AXTAR

Tramp Çin iqtisadiyyatı üzərində qələbə qazandığını elan etdi

Donald Trump

 

“Çin iqtisadiyyatı öz inkişaf tempini azaldıb və artıq ABŞ-ı birinci sıradan tərpədə bilməz”.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti bu sözləri Qərbi Virciniyada, noyabrda keçiriləcək parlament seçkilərində respublikaçı namizədlərə dəstək vermək üçün təşkil olunan mitinqdə söyləyib.

“Bloomberg” agentliyinin verdiyi xəbərə görə, ABŞ lideri Çin iqtisadiyyatının aşağıya doğru yuvarlandığını vurğulamaqla bərabər, “bu ölkəyə böyük hörmət bəslədiyindən” dəm vurub.

“Mən hakimiyyətə gələndə gördüm ki, bu gedişatla Çin olduqca tez bir zamanda bizdən daha böyük gücə çevrilə bilər. Belə bir şey daha olmayacaq”,- prezident öz tərəfdarlarını bu sözlərlə sakitləşdirib.

Tramp “çinlilərin dostu olmaq istədiyini” sözlərinə əlavə edərək, bununla bərabər, “görməli olduğu işi icra etdiyini” dilə gətirib.

“Bloomberg” agentliyinin şərhində prezidentin bu sözlərlə əslində ehtiyatsızlığa yol verdiyinə işarə vurulur. Belə ki, bu Çin hakimiyyətini haqlı olaraq ABŞ-ın ticarət qaydalarını pozaraq dünyanın ikinci iqtisadiyyatını gömrük rüsumları ilə durdurduğu barədə düşünməyə vadar edə bilər.

Tramp bundan öncə də Çindən gələn bütün idxalata proteksionist (yəni öz iqtisadiyyatını qorumaq məqsədini daşıyan himayədarlıq-red.) rüsumlar tətbiq etmək istədiyini gizlətməyib. Hazırda Çin əmtəəsinə qoyulan vergilər 34 milyard dollardan artıqdır. Yaxın zamanlarda isə bu rəqəmin 50, hətta 200 milyarda qədər yüksəldiləcəyi söylənilir.

İki ölkə arasında iqtisadiyyatın həcminə gəlincə, burada Çin 12 trilyonluq miqdarla ABŞ-ın 19 trilyonluq iqtisadi qüdrəti qarşısında hələ ki geri qalır.

Oxşar məqalələr