Dünyanın məkrli qüvvələrinin niyyəti və mənəvi məhvi
Bu gün biz müasir dövr dünya siyasətinin ən acınacaqlı qolunun müsəlman aləminin erroziyasına yönəldilmiş olduğunu desək, yəqin ki, yanılmarıq. Yaxın Şərqdə əsrimizin əvvəlindən başladılmış müharibənin hələ də davam etməsi, ərəb ölkələri arasında nifaq, Uzaq Şərqdə müsəlman myanmalıların qırılması, Türkiyənin parçalanması üçün onilliklər ərzində dəfələrlə müxtəlif planların qurulması və həyata keçirilməsinə cəhd, Əfqanıstanda bitməyən terror dalğası, Qərbin islamofobiyası, müsəlmanların peyğımbəri Həzrəti-Məhəmmədin Qərb mətbuatında karikaturalarının verilməsi ilə, ümumiyyətlə, müsəlmanların aşağılanması və sairə bu kimi humanizmə sığmayan, bəşəri dəyərlərdən uzaq fəaliyyət hazırda sülhün pozulmasını körükləyən başlıca siyasi istiqamətdir. Əvvəllər Usama ben Laden, sonra Taliban, indi isə İŞİD və məntiqlə sonra daha hansısa “müsəlman” terrorçuların qəsdi və vəhşiliyi adı ilə aparılan qırğınlar dünyanın inkişaf etmiş ölkələrinin bu işdə əsas rol oynadıqları siyasətin qırmızı xəttidir.
Qərbin özündə dəfələrlə ağıllı insanlar tərəfindən deyilib və sübut edilib ki, dünya sivilizasiyasının başlanğıc zirvəsi Şərqdə olub. Sonradan baş qaldıran sivilizasiyalar Şərqin nailiyyətləri üzərində inkişaf edərək Qərbliləşib və daha geniş məkanda tətbiq edilib. Bu proses adi həyati normadır. Lakin normalılıq öz yerində, Şərqdən öyrənib, sonra da Şərqi əsarət alrına almaq, onun var-dövlətini yalayıb özü üçün yaxşı gün-güzəran yaradaraq digərlərini, o cümlədən var-dövləti talanmış insanları kölə halına salmaq heç bir haqqa, ədalətə sığmır.
Vaxtilə müsəlman ərəbləri qırıb çataraq Qərbin aparıcı dövlətlərinə çevrilmiş ölkələrin siyasi hakimiyyəti indi ərəb dünyasının müstəqil davranışlarını, öz təbii sərvətlərinin sahibi olmalarına dözmürlər. Çünki, bu regiondan enerji daşıyıcılarını istədikləri qiymətə alıb sata bilmirlər. İraq, Liviya, Suriya kimi neft ölkələrinin sakit həyatı onlara təcavüzkar damğası vurularaq pozulub. Halbuki birinci müharibə zamanı İraqda atom bombası axtaranlar onu tapmasalar da bu ölkəni özlərinə təhdid sayaraq ikinci müharibəni də törətdilər və ölkənin neft-qaz ehtiyatlarının cilovunu əllərinə keçirdilər. Müsəlman iraqlıların çəkdikləri əzab-əziyyət onların eyninə də olmadı. Suriya Qərbin geostrateji maraqlarının olduğu regionun mərkəzində yerləşdiyi üçün güdaza getdi. Müharibə hələ də davam edir. Bu günlərdə ABŞ Pentaqonunun başçısı Ceyms Mettis bəyan edib ki, BMT Birləşmiş Ştatların hərbçilərinə Suriya ərazisinə soxulmaq üçün icazə verib. Guya İŞİD terrorçularını məhv etmək üçün onlar bu addımı atırlar. Amma Mettis ümumdünya təşkilatının hansı qətnaməsi ilə onlara icazə verildiyini açıqlamayıb. Çünki, belə bir qətnamə yoxdur. Qərb yetkililəri Şərqdə əldə etdikləri vəsait hesabına özləri üçün beynəlxalq təşkilatlar qurub və lazım olanda həmin təşkilatların əli ilə istədikləri təcavüzə qanunilik donu geyindirirlər. Türkiyədə PKK terror təşkilatını yaradıb salıblar insanların canına, müstəqillik adı ilə 50 ildir ki, qırğınlar törədilir. Məqsəd Türkiyəni bir dövlət kimi yer üzündən silməkdir. Ancaq bacarmırlar. Çünki, bu, mümkün olan iş deyil.
İslamçılıq elmi əsaslara söykəndiyi üçün islami dünyagörüş mükəmməlliyi ilə sonuncu dini inanc statusunu alıb. Yəni, din olaraq bundan yüksək dünyagörüş mövcud deyil. Müsəlmançılıq özünə məhz mükəməlliklə yol açıb, silahla yox. Buna görə də indi də Qərbin savadlı alimləri, ictimai-siyasi xadimlər, tanınmış insanları arasında İslama üz tutanlar var. İslamın bir ali xüsusiyyəti də digər dinlərə və onların peyğəmbərlərinə izzət-hörmətlə yanaşmasıdır. Bu mənəvi yüksəklik bütün digər cəmiyyətlərin təcavüzkarlığını ifşa edir, onların süqutunu labüdləşdirir. Qərbin də ən çox ehtiyat etdiyi bu cəhətdir. İslam elmi şəkildə təbiətin inkişafı ilə həmahəng olduğundan onu silahla məhv etmək yaxud qarşısını almaq mümkün deyil. Yalnız sülh və dincliklə müsəlmançılığa qonşuluq etmək olar. Məlumdur ki, bundan ötrü yüksək intellekt və humanizm tələb olunur ki, bunu da hər bir insan bəşəri dəyərlərə sahib olmaqla əldə edə bilər.
IKSmedia.az