Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri Berlinlə Bakı arasında sıx ticarət əlaqələrinin olmasını nümayiş etdirir.
Bunu Report-a açıqlamasında amerikalı ekspert, Viskonsin Markett Universitetinin professoru Piter Teys deyib.
Qeyd edək ki, Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi jurnalistlərə bildirib ki, Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır:
"Biz Türkiyə vasitəsilə Avropaya Xəzər qazının nəqlini təmin edəcək alternativ qaz kəmərlərinin inşasında maraqlıyıq. Bizim "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafında böyük marağımız var".
Hökumət nümayəndəsinin sözlərinə görə, Avropa qaz şəbəkələrinin TANAP və TAP boru kəmərlərinə qoşulması Avropa İttifaqının diversifikasiya üzrə strategiyasının bir hissəsidir:
"Azərbaycan qlobal enerji təchizatı üçün yüksək geosiyasi əhəmiyyəti olan ölkədir. Lakin Berlin başqa ölkələrdən (Türkmənistan, İran və İraq) də təbii qaz idxalı üçün açıqdır".
Piter Tey vurğulayıb ki, Azərbaycanın Almaniyaya enerji daşıyıcılarının ixracı ölkənin enerji təminatının əsasını təşkil etməyə davam edəcək:
Nəzərə alsaq ki, Almaniya Rusiya qazından çox asılıdır, bunun indiki zamanda böyük əhəmiyyəti var. Azərbaycan qazı Almaniya üçün əhəmiyyətlidir və eyni zamanda Azərbaycan xalqı üçün əlavə mənfəət yaradacaq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qafqazda regional təhlükəsizlik məsələsi A.Merkelin Bakıdakı müzakirələrin mərkəzində olmalıdır. Azərbaycanın ərazi bütövlüyü regionda sülh və təhlükəsizlik üçün çox vacib məsələdir. Bu olmadan qaz boruları həmişə təhlükə ilə üz-üzə qala bilər, bu da Avropa iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər.