsində doğan ümid qığılcımlarını sammitdən bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron prosesi pozan sərsəm fikirləri söndürdü. Dərhal Azərbaycan tərəfi öz ciddi narazılığını ifadə etdi və Makronun mövqeyinin qeyri-adekvatlığını kəskin şəkildə tənqid etdi.
Fransanın daim ikiüzlü siyasət yürütdüyünü nəzərə alsaq, bu ölkənin prezidentinin sözlərinin o qədər də uzumüddətli təsirə malik olmadığını demək olar. Ancaq, heç demə, Rusiya prezidenti Putinin sərtliyi və qətiyyətliliyi də heç Makrondan uzağa getmirmiş. Bir neçə gün əvvəl bu şəxsin ənənəvi “Valday” klubundakı çıxışı göstərdi ki, onun bir neçə ay əvvəl açıq və aydın şəkildə söylədiyi “Qarabağ Azərbaycanın tərkib hissəsidir” fikri də manipulyasidan başqa bir şey deyilmiş. İndi Putin Azərbaycan ərazisinin lap ortasında ermənilərə status-filandan verilməsi ideyasının Kremlin gizli planının tərkib hissəsi olduğunu dediyi fikirlərlə sübut edir. Onun təbirincə, Qarabağda yerləşdirilmiş Rusiya “sülhməramlılarının” mandatının xeyli uzadılması indiki şəraitdə ermənilərin təhlükəsizliyinin qarantı ola bilər. Bu fikirlərdən sonra o, bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə görüşməlidir. Təbii ki, görüşdə hər iki ölkə üçün aktual olan məsələ üzrə ciddi müzakirələr gedəcək və yəqin ki, Rusiya prezidenti hansısa yeni bir sənədin imzalanmasını istəyəcək.
Halbuki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatında kifayət qədər aydın razılıqlar ifadə olunmuşdu və hələ ki, bu sənədin müddəaları tam yerinə yetirilməyib. Bəyanatı imzalamış 3 ölkədən yalnız Azərbaycan götürdüyü öhdəlikləri sərrast yerinə yetirib. Ötən müddət ərzində Ermənistan siyasi əllaməliklə məşğul olub, Rusiya isə ermənilərlə isti münasibətlər qurmaqla yadda qalıb. Bununla da Putin verdiyi bəyanata, öz imzasına xəyanət edib və rusların “mujskoy slovo”sunun reytinqini sıfıra endirib. “Valday” klubundakı çıxışla isə Putin bu klubu “şaltay-baltay” dərnəyinə çevirib.
Təsadüfi deyil ki, Makron və Putinin çıxışlarından sonra Qarabağda Rusiya sülhməramlılarının himayəsi altında dingildəyən ermənilərin “xarici işlər naziri” David Babayan Xankəndidəki mitinqdə deyib ki, “Arsakı qorumaq şansı var”. Yəni, ermənilər Azərbaycanı parçalamaq ideyasından əl çəkməyiblər və bu işdə onların ən yaxın havadarı məhz Rusiyadır.
Bu gün beynəlxalq aləmdə oynadığı iqtisadi-siyasi rola görə nüfuz göstəricisi yüksək olan və öz inkişafı ilə Cənubi Qafqazın şəksiz lideri olan Azərbaycan opponentlərinin siyasi oyunlarına qarşı durmaq üçün kifayət qədər resurslara malikdir. Putinin yaxud Makronun nə deməsindən asılı olmayaraq, Azərbaycan öz maraqlarını qorumaq üçün bütün səyləri göstərəcək. Çünki, təhlükə ən yüksək həddə çatıb. Hətta ola bilər ki, AB-nin “müşahidəçilər” qrupunun Ermənistandakı fəaliyyəti ilə Rusiya sülhməramlıların Qarabağdakı fəaliyyəti arasında müəyyən iş birliyi yaransın. Axı, bu qüvvələrin hər ikisi Azərbaycanın əleyhinə işləyir. Görünür, Ermənistana yeni bir hərbi “qapaz” dəyməlidir, ancaq daha 44 günlük yox, 4 günlük də bəs edər.
Novruz Novruzbəyli