AXTAR

Azərbaycan ilə Qırğızıstan münasibətləri bu gün

aliyev japarov 3 1

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, hər iki xalq eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa Azərbaycan və qırğız xalqlarını dil və din eyniliyi də birləşdirir.
Müstəqillik əldə etdikdən sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. İki dövlət arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Dövlətlər arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 2022-ci il 20 aprel tarixində geniş tərkibdə görüşü zamanı Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı bir daha vurğulanmışdır.
Artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün dövlətlərarası şura da yaradılmışdır. İlk növbədə nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməsi tərəflər üçün şox fayda verə bilər. Azərbaycanda yüklərin müxtəlif istiqamətlərdə daşınmasına imkan verən müasir geniş nəqliyyat infrastrukturu yaradılıb və bu imkanlardan Qırğızıstan da istifadə edə biləcəkdir. Həmçinin kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək, bu sahənin mütəxəssisləri yaxın vaxtlarda Qırğızıstana səfər edəcəklər.
Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Bu təcrübədən Qırğızıstan iqtisadiyyatının enerji sektorunda Azərbaycan şirkətləri tərəfindən istifadə edilə bilər.Eyni zamanda qeyd edilməlidir ki, dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Sevindirici haldır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləyib və bu çox müsbət hal kimi dəyərləndirilir.

Mürvət Abbasov 

tarix üzrə fəlsəfə doktoru,

Masallı şəhər “Dəfinə” məktəb-liseyi

Oxşar məqalələr