AXTAR

Azərbaycan siyasətinin reallığı erməniləri çətin duruma salıb

mishpasha
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda coşqu ilə qarşılanan son səfərinin eyforiyası qısa zamanda siyasi məyusluqla əvəzlənib. Əvvəlcə məlum olub ki, N.Pelosinin yaşının bu çağında okeanın o tayından durub İrəvana gəlməsi heç də “ermənilərin qaş-gözlərinə aşiq” olmaqdan yox, Amerikadakı erməni milyarderlərin 120 milyon dollarından qaynaqlanır. Sonra da aydınlaşıb ki, bu səfərin nə demokratiyaya, nə də erməni məsələsinə aidiyyəti var. Nəticədə Ermənistanda Pelosinin səfərini az qala “qələbə” kimi qiymətləndirənləri dərin məyusluq bürüyüb.
Erməni politoloq Razmik Akopcanyan “armenianreport.com” saytına yazdığı “Pelosinin səfərinin hər şeyi dəyişəcəyi haqda nağıla inanmaq lazım deyildi” adlı məqaləsində erməni məyusluğunun iç üzü açılır. Və haqlı olaraq Azərbaycanın yürütdüyü xarici siyasətin bu işdə həlledici rol oynhadığı etiraf edilir.
Məsələ burasındadır ki, Rusiyanın Ermənistana havadarlığı artıq keçmişdə qalıb. Ermənistanın baş naziri Nikol Paşinyan yeni havadar axtarışları ilə üzünü Amüerikaya və Avropaya tutub. Amma bu ərəfədə Qərbdə verilən qərarlar və Azərbaycan liderinin Avropaya səfərləri zamanı baş verənlər Paşinyanın, yumşaq desək, “burnunu əzib”. Razmik Akopcanyan məqaləsində yazır: “İki şey var ki, şərhsiz qala bilməz. ABŞ yeni sanksiyalar tətbiq edib. Bu dəfə təkcə Rusiya və Belarusa qarşı deyil. Artıq Ermənistanın ABŞ sanksiyalarına məruz qalan fiziki və hüquqi şəxslərinin siyahısı dərc olunub. Və bu yalnız narahatlıq doğurmur, bu, sadəcə təhlükəlidir. Hakimiyyətyönlü ruporların Azərbaycanın Rusiya ilə paralel idxalla məşğul olduğunu, müharibə üçün silah tədarük etdiyini və ümumiyyətlə, sanksiyalardan yan keçərək Rusiya qazını Avropaya satacağını iddia etməsi hamımızın yadındadır. Hamımız bunu gördük, eşitdik və buna sevindik. Amma yenə aldandıq. Azərbaycana qarşı heç bir sanksiya yoxdur”.
Erməni cəmiyyəti düşünürmüş ki, Pelosi gəldisə, hər şey dəyişəcək, ABŞ Azərbaycana sanksiya tətbiq edəcək və ermənilər bu amildən istifadə edərək Azərbaycana hücuma keçəcəklər. Bəs, əvəzində nə baş verdi?!
Akopcanyan qeyd edir: “Əksinə, qonşu ölkənin prezidenti Bolqarıstana, Gürcüstana səfər edir, orada onun ünvanına çoxlu tərifli sözlər eşidir, yeni iqtisadi vədlər verir. Təəssüf ki, indi Avropanın neftə, qaza, elektrik enerjisinə ehtiyacı var. Əliyev isə bütün bunları Avropa ölkələrinə verəcəyini vəd edir. Üstəlik, tədarükü xeyli artıraraq! Xüsusilə, şənbə günü Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan qaz birləşdiricisinin (IGB) açılış mərasimi olub”.
Ermənistanın siyasi elitasını da yandıran budur. N.Pelosiyə xərclənən milyonların havaya sovrulmağı bir yana, avropalılar, xüsusən də Yunanıstan Azərbaycanla əlaqələrin genişlənməsindən sevincək olublar, başqa sözlə, Azərbaycanla iqtisadi əlaqələrini gücləndiriblər.
Azərbaycan sürətlə Avropanın etibarlı qaz tədarükçüsünə çevrilir. Bu rolun arxasında isə nüfuzun artması, daha çox gəlir əldə etməklə iqtisadi və hərbi gücün artırılması, azərbaycanlıların həyat şəraitinin daha da yüksəldilməsi və təbii ki, Ermənistan üzərində hərbi-siyasi üstünlüyün güclənməsidir.
R.Akopcanyan təmsil etdiyi cəmiyyətə sual verir: “Belə bir şəraitdə ABŞ-ın Azərbaycana qarşı sanksiyalarını necə gözləmək olar?! Aydındır ki, etməyəcəklər. Və bizə əksini söyləyən bütün Amerika siyasətçiləri sadəcə yalan danışdılar. Amma istənilən yalana inanmağa hazır olanlara yalan danışırlar. Deməli, problem daha çox özümüzdədir. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda coşqu ilə qarşılanması nümunəsi də sübut edir”.
İndi biz Ermənistan siyasilərinə sual edirik: “Aldana-aldana hara getdiyinizi bilirsinizmi?! Revanşizmdən uzaqlaşmaqdan başqa yolunuzun qalmadığını dərk etmirsinizmi?”.
Mətbuat xəbər verir ki, Ermənistan hakimiyyəti yeni hərbi təchizata başlayıb. Yalana aldananları həqiqi ölümə göndərmək fayda verməz, Azərbaycanın təkliflərini qəbul etmək isə, bizə düşmən olsalar da, ermənilərin xilas yolu olar. Yeri gəlmişkən, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın baş redaktor olduğu “Haykakan Jamanak” qəzeti sülh sazişinin bağlanması üçün Bakının İrəvana irəli sürdüyü şərtləri dərc edib. Qəzetin yazdığına görə, aşağıdakı şərtlər irəli sürülüb: Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinin ləğvi; Qarabağın sıfır statuslu Azərbaycanın ayrılmaz hissəsi kimi tanınması, yəni. heç bir muxtariyyət olmadan; Zəngəzur dəhlizinin açılması; 1919-1920-ci illərin xəritələrinə əsasən delimitasiya və demarkasiya prosesinə başlamaq; Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirildi.
Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalıdır, ya da Bakı onlardan əl çəkməyə məcbur edilməlidir. Ermənilərin isə yalnız birinci yola əməl etmək imkanları var.

Novruz Novruzbəyli
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Oxşar məqalələr