Ermənistanda parlament seçkilərinə Qarabağda sülh və barışıq şüarı ilə qatılan yeganə siyasi qüvvə-“Ermənistan Milli Konqresi” və Xalq partiyasının bloku təbliğat kampaniyasını bu şüar üzərində qurub. Virtualaz.org xəbər verir ki, “Ermənistan Milli Konqresi”nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan Kotayk vilayətində seçicilərlə görüşündə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı indiki status-kvo özünü doğrultmur.
“Bu gün Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunmasının yeganə yolu və imkanı sülhün əldə edilməsidir. Status-kvonu saxlamaq siyasəti özünü doğrultmur”-Zurabyan deyib.
Müxalif siyasətçi bildirib ki, ATƏT-in Minsk Qrupunun hələ 90-cı illərin ortalarında tərəflərə təqdim etdiyi nizamlama planı hazırda da müxtəlif modifikasiyalar altında danışıqlar masası üzərindədir. Zurabyan təmsil etdiyi blokun Qarabağ münaqişəsinin nizamlanmasının kompromislər yoluyla mümkün olduğunu deyib. Onun sözlərinə görə, əsas məsələ budur ki, xalq atəşkəs razılaşması ilə sülh razılaşmasının arasındakı böyük fərqi başa düşsün.
“Sülh razılaşması beynəlxalq strukturların, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qarantiyası altında olur. Atəşkəs haqda razılaşma isə müstəsna olaraq tərəflərin iradəsinə əsaslanır”-Zurbayan deyib.
Xatırladaq ki, “Ermənistan Milli Konqresi”nin lideri, eks-prezident Levon Ter-Petrosyan partiyasının ötən il dekabrın 17-də keçirilən qurultayında çıxışı zamanı indiki hakimiyyətin Qarabağ siyasətini tənqid edib, bunun Ermənistanı və Dağlıq Qarabağ ermənilərini uçuruma apardığını deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi nizamlanmadan ermənilərin qalan problemlərinin heç biri həll edilməyəcək. Ter-Petrosyan Qarabağ münaqişəsinin həllinin ancaq mərhələli yolla mümkün olduğunu deyib, seçkilərə Qarabağda sülh, barışıq və xeyirxah qonşuluq devizi ilə qatılacaqlarını elan edib.
Lakin qeyd etmək lazımdır ki, Sərkisyan rejiminin tamamilə davakar əhval-ruhiyyədə köklədiyi erməni cəmiyyəti Ter-Petrosyanın barışıq və kompromislərə dair çağırışlarına dəstək verməyib. “Ermənistan Milli Konqresi” ancaq çoxdankı müttəfiqi olan Xalq partiyası ilə blok yarada bilib və qalan bütün siyasi qüvvələr Ter-Petrosyanın sülhə çağırışlarını “ziyanlı” hesab ediblər.
Elə Levon Zurabyanın Kotayk vilayətində seçicilərlə görüşünə də çox adam yığışmamışdı. “Ermənistan Milli Konqresi”nin sədr müavini seçicilərə Qarabağda sülh proqramını anladarkən şəhərin mərkəzi meydanına yığışmış qocalar öz aralarında çıxış edənləri müzakirə edirdilər. Manukyan bunu görəndə deyib: “Xahiş edirəm mənimlə paralel danışmayın. Həkimin təklif etdiyi resept sülhdür. Və əgər aprelin 2-də xalq bizi dəstəkləsə minnətdar olardıq, yox, dəstəkləməsə bir çox pis hadisələr baş verə blilər”.