AXTAR

Qərbdə Xocalı soyqırımını tanımağa cəhd

xocali unutma

 

Uzun illərdir Azərbaycan qonşuluqda yaşayan ermənilərin insanlığa ləkə, xalqımızın qəlbinə ağır yara vuran əməlləri barədə dünya ictimaiyyətinə arasıkəsilməz məlumatlar, faktlar göndərir. 1992-ci il fevralın 26-da rus əsgərləri ilə birlikdə törədilən soyqırımın tanınması üçün çağırışlar edir, ədalət axtarır, cinayətkarların məsuliyyətə cəlb edilməsini istəyir. Erməni lobbisinin və diaspor təşkilatlarının səyi ilə cinayətkarlar soyqırım faktlarını nə qədər gizlətməyə çalışsalar da Azərbaycanın düzgün istiqamətlənmiş siyasəti, gərgin və məqsədyönlü fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Təsadüfi deyil ki, bu günlərdə “Change.org” saytında Xocalı soyqırımının tanınması ilə bağlı petisiya açılıb. Fransalı vəkil Oliver Pardo tərəfindən açılan petisiyanı martın 3-dək imzalayanların sayı 11 mini keçib. Petisiyada göstərilir ki, 1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyətinin bu faciə haqqında az məlumatı var: “İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır”.
Petisiyada Fransa hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir. Çağırışın müzakirəyə çıxaracaq sayda imza toplaması istisna edilmir. Belə ki, erməni lobbisinin təsiri ilə bir sıra dövlətlərin siyasətində ermənipərəstlik hiss olunsa da sadə insanlar siyasəti yox, həqiqəti üstün tuturlar. Bu sətirlərin müəllifi avropalı sakinlərin Xocalı dəhşətlərini əks etdirən foto-video materiallara reaksiyasının şahididir. Onlar ermənilərin cinayətlərini izlədikcə onları lənətləyirdilər. Yeri gəlmişkən, petisiyanın imzalanmasında soydaşlarımızın və Azərbaycanın diaspor təşkilatlarının, habelə mühacirlərin fəaliyyəti böyük rol oynaya bilər. Ümidvarıq ki, onlar bu əhəmiyyətli hadisədə iştirakdan kənarda qalmayacaqlar.
Petisiyanın hökumətin müzakirəsinə çıxarılması prosedurun başlıca prinsipidir. Düzdür, soyqırımın Fransa hökuməti tərəfindən məhz soyqırım aktı kimi tanınması indiki halda çətin görünür. Fransanın Minsk qrupunun həmsədri olması bu işdə bəhanə rolunu oynayacaq. Lakin ən azı müzakirəyə çıxarılması vacibdir. Bunun üçünsə imzatoplama kampaniyasını genişləndirmək lazımdır. Çünki, bu ölkədə keçiriləcək müzakirə digər ölkələrin də diqqətini cəlb edər. Həm də bir dəfə hökumətin müzakirəsinə çıxarılan məsələnin ikinci-üçüncü dəfə də çıxarılması və prosedurun son nəticəyə qədər təkrarlanması mümkündür.
Bu minvalla yaxın bir neçə ildə Xocalı soyqırımının tanınması yolu ilə nəinki ermənilərin əsl üçünü açmaq, həm də gələcəkdə bu cür cinayətlərin təkrarlanmasının qarşısına sədd çəkilər.


IKSmedia.az

Oxşar məqalələr