Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.
Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.
Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilərik, bunu edirik və bizim imkanları artıracaq.
Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye zonaları yaradılır həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.
Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik.
Eyni zamanda, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Bu haqda bu yaxınlarda ictimaiyyətə məlumat verilmişdir. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik. Biz bu prosesi də mərhələlərə böldük. Birinci mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair. Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni, kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Necə ki, şəhərlərin baş planları, o cümlədən Zəngilan şəhərinin, eləcə də kəndlərin baş planları hazırlanacaq. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.
Ülvi Rufullayev
Masallı rayon Binə Xocavar kənd orta məkrəbin müəllimi