AXTAR

ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsi üçün əhəmiyyətini itirib

Bir vaxtlar böyük ümidlər bəslənilən vasitəçilik missiyasının aparıcı qüvvələri indi boş gilizdən başqa bir şey deyillər

 

atət minsk qrupu

 

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan həmişə Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiq olub: “Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik. Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan”.
Bəs, Azərbaycanın sadiqliyi fonunda nə baş verib? Dövlət başçımızın “tərəflər” sözünə görə iradları əslində birbaşa Minsk qrupunun və onun həmsədrlərinin yarıtmaz fəaliyyətinə yönəlib. Çünki, həmin söz məhz onların bəyanatlarında işlədilib. Bu məsələnin üstünə gedilməsi təsadüfi deyil. Çünki, ermənilərə dil verir və onlar işğal faktını qanuniləşdirmək üçün müxtəlif tryuklara əl atırlar. Məsələn, Nikol Paşinyan tələb edir ki, Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır. “İnqilabçı” oğlan danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışmaqla, əslində, danışıqlar prosesini pozmaq istəyir. Minsk qrupunun üzvləri isə buna göz yumur və ya “dişsiz” bir bəyanatla özlərini bilməməzliyə vurular.
İş o yerə çatıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deyə öz aləmində münaqişəyə yekun damğanı vurur. Minsk qrupu isə bu cür başıpozuqluğa göz yumur və susmaqla öz razılığını bildirmiş olur. Əvəzində isə vəziyyət daha da gərginləşir və Azərbaycan Prezidenti “Qarabağ Azərbaycandır, nida” deyərək həqiqtin və reallığın nədən ibarət olduğunu bir daha dünyaya bəyan edir. Yenə də Minsk qrupu və onun həmsədrləri susur. Ədalətin kimin tərəfində olduğunu təsdiqləmək, fəallıq göstərmək, Ermənistanın işğalçılıq planlarını məhv etmək əvəzinə susqunluq nümayiş etdirməklə əlaltdan işğalçını şirnikləndirir.

Azərbaycanın dövlət başçısı münaqişənin ədalətli həlli yolunda gərgin mübarizəsini davam etdirərək o vaxt deyirdi: “ATƏT-in Minsk Qrupu Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatına reaksiya vermir. Bu bəyanat danışıqları pozur və onları mənasız edir”. Prezident deyirdi ki, ATƏT-in Minsk Qrupu Yerevanın Azərbaycandan Dağlıq Qarabağ separatçıları ilə danışıqlara başlamağı tələb edərək danışıqlar formatını dəyişdirmək cəhdlərinə də adekvat cavab verməyib: “Bu gün faktiki olaraq nizamlanma üzrə danışıqlar yoxdur, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin video-konfransının heç bir mənası yoxdur. Bu, ancaq ATƏT-in Minsk Qrupunun fəaliyyətinin imitasiyasıdır. Əgər danışıqlar predmetli olmasa, biz onlarda iştirak etməyəcəyik”.
Bu gün cəbhədə topların guruldamasında, insan itkilərinin baş verməsində ATƏT-in Minsk qrupunun bu cür fəaliyyətsizliyi də müəyyən rol oynayıb. Başqa sözlə bu tökülən qanlarda onların da məsuliyyəti var. Ona görə ki, beynəlxalq hüquq da, nüfuzlu təşkilatların, o cümlədən BMT-nin və bir sıra Avropa təsisatlarının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmaları barədə olan ciddi rəsmi qətnamələrini Minsk qrupu heç vaxt əlində bayraq etməyib. Həmin qətnamələrin yerinə yetirilməməsinə gösə Ermənistana qarşı müəyyən sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmayıb. Axı, niyə? Azərbaycan ictimaiyyətini bu münasibət ciddi şəkildə narahat edir. Çünki, aydın başa düşülür ki, bu, imitasiya prosesidir.
Müharibənin alovlandığı indiki zamanda həmsədrlərin verdikləri bəyanat da yarımçıq və dişsizdir. Çünki, yeri yoxdur. Qrupdan soruşulur ki, 26 ildir nə ilə məşğul olmusunuz, nədir apardığınız işlərin nəticəsi? Təbii ki, cavab yoxdur, ona görə ki, işləməyiblər, baş girləyiblər. Bu səbəbdən də artıq bu qrup öz funksiyasını yerinə yetirə bilmədiyini sübut edib. Buna görə də siyasi “oyundankənar” vəziyyətdədir.
Düzdür, yenə də ola bilər ki, siyasi etikaya görə bu qrupla təmas yaradılsın, onun təşəbbüsü ilə danışıqlar başlansın və hansısa şəkildə nəyəsə razılıq alınsın. Amma Minsk qrupundan heç vaxt ədalətli yanaşma gözləməyinə dəyməz. Ona “əlvida” demək daha dəqiq olar, nəinki yeni imitasiya formalarına cavab vermək.
N.NOVRUZ

 

Oxşar məqalələr