İki müsəlman, bir xristian dövlətinin üçlük formatı ilə Qərb koalisiyasının rəqabəti güclənir
Rusiya Federasiyasının Soçi şəhərində Rusiya, Türkiyə və İran ordularının Baş qərargah rəhbərləri - Valeri Gerasimov, Hulusi Akar və Məhəmməd Bakiri arasında görüş keçirilib. Ali rütbəli hərbçilər Suriyada İŞİD və “Ən-Nüsra” Cəbhəsinin (“Əl-Qaidə”nin Suriya qanadı - yeni adı “Fəth əl-Şam”) fəaliyyətinə tamamilə son qoymaq üçün konkret addımlar üzərində razılaşıblar. Kifayət qədər dolğun hərbi gücə malik üç aparıcı dövlətin birgə səyləri ekspertlərin diqqətini cəlb edib: adları çəkilən ölkələr artıq Yaxın Şərqdə hadisələrin gedişini müəyyən edən əsas qüvvələrə çevriliblərmi?
Bu görüşdən bir gün sonra hər üç ölkənin dövlət başçılarının elə həmin yerdə, Soçidə görüşü keçirilib və Suriyada birgə fəaliyyət platforması üzrə müvafiq siyasi qərar qəbul edilib. Lakin Qərb koalisiyasına daxil olmayan bu qruplaşmanın fəaliyyəti Qərbin maraqlarına cavab vermir. Bu səbəbdən hərbçilərin Soçi görüşünün keçirildiyi vaxt ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng edərək Qərbin mövqeyini çatdırıb. Bir saata yaxın davam edən telefon danışığında tərəflər Suriyadakı vəziyyəti müzakirə edib və ölkənin ərazi bütövlüyünün saxlanılması, döyüşən tərəflər arasında sülhə nail olunması kimi məsələlər barədə fikirlərini bölüşüblər. Həm də belə bir ümumi rəy ifadə olunub ki, Suriyada sülh prosesi Cenevrədə bütün tərəflərin iştirakı ilə baş tutacaq görüşdə müəyyənləşəcək. Münasibətləri gündən-günə kəskinləşən iki supergüc dövlətin başçılarının gözlənilmədiyi halda telefon söhbətində bulunması Suriyada sülhün tam bərqərar olmasını şübhə altına salır. Çünki, üçlük formatının birgə fəaliyyəti regionda geostrateji bölgünün dəyişilməsinə güclü təsir edir və Qərbin regiondakı maraqlarına zərbə vurur. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın dediyi “Əsəd hələ də yerli-yerində oturub.Bəs bu qədər qan niyə tökülürdü? Bu qədər acı niyə yaşanırdı? Demokratik tələblərlə çıxış edən müxalifət terrorçu adlandırılır. Çox söz söylənilib, çoxlu toplantılar keçirilib, ancaq Suriyada bir nəticə ortaya qoyulmayıb” fikirləri vəziyyətin real qiymətini verir.
Bu gün Suriyanı terrorçulardan “təmizləmək” üçün vuruşan xarici qüvvələr bəyan edirlər ki, İŞİD-in kökü kəsilib. Lakin xaricdən bu ölkəyə yenə silahlar göndərilir. “Bunu bir daha diqqətə çatdırırıq. Onlar bölgəni İŞİD-dən təmizlədiklərini bildirirdilər. Ancaq hələ də silah dolu TIR-lar Suryaya daxil olur. Bu niyə davam edir? Siz bu silahlanmanı hansı ölkəyə qarşı davam etdirirsiz? Niyə bunu edirsiz? Bunların dərdi başqadır. Nəyin nə olduğunu bilirik. Buna uyğun olaraq, addımlar atacağıq. Bu ssenarilər qarşısında Türkiyənin əli-qolu bağlı oturacağını kimsə gözləməsin. İŞİD-in içi boş bir qurum olduğunu dünyaya göstərən Türkiyə olub”- deyə, Ərdoğan problemin həqiqi mahiyyətini göstərib. Yəni, Qərb başda ABŞ olmaqla Suriyanı tamamilə öz təsiri altına alıb regionda, o cümlədən Türkiyəni və İranı parçalamaqda bu platformadan istifadə etmək istəyirlər. Lakin bunun üçün eyni zamanda Suriyanı Rusiyanın da təsir dairəsindən çlxarmaq gərəkdir. Əgər dünənə qədər Qərb “İŞİD” adlı terrorçu qruplaşmanı silahlandırırdısa, bu gündən başqa bir qruplaşma yaratmaq barədə fikirləşir və silahlar da bunun üçündür.
Türkiyə-Rusiya-İran formatı öz işini görüb və Suriyada müharibə demək olar ki, bitib. Bu istiqamət problemin silahla görülən bölümünü neytrallaşdırıb. Ancaq məsələnin siyasi bölümü hələ ki qalır və bu bölüm Cenevrədə həll olunmalıdır. Bu görüş barədə hələlik konkret gündəlik və tarix yoxdur. Anca belə görünür ki, tezliklə olacaq. Çünki, Qərb geciksə regionda olan imkanlarını tamamilə itirəcək. Onsuz da o ikili standarları ucbatından Türkiyə kimi güclü müttəfiqindən xeyli dərəcədə uzaq düşüb.
Bu sıralamada diqqəti çəkən məqam üçlük ölkələrinin Suriyada həyata keçirdikləri hərbi əməkdaşlığı uğurlu olmasıdır. Çünki, bu ölkələr Azərbaycanın qonşularıdır və Qarabağ münaqişəsinin həllində maraqlıdır. İndi sual oluna bilər ki, bu ölkələrin hərbi iştirakı ilə Qarabağda sülhü təmin etmək mümkün olarmı? Bu məsələdə əsas məqam ondan ibarətdir ki, ölkələrin maraqları üst-üstə düşmür. Yəni, Qarabağ düyünün açılması üçün əvvəlcə geosiyasi maraqların ortaq nöqtəsi tapılmalı, sonra hərbçilər işə qarışmalıdırlar. Digər tərəfdən, Azərbaycan düşmənlə üzbəüz savaşda torpaqlarını azad etmək iqtidarındadır. Ancaq beynəlxalq qüvvələr buna imkan vermir. Bu mənada üçlük formatı +Azərbaycan+Ermənistan arasında dialoq qurulsa, ola bilsin, münaqişənin sülh yolu ilə həllində haqnsısa yeni variant tapıla bilər. Çox təəssüf ki, Qərb çoxdan bu işə “baş qoşub” və yalnız öz geosiyasi maraqları çərçivəsindən çıxış edir. Bu isə Azərbaycan üçün məqbul deyil və heç vaxt da olmayacaq. Yəni, hələlik Qarabağ münaqişəsinin həllində Türkiyə, Rusiya və İran hərbçilərinin birgə fəaliyyətinin faydalılıq əmsalının yüksək ola biləcəyi ehtimal edilsə də, mümkün deyil.
N.NOVRUZ
IKSmedia.az