AXTAR

Gözün aydın, vətən övladı!

Agdam 1

İşğaldan azad ediləcək Qarabağda Azərbaycan bayrağının dalğalanmasını xalq səbirsizliklə gözləyir

Bu gün Azərbaycan xalqı sərt karantin rejimində və müharibə şəraitində yaşayır. Lakin bu çətinliklər hiss olunmur. Çünki, karantin rejimi gözlənilməz olsa da, torpaqlarımızın azadlığı uğrunda müharibənin başlayacağı günü əhali çoxdan gözləyir və onun gəlməsini tələb edirdi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev xalqın və zamanın tələbini vaxtı çatan kimi bir an belə gecikmədən yerinə yetirdi - azğınlaşmış düşmənin təxribatlarına son qoymaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əmri verdi. Ordumuzun ilk dəqiqələrdən sürəkli hücumu nəticəsində tar-mar olan düşmənin geri oturdulması göstərir ki, tezliklə qələbə sədaları Qarabağın bütün ərazisini bürüyəcək.
Gözünüz aydın, ay ellər, ey vətən övladı, biz döyüşə gedirik. Ölsək torpaq uğrunda şəhid olduğumuza görə, qalsaq azad etdiyimiz vətən torpağında yaşadığımıza görə şərəflənəcəyik. Azadlıq şirin şeydir! Qarabağın həsrətini çəkən 10 milyonluq xalqımız, doğma yurda qayıtmağı gözləyən bir milyon məcburu köçkünümüz müsəlləh əsgər kimi döyüşə atılmağı arzulayır.
Qarabağ dərdi bizi üzdü, qardaş, yaman üzdü. Ancaq eyni zamanda bizi bərkitdi, bir millət kimi yetişdirdi, müharibəyə hazırladı, azadlıq uğrunda mübarizə yollarında birgə addımlamağın təhərini öyrətdi. Biz ikitərəfli od içərisində- müstəqillik və torpaqlarımız uğrunda vuruşduq. Ötən hər il bizə dostumuzun kim, düşmənimizin kim olduğunu anlatdı. Bizim öz sənayemiz, öz siyasətimiz, öz ordumuz yarandı, vəzifə kürsülərində öz adamlarımız oturdu və biz bir millət, bir xalq olaraq identikliyimizi bütün dünyaya göstərdik, nəyə qadir olduğumuzu sübut etdik.
Azərbaycan ordusunun hücumu 3 istiqamətdən davam edir və hər üç istiqamətdə düşmənin silahlı birləşmələri mühasirə vəziyyətindədir. Fizuli və Ağdərə rayonlarından düşməni çıxardanda artıq Ağdam da azad olunacaq. Cəbrayıl erməni qəsbkarlarından qurtulan kimi Kəlbəcərə ermənilərin ayağı kəsiləcək, Şuşanın azadlığı ilə Qubadlı və Laçının azadlığı təmin olunacaq. Xankəndi şəhəri isə döyüşsüz alınacaq. Bundan sonra ermənilər istəsələr də, istəməsələr də, sülh bağlayacaq, azərbaycanlı əhali öz keçmiş yaşayış məskənlərinə qayıdacaq, erməni vətəndaşlar da canilərin və separatçıların caynağından qurtulacaqlar.
Hələ vaxtilə, Prezident İlham Əliyev Qarabağ bölgəsinə 26 milyard dollar investisiya qoyulacağını bildirmişdi. İndi o vaxtdan xeyli ötüb, Azərbaycan daha da varlanıb və vandalların dağıtdıqları mədəni irsimizin, ev-eşiklərin bərpasına daha çox vəsait atyrılacaq, şəhər və kəndlərimiz daha da gözəlləşəcək, abadlaşacaq, uzun illərin məşəqqətli həsrətindən sonra biz daha rahat evlərdə yaşayacaq, bu dünyadan torpaq həsrəti ilə köçmüş doğmalarımızın ruhuna dualar oxuyacağıq.
Hələlik isə gərgin döyüşlər gedir. Gözlərimiz Qarabağa gedən yollara dikilib, qulaqlarımız səsdədir-qələbə müjdəsini ilk eşidənlərdən olmaq istıyirik. Haydı Azərbaycan əsgəri, qoluna qüvvət, canına təpər, düşmənə zərbə, bizə qələbə!
N.NOVRUZ

Oxşar məqalələr