AXTAR

“Bu, KTMT-ni Azərbaycana vermək deməkdir” – Erməni politoloqun təşvişi

ermeni pol balasanyan

 

Azərbaycan Qərbə inteqrasiya xətti tutmuş ölkədir və Beynəlxalq Qoşulmama Hərəkatının üzvü kimi heç bir koalisiya yer almaq niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ehtimalını şərh edərkən erməni politoloq Qriqor Balasanyan belə deyib.

Politoloq qeyd edib ki, KTMT-yə üzvlük Azərbaycanın xarici siyasət strategiyasına uyğun gəlmir: “Bundan başqa, Ermənistanla həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi də Azərbaycanın bu quruma üzv olmasına əngəl törədir. Əgər Azərbaycan bu münaqişə həll edilmədən KTMT-yə qoşulsa, bu, ittifaq daxilində ciddi problemlər yaradacaq”.

Politoloq iddia edir ki, Azərbaycan üzv olacağı halda, KTMT daxilində güclü türk bloku formalaşacaq: “Nəzərə almaq lazımdır ki, Qırğızıstan və Qazaxıstan kimi türk dövlətləri KTMT üzvüdür və Azərbaycan da bu quruma üzv olarsa, KTMT daxilində güclü türk bloku formalaşacaq. Belə desək, KTMT türklərin əlinə keçəcək.

Onu da nəzərə alsaq ki, hər iki ölkə Azərbaycanı dəstəkləyir və digər müttəfiq dövlətlərdən də Azərbaycanı dəstəkləyənlər var, demək ki, Azərbaycanın bura üzvlüyü istiqaməti tamamilə dəyişəcək. Bu, KTMT-ni Azərbaycana vermək demək olardı”.

Balasanyan hesab edir ki, Azərbaycanın KTMT-yə üzvlüyünə ehtiyac yoxdur: “Çünki Rusiya və Azərbaycan arasında inkişaf etmiş çoxşaxəli münasibətlər var. Rusiya Azərbaycana ən müasir silahlarını satır. Bu, Ermənistanı narahat etsə də, artıq gecdir. Etirazlara baxmayaraq, Rusiya Azərbaycana silah satır və bunun həcmi haqda bizdə dəqiq məlumat yoxdur”.

Oxşar məqalələr