Prezident – baş nazir qarşıdurması pik nöqtəsinə çatıb
“Cəbhədə təxribatlar törədilməsində Ermənistan rəhbərliyinin hansısa məqsədləri var” - bu sözləri Azərbaycanın Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Vyana və Sankt-Peterburq görüşlərində təmas xəttində sabitliyin qorunması əsas şərt kimi irəli sürülsə də, Ermənistanın təxribatlar törətməsi hansısa məkrli planın bir hissəsidir.
N.Məmmədovun fikirləri Ermənistanda parlament seçkiləri öncəsi yaranmış situasiyanın xarakterini təcəssüm etdirir. Hazırda bu ölkədə qeyri-müəyyənlik, bir növ hakimiyyətsizlik hökm sürür. Prezident pespublikasından parlament respublikasına keçid, 1-ci şəxs olmaq şansına yiyələnmək üçün oynanılan tamaşada personajların sayını artırıb. Var-dövlət uğrunda mübarizədə vəzifənin əsas şərt olduğu Ermənistanda iki əsas– İrəvan və Qarabağ klanları arasında açıq savaş gedir.
Ermənistanın öz hamilərinin köməyi ilə Azərbaycan ərazilərini işğal etdiyi ötən əsrin 90-cı illərinin eyforiyası ilə güclənən və İrəvanda hakimiyyəti ələ keçirən Qarabağ klanının ümumi vəziyyəti getdikcə pisləşir. Artıq irəvanlılar onları yadellilər saymağa başlayıblar. Bu səbəbdən onların yaratdığı qruplar parlamenti ələ keçirmək üçün daha böyük əzmkarlıq göstərirlər. Fikir verin, indiyədək baş verənlərə laqeyd yanaşan keçmiş baş nazir Qrant Baqratyan qarabağlı Serj Sarkisyanın rəhbərlik etdiyi illərdə ölkədə vəziyyətin kəskin pisləşdiyini bildirib: “Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, amma ümumi xarici borc – 8 milyard dollardır. Ermənistanın xarici borcları artır və bu ölkəni kollapsa (ekstremal vəziyyətə) gətirib çıxara bilər”. O həmçinin əlavə edib ki, son 10 ildə ölkədə yoxsulluğun göstəricisi 23%-dən 30%-ə qalxıb və bu yalnız rəsmi məlumatlara görə belədir. Baqratyanın öz məlumatlarına görə isə, indi Ermənistanda yoxsulluğun səviyyəsi 38% təşkil edir.
Seçkilərdə iştirak edəcək “Çıxış” alyansının üzvü, Respublika partiyasının sədri Aram Sarkisyan və alyansa başçılıq edən hüquqşünas Edmon Manukyan isə 1998-ci ildən üzü bəri ölkədə baş vermiş səs-küylü qətllərin araşdırılması məsələsini qaldırıblar. Bu sıraya 1999-cu ilin oktyabrında parlamentin gülləbaran edilməsi cinayəti də daxildir. Məhz bu cinayət sayəsində Qarabağ klanı hakimiyyəti ələ keçirməyə müvəffəq olmuşdu.
İndi Ermənistanda əsas siyasi fiqur baş nazir Karen Karapetyan sayılır. Çünki, o, Kremlin kadrıdır və seçkilərdən sonra geniş hakimiyyətə malik olacaq başlıca şəxs hesab olunur. ERP sədrinin birinci müavini olan baş nazir seçkiqabağı kampaniya çərçivəsində etdiyi çıxışda vurğulayıb ki, “Xalqı narahat edən məsələlərə bizim cavabımız, hazırkı vəziyyəti dəyişməyə iradəmiz və qətiyyətimiz var”. Əslində bu sözlərlə o, Serj Sarkisyanın ölkəni bərbad hala salan siyasətini tənqid etmiş olur. Və təbii ki, vəziyyəti dəyişməkdən danışarkən yeni formalaşacaq hakimiyyət komandasını nəzərdə tutur. Bu komandada isə Serj Sarkisyanın yeri görünmür.
Bir neçə gün əvvəl istefada olan general-mayor Aleksandr Vasyak Ermənistan – Azərbaycan cəbhəsindəki təxribatları nəzərdə tutaraq deyib: “İrəvanın və Xankəndinin hərəkətlərinə siyasi qiymət verməyə ehtiyac yoxdur. Çünki onların öz hakimiyyətini istənilən yolla qoruyub-saxlamaq üçün “ağıllı strategiyaları” barədə bu gün hətta evdar qadınlar və məktəblilər də bilir. Məni isə hərbçi insan kimi, bu il fevralın 25-nə keçən gecə cəbhədə baş vermiş toqquşmaların soyuqqanlı təhlili daha çox narahat edir.
Çox az adam bilir, amma Ermənistan rəhbərliyi tərəfindən hərbi dairələr qarşısında cəbhədə, heç olmasa, hər hansı bir lokal uğur qazanmaq barədə tapşırıq qoyulub. Ermənistandan xüsusi təyinatlı bölmələrin döyüş əməliyyatları zonasına atılması və qoşunların təmas xəttində saysız-hesabsız və ardı-arası kəsilmədən diversiya hərəkətlərinə cəhdlər buna sübutdur”.
Aydın görünür ki, Ermənistanın hakim dairələri vəzifə kreslosuna görə gənc həmvətənlərini ölümə göndərməkdən çəkinmirlər. Xalq isə bunu görür və hakimiyyətə nifrətini açıq bəyan edir..
IKSmedia.az