Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd edilən 15 iyun 2021-ci ildə ölkəmizin, eləcə də Cənubi Qafqazın tarixində yeni səhifə açıldı. Qarabağın tacı olan qədim qala şəhərimizdə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi ilə iki ölkənin qardaşlıq münasibətləri, alternativsiz müttəfiqlik qızıl dövrünə qədəm qoydu. Mövcud əlaqələr möhkəm bağlarla daha da gücləndi. Şuşa Bəyannaməsi ilk növbədə regionda yeni qüvvələr nisbətinin, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallığın nümayişi idi. İmzalanan sənəd isə müttəfiqliyin yeni yol xəritəsi idi.
Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamənin müstəsna siyasi və tarixi əhəmiyyəti var. İlk növbədə bu bəyannamə ilə iki ölkənin münasibətləri yüksələrək zirvə mərhələsinə qədəm qoydu. Bəyannamədə göstərilən müddəalar onu deməyə əsas verir ki, qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, torpaqların işğaldan azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
İşğaldan azad olunmuş bölgənin inkişafı, burada rifahın artırılması, əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdə Türkiyənin yaxından iştirak edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində böyük liderlik göstərərək bu Zəfəri ölkəmizə qazandıran Ali Baş Komandan İlham Əliyevə bir daha təbriklərini çatdırmışdı. İki ölkə arasında artan iqtisadi ticarət əlaqələri getdikcə genişlənir,onların iqtisadi potensialı artır. Bu əsasda, bölgədə aparıcı rola malik Türkiyə və Azərbaycan geoiqtisadi məkanda daha fəal olmağa iddialıdırlar. Çünki bu istiqamətdə hər iki ölkənin məqsədi iqtisadi cəhətdən bölgənin daha da inkişaf etdirilməsinə, sülhün daimi olmasına, bölgə xalqlarının dinc yaşamasına şərait yaratmaqdan ibarətdir.
2021-ci il iyunun 15-16-da Azərbaycan tarixində yeni səhifə açıldı. Bu tarixi səfərdə bir sıra ilklər qeydə alındı. İşğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən xarici dövlətin başçısı Türkiyə Prezidenti oldu. Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığına dair bəyannamə Bakıda deyil, Qarabağda imzalandı. Böyük müqavilənin məhz Şuşada, bölgənin açarı olan şəhərdə imzalanması da Bakı və Ankaranın Qarabağda ciddi proseslərə hazırlaşdığını bəyan etdi.
Anar Məmmədov
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı