Bu gün tolerantlıq prinsipinə ən böyük təhlükə Qərbdən gəlir
İkinci dünya müharibəsini törədən faşistlərin “ali irq” konsepsiyası bəşəriyyətin başına hansı oyunları gətirib, tarixdən hamıya yaxşı məlumdur. Müharibədə bu ideologiya tərəfdarları məğlubiyyətə uğrasalar da məhv olmadılar. Xeyli sonralar vaxtaşırı neofaşizm adı ilə peyda olmağa başladılar. Prinsip etibarilə faşist və neofaşist ideyalarında ciddi fərq yoxdur. Məsələ yalnız müasirliklə bağlıdır. Ancaq ən pisi odur ki, bu ideologiya məhz özünü həm qədim qitə, həm də müasir sivilizasiyanın öncülü sayan Avropada baş qaldırıb, yayılıb və yaşayır.
XX əsrin əvvəllərində Avropaya səyahət edən və onun mədəniyyəti, yaşayış tərzi, insani düşüncələri ilə tanış olan məşhur Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid Vətənə qayıtdıqdan sonra gördükləri haqqında dəhşət içərisində yazırdı: “Təməddünün sonu vəhşətmidir, nədir, ilahi?!” Yəni, mədəni inkişafın sonu vəhşiliyə gedib çıxırmı? Geniş dünyagörüşə və yüksək intellektualizmə malik ədibin Avropa təəssüratları məhz belə olub.
Ötən əsrin sonlarında isə skinxedlər deyilən millətçilər də elə Avropada yaranıb. Onlarda digər xalqlara qarşı nihilist münasibət var və özlərinin əməlləri ilə düşdükləri pis vəziyyətin səbəbkarlarını yalnız digər millətlər arasında axtarırlar. Bu isə milli nifaq yaradır, insanların bir-birlərinə nifrətini artırır, qazanılmış bir çox bəşəri dəyərlərin dəyərdən düşməsinə səbəb olur. Məsələn, XXI əsrin əvvəllərinə qədər dünya düşünürdü ki, multikultural və multikonfessial dəyərlər baxımından Avropa ölkələrinin uğurları dünya üçün nümunədir. Ancaq indi bu barədə danışmaq, yüngül desək, istehza doğurur.
Avropadan çiçəklənib yayılan müasir millətçilik hərəkatının kökündə irqçilik və faşizm toxumları islamofobiya dünyagörüşünə inteqrasiya olunaraq meydana çıxır. İslamofobiyanın mahiyyəti isə müsəlman inanclı bütün millətləri ehtiva edir.
Azərbaycan Prezidenti İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında söylədiyi kimi: “Biz sivilizasiyalararası dialoqdan söhbət açırıq. Amma, eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm (sivilizasiyaların dialoqu, o cümlədən dini əməkdaşlıq ) iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
Müşahidələr göstərir ki, bu gün tolerantlıq prinsipinə ən böyük təhlükə Şərqdən deyil, məhz Qərbdən gəlir. Bir zamanlar belə bir təhlükəni qərəzli şəkildə İslamla əlaqələndirməyə çalışan bəzi Avropa dövlətləri getdikcə özləri tolerantlıq prinsipinin ən böyük düşmənlərinə çevrilirlər. Fərqli fikir və düşüncəyə qarşı başlanmış “səlib yürüşü”, ilk növbədə, bu geosiyasi arealda sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirir.
Multikultural dəyərlərin aşınması fikri isə kökündən yanlışdır. Təbiətdə maddə itmədiyi, sadəcə, şəklini dəyişdiyi kimi adıçəkilən dəyərlər də bir ölkədə yoxa çıxa bilir, amma itmir, başqa, daha münbit ölkədə intişar tapıb yüksəlir. Avropada millətçiliyin güclənməsi əslində multikultural dəyərlərin iflasa uğraması fonunda baş verir. Əvəzində isə məlum olur ki, Azərbaycanın çoxmədəniyyətli və çoxinanclı cəmiyyəti müasir dövrün ən optimal yaşam tərzinə malikdir. Bu mənada ölkədə vəziyət elə gözəl və nümunəvi hyaldadır ki, artıq mütəxəssislər bunu “Azərbaycan modeli” deyə xarakterizə edirlər. Bu, o deməkdir ki, köhnə qitənin yeni müstəqil Azərbaycandan öyrənməsi və tətbiq etməsi üçün sanballı nümunə mövcuddur.
İKSmedia.az