AXTAR

Erməni lobbisinin Fransada da mövqeləri sarsılır

ermeni lobbisi

 

Avropa İttifaqı ilə strateji tərəfdaşlıq Azərbaycanı ön plana çıxarır
“Radio France İnternational”ın (RFİ) məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Fransaya səfər edəcək. Məlumatda qeyd olunub ki, səfər Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunur, lakin gözlənilir ki, Paris danışıqlarının əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət olacaq.
Məsələ burasındadır ki, bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan Parisdə səfərdə олub. Həmin səfərin də ikitərəfli diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunduğu qeyd edilir. Lakin artıq Yelisey sarayında Sarkisyanla Fransa prezidenti Fransua Olland Qarabağ məsələsini müzakirə ediblər. Digər tərəfdən martın 14-də Serj Sarkisyan Moskvada səfərdə olacaq, prezident Vladimir Putinlə ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ətrafında kəskinləşən situasiyanı müzakirə edəcək.
Ötən ilin yayında Almaniya federal kansleri Anjela Merkelin dediyi “Qarabağ münaqiəsinin açarı Moskvadadır” kəlamından sonra Minsk Qrupunda Fransanın və ABŞ-ın rolu xeyli zəifləmiş, təşəbbüs Rusiyaya keçmişdi. A.Merkelin açıqlamasından sonra Fransa tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşünü təşkil etmək üçün xeyli səylər göstərsə də İrəvan nümayişkarənə şəkildə danışıqlardan imtina etmişdi.
Hazırda Rusiya tərəfləri danışıqlar masası arxasına qaytarmaq üçün yenidən müəyyən diplomatik fəallıq nümayiş etdirir, prezidentlərin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirir. Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Minsk Qrupunun həmsədr ölkələri fəalliqlarını artırmağa çalışırlar. İşğalçı və zərərçəkən ölkələrin XİN başçılarının Rusiya XİN rəhbəri Sergey Lavrovla Moskvada görüşləri, prezidentlərin Parisə və Moskvaya səfərləri, habelə ABŞ-ın MQ-də keçmiş səfiri olmuş Ceym Uorlikin status-kvonun dəyişilməsinin zəruriliyi barədə bəyanatı buna sübutdur. Belə görünür ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə marağı ciddiliyini itirib. Erməni lobbisinin təsirindən qurtula bilməyən Fransa isə yoldan çəkilməyi düşünmür. Amma onun da mövqeyi xeyli dərəcədə kövrəkləşib. Azərbaycanın apardığı ağıllı siyasət bu ermənipərəst ölkənin dünyagörüşünə bir aydınlıq gətirib və fransız hakimiyyəti daha ayıq düşünməyə başlayıb.
25 il əvvəl Fransada Azərbaycanı tanıyan az idi. Xristian həmrəyliyinin güclü təsiri altında olan ölkədən Qarabağ müharibəsində haqqın kimin tərəfində olmasının fərqinə varmadan Ermənistana hərbi və iqtisadi yardımlar edilirdi. Erməni lobbisinin və diasporunun yalanları həqiqət iksiri sayılırdı. Lakin zaman-zaman vəziyyət dəyişib. Bu gün Azərbaycanla Fransa daha sıx tellərlə bir-birlərinə bağlıdır, nəinki Ermənistan. Həm də İrəvan birtərəfli şəkildə Fransadan nə isə umursa, Bakı bərabərhüquqlu əməkdaşlıq əsasında münasibətlərini inkişaf etdirir. Yəni, Serj Sarkisyandan ah-zardan, şikayətdən başqa heç nə görməyən fransızlar İlham Əliyevin gülərüz ünsiyyətçilliyi və aldığının əvəzini ödəmək şərti sayəsində kimin kim olduğunu yaxşı anlayıblar. Bu dönüş Qarabağ münaqişəsinin həllində də özünü büruzə verir. Təsadüfi deyil ki, Sarkisyanın Parisə səfərində şəhərin Trokadero meydanında Xocalı soyqırımının bu cəlladına qarşı keçirilən etiraz aksiyasında fransız vəkil Olivye Pardo və “Azərbaycanın dostları” təşkilatının rəhbəri Jan Fransua Mansel çıxış edərək bildiriblər ki, Dağlıq Qarabağda sülhün bərpa olunması və azərbaycanlıların öz yurd - yuvalarına qayıtmalarının nə dərəcədə əhəmiyyətli məsələ olduğunu Fransa rəhbərliyinin nəzərinə çatdırmaq üçün əllərindən gələni edirlər. Olivye Pardo Xocalı soyqırımının tanınması üçün başlatdığı petisiya barədə danışıb. O, Xocalı soyqırımında qətlə yetirilən 613 günahsız azərbaycanlının hansısa əməlinə görə yox, azərbaycanlı olduqlarına görə öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə qarşı cinayət olduğunu deyib. Jan-Fрansua Mansel isə iki əsas məsələdən - həqiqət və sülhdən bəhs edib. Həqiqət deyəndə o, Azərbaycanın 20 faiz ərazisinin BMT–nin də göstərdiyi kimi, Ermənistan tərəfindən qeyri-qanuni işğalında və Xocalı soyqırımının törədilməsində Ermənistan Prezidenti Sarkisyanın birbaşa əlinin olduğunu bildirib. O qeyd edib ki, Sarkisyan azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktını Tomas de Vaala müsahibəsində də təsdiqləyərək deyib: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu, çox faciəvi bir etirafdır. Düşünürəm ki, bu gün Sarkisyanı Parisdə qəbul edən fransızlar unutmamalıdırlar ki, onun əli Xocalı qurbanlarının qanına batıb”.
Bəli, ötən 25 il ərzində Parisin Qafqaz ab-havası çox dəyişib. Prezident İlham Əliyev belə bir siyasi zəmində Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyətini və həlli yollarını Fransa simasında Avropa İttifaqı ilə müzakirə edəcək.
Düşünürük ki, prezidentlərin müzakirə mövzusunda Azərbaycanla Aİ arasında yeni razılaşmanın bəndləri üzrə də söhbət olacaq. Axı, Aİ tərəfindən irəli sürülən “Şərq tərəfdaşlığı” Proqramı üzrə ümumi metodologiyaya Azərbaycan özünəməxsus düzəliş təklif edib və bunun qəbul edilməsinə nail olub. Bu, Proqrama tamamilə yeni mahiyyət verib. Perspektivdə əlaqələrin daha da intensivləşdirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə inteqrasiya proseslərinin gücləndirilməsi hazırlanan yeni razılaşma sənədində əks olunacaq. Təbii ki, imzalanmamışdan əvvəl bütün bunların öyrənilməsi və müzakirəsi vacibdir.

İKSmedia.az

Oxşar məqalələr