Forpost ölkənin başından böyük ambisiyaları öz başına bəla olub
Azərbaycan ərazilərini işğalda saxlamağı bəs deyilmiş kimi tez-tez təxribatlar törədib yeni əraziləri nəzarət altına almaq istəyən Ermənistan hərbi-siyasi rəhbərliyi çətin durumdadır. Çünki, səbri tükənən Azərbaycan ordusu əks-hücuma keçməyə məcbur olub və hücumun gedişində bütün ərazilərin düşməndən azad edilməsi zərurəti yaranıb. Əks-hücumun həyata keçirildiyi 3 gün ərzində düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Belə getsə, tezliklə Ermənistan silahlı qüvvələrindən sınıq-salxaq bir neçə başıpozuq dəstənin qalacağını, ən əsası da təkcə işğal edilmiş əraziləri yox, özünün hakimiyyətini də itirəcəyini anlayan Ermənistanın baş naziri Nikol Paşinyan dünya liderlərinə, ən çox da Rusiya prezidenti Vladimir Putinə yalvarışlı müraciətlər edir. Onun yalvarışları “baxarıq”, “atəş dıərhal saxlanılmalıdır”, “danışıqlar stoluna qayıtmaq lazımdır” kimi diplomatik ibarələrlə cavablandırılır, amma kimsə irəli durmaq üçün bir səbəb tapmır. Ona görə ki, bu müharibədə Ermənistan işğalçı, Azərbaycan azadlıq mücahididir. Xüsusilə, Putinin cavabları nəinki, Paşinyanı, bütün erməniləri məyus edib. Rusiya prezidenti bildirib ki, onun rəhbərlik etdiyi ölkə qonşu dövlətlərin daxili işlərinə qarışmır. Şəraitin bu cür dəqiq qiymətləndirilməsi sübut edir ki, Ermənistanın işğalçı olması hamı, o cümlədən ermənilərin”ağsaqqalı” olan Rusiya da qəbul edir. Hətta Paşinyanın Almaniya kansleri Anjela Merkelə telefon açması bu fonda olduqca acınacaqlı sayılmalıdır. Belə ki, hələ bir neçəı il əvvəl xanım Merkel bildirmişdi ki, Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. İndi Rusiya Ermənistanı işğalçı sayırsa, onda məlum olur ki, Kreml açarı hansı tərəfə fırladır.
Hadisələrin bu cür axarı tamamilə məntiqi və gözlənilən idi. Bunun başlıca günahkarı Ermənistan, səbəbi isə İrəvan hakimiyyətinin təcavüzkar siyasətidir. Ermənistan nə dövlət kimi dövlət, nə qonşu kimi qonşu, nə də forpost kimi forpostdur. Məsələ belədir ki, ermənilər bir neçə əsrdir ki, rus siyasətinin qəyyumluğundadırlar. Ancaq indi vəziyyət dəyişib. Cənubi Qafqaz dünya siyasətinin orbitlərindən birinə çevrilib. Və bu orbitin ətrafa işıq saçan ən parlaq ulduzu Azərbaycandır. Dünənə qədər kimsə siyasətinə, kimsə xristian təəssübkeşliyinə, kimsə türklərinə intişarının əleyhinə olduğuna görə Ermənistanı və onun siyasətini əlaltdan müdafiə edirdisə, daha bunu edə bilmirlər. Regionun lideri Azərbaycan və onun arxasında duran qardaş Türkiyə, habelə Pakistan, Ukrayna kimi dövlətlərə qarşı ədalətsiz davranmaq mümkün deyil. Cənubi Qafqazda ABŞ-ın, Avropa İttifaqının, Çinin və digər supergüclərin ciddi geostrateji maraqları var. Bu dövlətlərin maraqları regionda Azərbaycanın maraqları ilə kəsişir və Azərbaycan diplomatiyasının uəurlu gedişləri sayəsində ortaq maraqlar yaranır. Buna görə də indi Azərbaycan bütün dörd coğrafi cəhətdə beynəlxalq münasibətlərin həlledici nöqtəsidir. Buna görə də onun haqlı mübarizəsi dünya miqyasında dəstəklənir.
