Erməni saytları bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın öz Twitter-bloqunda yazdığı statusu həvəslə paylaşıblar. Hər gün bir hoqqabazlıq nümayiş etdirən Paşinyan bu dəfə “qapı arasında qalan quyruğunu” xilas etməyə çalışıb. “Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan – Azərbaycan sərhəddində 3 Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması barədə Ermənistan hökumətinin qərarının dərcindən artıq bir neçə ay keçir. Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”-deyə, baş nazir qeyd edib.
Bununla da Paşinyan özünün nə qədər dayaz siyasətçi olduğunu bir daha biruzə vermiş olub. Birincisi, ona görə ki, bu adamın iki il əvvəl Naxçıvana dəmiryol və avtomobil yollarının çəkilməsi barədə qol çəkdiyi bəyanatda NBM (KPP) barədə bir kəlmə də yoxdur. Çünki, Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən Laçın dəhlizində də belə bir məntəqə fəaliyyət göstərmir. Bu yolda rus sülhməramlılarının NBM-i isə müvəqqətidir. İkincisi, Naxçıvana uzanacaq dəhlizin haradan və necə keçəcəyi də tam dəqiqləşməyib. Yəni, NBM-lər harada yerləşəcək,məlum deyil. Üçüncüsü, əgər Naxçıvan dəhlizində NBM-lər olacaqsa, onda Laçın dəhlizində də eyni sayda nəzarət-buraxılış məntəqələri olmalıdır. Başqa sözlə, nə artıq, nəəskik, dəhlizlərin paritetliyi qorunmalıdır.
Görəsən, Paşinyan bunları bilmir?! Yox, bilir və bildiyinə görə də əl-ayağa düşüb. O, yaxşı anlayır ki, Azərbaycan gec-tez istəyinə nail olacaq və 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarına uyğun olaraq Naxçıvana uzanan Zəngəzur dəhlizi işə düşəcək. Eyni zamanda iki ölkə arasında sülh müqaviləsi imzalanacaq sərhədin delimitasiya və demarkasiyası həyata keçiriləcək. NBM “dərdi” də bundan qaynaqlanır. Çünki, Azsərbaycan tərəfi haqlı olaraq 1918-ci ildə hər iki ölkədə yaranmış demokratik respublikalar dövrünün rəsmi xəritələrinə əsasən sərhədlərin müəyyənləşdirilməsi ideyasını dəstəkləyir. Ona görə ki, həmin respublikaların sərhədləri beynəlxalq hüquqla digər dövlətlər tərəfindən tanınıb. Sonrakı illərdə isə sovet imperiyası özbaşınalıq edərək iki dövlət arasında Ermənistanın xeyrinə olaraq Azərbaycan ərazisinin müxtəlif regionlarını zorla Ermənistanın ərazisi hesab edib. Gah dostluq, qardaşlıq münasibətlərini bəhanə gətirib, gah iqtisadi siyasəti səbəb kimi irəli sürüb, gah da sadəcə Kremlin iradısi ilə bu “dinc işğalı” həyata keçirib. Amma. Bütün hallarda bu siyasət beynəlxalq hüququn ziddinə olub.
İndi Paşinyan uzaqgörən olub, sərhəddə NBM yaratmaqla əslində delimitasiyanın məhz bu məntəqələrin yaradılacağı nöqtədən başlamaq üçün əsas yaratmaq məqsədi güdür. Bu başabəla siyasətçi anlaya bilmir ki, “hər hansı şəxs qarşısındakı şəxsi axmaq sayırsa, onda o özü axmaq yerində qalır”. Azərbaycanın apardığı siyasətin mahiyyətindən görünür ki, ermənilərin qeyri-qanuni olaraq zəbt etdikləri bütün torpaqların geri alınması nə vaxtsa bağlanacaq sülh müqaviləsinin prioritet şərtidir.
Mövcud ictimai-siyasi şərait Paşinyanın hiyləgərlinin “barıtı olmayan giliz”dən başqa bir şey olmadığını diqtə edir.
Novruz Novruzbəyli
Azad Vətən Partiyası Siyasi Şurasının sədri