Azad Vətən Partiyası Böyük Zəfər Gününün ikinci ildönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “8 Noyabr Zəfər Günü Azərbaycan xalqının qürurla qeyd etdiyi böyük tarixi hadisədir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Buböyük qələbə ölkəmizin zəngin tarixinin yeni mərhələsinin əsasını qoyub.
Zəfərə gedən yolda xalqımız əzab-əziyyətli illərdən keçib, əhalimizin 1 milyonu qaçqınlıq və didərginlik şəraitində yaşayıb, on minlərlə itkilərimiz olub, şəhidlər vermişik, maddi və mənəvi sərvətlərimiz talan edilib. Amma sınmamışıq, əyilməmişik, əcdadlarımızın apardıqları mübarizəyə sadiq qalaraq toparlanmışıq, milli birliyimiz, dövlətçiliyə sədaqətimiz, müdrik siyasətimiz sayəsində güclü ordu, güclü dövlət, müasir inkişaf prinsipləri əsasında inkişaf edərək düşməni torpaqlarımızdan qovmuşuq.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edənVətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin edildi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərində yaşamaq hüququ bərpa edildi.
Qarabağ müharibəsində əldə etdiyimiz Böyük Zəfər təkcə Azərbaycanda deyil, həmdə regionda və beynəlxalq aləmdə öz əzəməti və ictimai-siyasi, iqtisadi əhəmiyyəti ilə güclü əks-səda yaradıb. Bu qələbə azadlıq və müstəqillik uğrunda mübarizə nümunəsi olmaqla yanaşı Azərbaycanın dünyada siyasi çəkisini artırıb, iqtisadi əhəmiyyətini və rolunu yüksəldib. Xalqımız bununla haqlı olaraq fəxr edir.
Ancaq müharibə hələ bitməyib. Düşmən qüvvələr düçar olduqları məğlubiyəti həzm edə bilmir və vaxtaşırı təxribatlar törədir, Ermənistanla Azərbaycan arasında gündəmdə olan sülh müqaviləsinin bağlanmasını əngəlləyir. Ermənistan hökumətini Azərbaycana qarşı qızışdırmaq məqsədi güdən Fransa Milli Assambleyası ölkəmizi sanksiyalarla qorxutmağa cəhd edir, qonşu İran açıq-aşkar ermənilərin müdafiəsinə qalxır, sərhədlərimiz boyunca hərbi təlimlər keçirir, Qafanda özünün konsulluğunu açır, Təbrizdə Ermənistan konsulluğunun açılacağını bəyan edir, Rusiyanın informasiya məkanında Azərbaycana qarşı şər-böhtan kampaniyası səngimir. Bu təhdidlər birinci dəfə deyil və yəqinki, axırıncıda deyil, ancaq əminik ki, bu sədlərdə milli birlik sayəsində istər siyasi, istərsə də hərbi güclə dəfolunacaq. Tezliklə Azərbaycan bayrağı Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və digər yerlərdə qürurla dalğalanacaq. Həmin gün uzaqda deyil.
Azad Vətən Partiyası Zəfər Günü münasibətilə xalqımızı, dövlətimizi və Ordumuzu təbrik edir.
Varolsun Azad Qarabağ, Bütöv Azərbaycan! Yeni zəfərlərə doğru, irəli!”
Azad Vətən Partiyasının mətbuat xidməti
07 noyabr 2022-ci il.