AXTAR

Rusiya krediti də Ermənistanı böhrandan xilas edə bilməyəcək

erm. bayragi

 

Militarist siyasət gündəlik çörəyini çətinliklə qazanan erməninin belinə 5 min dollar yükləyib

Ermənistan parlamenti Rusiya ilə silah alışı üçün imzalanan 100 milyon dollarlıq kredit müqaviləsini ratifkasiya edib. Ermənistan hakimiyyəti qonşularına, reallıqda isə Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətindın əl çəkmək niyyətində deyil. Parlamentin təsdiq etdiyi yeni kredit müqaviləsinə əsasən Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul təchizatının maliyyələşdirilməsi məqsədilə Rusiya Ermənistana ekspert krediti təqdim edəcək. Kredit 2023-cü ildən başlayaraq Ermənistan tərəfindən 15 il müddətində ödənilməlidir. Sazişə əsasən, Ermənistan sözügedən kredit vəsaitlərini 2018-2022-ci illər müddətində istifadə etməlidir.
Bundan əvvəl, 2015-ci ildə, Ermənistan və Rusiya hökumətləri arasında Ermənistana Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul əldə etmək üçün, ödəniş müddətinin 2018-ci ilədək təxirə salınması şərtilə, 10 il müddətinə 200 milyon dollar məbləğində dövlət ixracat kreditini təqdim etmək haqqında saziş imzalanmışdı. Həmin kredit əsasında nəzərdə tutulan hərbi texnika 2017-ci ilin sonunadək Ermənistana çatdırılmalı idi. Lakin Ermənistanda fəaliyyət göstərən "Məlumatlı vətəndaşlar birliyi" qeyri-hökumət təşkilatının müraciətinə cavab olaraq, Ermənistan Maliyyə Nazirliyi bildirib ki, 2017-ci il 1 sentyabra olan məlumata görə, Ermənistan tərəfi nəzərdə tutulan ümumi məbləğin təxminən 20 faizi (40,7 milyon dollar) həcminə uyğun silah və başqa hərbi məhsul alıb.
Kredit vəsaitlərindən başqa, Ermənistan həmçinin büdcə vəsaitləri ilə silah əldə etməyi planlaşdırır. Bu məqsədlə, Ermənistanın 2018-ci il hərbi büdcəsi 17 faiz artırılıb. Bütün bunlar isə Ermənistan rəhbərliyinin silahlanmaya can atdığını sübut edir. Amma görünən odur ki, Rusiyanın ayırdığı kredit belə işğalçı ölkəni, onun ordusunu böhran vəziyyətindən xilas edə bilməyəcək. Baxmayaraq ki, Ermənistan militarisləşdirmə faizinə görə dünyada 3-cü yerdə gedir.
Məlum məsələdir ki, əldə nə qədər silah-sursat olsa da bu silahlardan istifadə etməyə əsgər yoxdursa yaxud istifadə etmək istəməyənlər üstünlük təşkil edirsə, onda həmin silahları alıb yığmağın nə mənası var? İş burasındadır ki, ilk növbədə ermənilər işğalçı orduda qulluq etmək istəmirlər. Bu məqsədlə ölkədən qaçıb gedirlər. Ölkədə əhalinin sürətlə azalmasını görən hökumət hələ 2003-cü ildə belə bir qanun qəbul etmişdi ki, ordudan yayınan və xaricdə gizlənən 27 yaşı keçmiş gənclər geri qayıtdıqları təqdirdə müəyyən məbləğ ödəyərək cinayət məsuliyyətindən azad edilə bilərlər. Bu məsələ yenidən erməni parlamentində gündəmə gətirilib və qanunun qüvvəsini 2019-cu ilə qədər uzatmaq təklif edilib. Təşəbbüsçülər ona istinad edirlər ki, ötən müddətdə 9147 vətəndaş ölkəyə qayıdıb və büdcəyə 10 milyardlarla dram (20 milyon dollar) vəsait daxil olub. Hazırda ordudan yayınan 12 min vətəndaş-cinayətkar xaricdə gizlənir. Onların da geri qayıdıb haqq ödəməklə cinayətdən qurtulmaq imkanı var. Ancaq qanuna yeni dəyişiklik də etmək təklif olunur. İndiyədək azadolma haqqı 100 min dram idisə, indi bu rəqəmi 200 min drama qaldırmaq istəyirlər. Bu minvalla hökumət 80 milyon dollar qazanmaq istəyir. Bu hadisələr fonunda erməni deputatlar arasında əməlli-başlı mübahisə gedir.
Qanuna dəyişikliklərin tərəfdarı olan deputat Karena Açemyan düşünür ki, ölkədən qaçanları pul qarşılığında geri qaytarmaqla büdcəni doldurmaq olar. “Elk” fraksiyasının nümayəndəsi Edmon Marukyan “vətənpərvərlik” nümayiş etdirərək bildirir ki, pulu kənara atmaq gərəkdir, bu adamların özləri ən böyük varidatdır, çünki demoqrafik zəifləmənin qarşısı kəsilər. Müdafiə nazirinin müavini Artak Zakaryan isə bütün bunlardan möhkəm incik düşüb ki, bəs, siz ordudan yayınmağı təbliğ etmiş olursunuz. “1in.am” saytı bu müzakirələrə istehza ilə yazır ki, öz kasıb vətəninə qayıtmaq üçün kim 7200 dollar ödəyər? Bəlkə də bir neçə nəfər tapılar. Amma bundan sonra onsuz da bərbad vəziyyətdə olan demoqrafiya daha da pisləşəcək, ölkədən kütləvi axın güclənəcək.
İndi büdcəsini bu cür ucuz yollarla doldurmağa çalışan, əhalisinin üçdəbiri yoxsulluq içində çabalayan, orduya göndərməyə gənc tapılmayan bir ölkə kredit hesabına silah almaqla silahlı qüvvələrini gücləndirə bilərmi? Axı, bu kreditlər əhalinin vəziyyətini daha da ağırlaşdırır. Bu gün Ermənistanın dövlət borcu elə bir həddə çatıb ki, onun altından çıxmaq belə xırda dövlət üçün mümkünsüz görünür. Çünki, bu borca görə hər bir erməninin çiynində 5 min dollarlıq yük var. Hökumət bunu yüngülləşdirmək əvəzinə ağırlaşdırmaq siyasəti yürüdür. Təbii ki, bu ağırlıq ordunun da üzərindədir və onun dağılması prosesi qaçılmazdır.

İKSmedia.az

Oxşar məqalələr