Belə bir situasiyada təklənən Ermənistan Rusiyadan və KTMT-dən Azərbaycana qarşı vuruşmağı tələb edir. Amma, hansı əsasla, bunu deyə bilmir. Qeyd etdiyimiz kimi, daha heç bir dövlət Azərbaycana qarşı əsas olmadan kor-koranə hərəkət edə bilmir. Moskva da həmçinin. Lakin bu həlledici anlarda da İrəvanın erməniliyi özünü göstərir. Ermənistan hakimiyyəti özünü saldığı ağır vəziyyətdən daha az itkilərlə çıxmaq əvəzinə Moskvaya acıq etmək yolunu tutub. Düzdür, iddia etmək olar ki, bu siyasət Rusiyadan üz döndərmək üçün bəhanə yaratmaq da ola bilər. Amma Paşinyan başa düşə bilmir ki, ərazisində hərbi bazasını saxladığı bir dövlətin cəngindən qurtulmaq acıqla başa gələn iş deyil. Məsələn, o, Rusiyaya hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasına hərbi nümayəndə heyətinin göndərilməsi qərarını ləğv edib. “Hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclasında iştirak etmək üçün Rusiya Federasiyasına nümayəndə heyətinin göndərilməsi haqqında" 966-A saylı qərar qüvvədən düşmüş hesab edilsin”, - deyə Ermənistan hökumətinin qəbul etdiyi qərarda bildirilib. Amma nə o0lsun, buna görə Rusiya Azərbaycanla döyüşəcək?
Erməni siyasi ekspert David Arutyunov Rusiyanın işğal bölgəsindəki son proseslərə müdaxilə ehtimallarını belə dəyərləndirib: “Rusiyanın prosesə müdaxiləsi tərəflərin danışıqlara hazır olmasından asılıdır. Bu cür hazırlıq öz növbəsində tərəflərin hərbi imkanlarının nə qədər olub-olmaması ilə də əlaqədardır. Moskva Azərbaycanın hərbi uğur qazana biləcəyini başa düşür. Bu baxımdan, hadisələrin gedişatına uyğun olaraq, böhranın həllində Rusiyanın diplomatik fəaliyyətinin kəskin artması ehtimalı var. Digər yandan, Rusiyanın təmkini əməliyyatların Dağlıq Qarabağda, yəni Ermənistandan kənarda getməsi ilə əlaqədardır. Eyni zamanda, Rusiyanın hazırkı təmkinli mövqeyinin Ermənistanın mövcud rəhbərliyi ilə əvvəlki dövrdə baş verən fikir ayrılıqları ilə bağlı olduğunu düşünürəm. Rusiyanın bundan Ermənistan rəhbərliyinə təzyiq etdiyi istisna olunmur”.
Gedişatdan və rəylərdən görünür ki, nə Moskva, nə də KTMT torpaqlarımız azad olunanadək işə qarışmayacaq. Ermənistan baş naziri, Azərbaycan Ordusunun genişmiqyaslı və uğurlu hücumunun siyasi nəticələrini dərk edərək, Rusiyanın Azərbaycana qarşı olan bitərəf mövqeyindən narazılığını özünə xas şantaj və ultimatum üslubunda nümayiş etdirməyə, iki dövlət arasında olan münaqişəni regional müharibəyə çevirməyə çalışmaqdansa və Rusiyanı bölgədə aktiv addımlar atmağa təhrik edəcəyinə ümid bəsləməkdənsə, erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarıb, sonra da sülh danışıqlarına başlasa, onda daha ağıllı və siyasətcil görünər. Ölkəsinin verdiyi itkilər də az olar və əvəzində gələcək üçün Azərbaycanın əməkdaşlığını qazana bilər. Bu, onun üçün böyük şərəf olar.
N.NOVRUZ