Norveçdəki nəqliyyat vasitələrinin ümumi sayı ilə müqayisədə dünyada elektromobillərin ən böyük sayı bu ölkədə qeydə alınıb.
Norveç KİV-ləri ölkənin elektriklə işləyən avtomobillər assosiasiyasına istinadla xəbər verirlər ki, bu il Krallıqda elektromobillərin sayı 100 min maşın təşkil edib.
Hesablamalara görə, ətraf mühitə ziyan vurmayan elektromobillər sayəsində Norveçdə atmosferə buraxılan karbon qazı tullantıları il ərzində 200 min ton azalıb.
Krallığın hökuməti avtomobillərin bu növünü təbliğ etmək üçün bir il əvvəl qanunvericiliyə düzəlişlər edib. Daxili yanma mühərrikli maşınlardan fərqli olaraq, elektromobil sahiblərinə vergi güzəştləri edilib. Bu maşınların sahiblərindən parklama və şəhər kənarında gediş üçün rüsum tutulmur, avtobus xətlərindən istifadə etməyə icazə verilir, doldurucu stansiyaların sayı isə durmadan artır.
Əhalisi 5,2 milyon nəfər olan fyordlar ölkəsində hər min sakinə ümumən 19 elektromobil qeydə alınıb ki, bu da ölkədə qeydə alınmış bütün maşınların 20 faizini təşkil edir. Amma Norveç bununla kifayətlənmək niyyətində deyil. Mövcud plan qarşıdan gələn üç ildə elektromobillərin sayını 400 minə çatdırmağı nəzərdə tutur.
Əlli min elektromobili nəzərdə tutan ilkin məqsədə 2015-ci ilin mayında nail olduqdan sonra Norveç hökuməti belə maşınların satışını təşviq etməyə başlayıb. Ancaq hökumətdən bildiriblər ki, gələcəkdə bu cür stimulyaratma tədbirləri dayandırılacaq.
Belə avtomobillərin ekoloji üstünlükləri aşkar olsa da, tədqiqatçılar onların səmərəliliyinə bəzən tənqidi yanaşırlar. Məsələn, bəzi alimlər belə maşınların iqtisadi səmərəliliyini sual altına qoyurlar.