Baş nazir Paşinyanın xarici təlimatla əkdiklərinin meyvələri çox acı dadır
İrəvanda baş verənlər postinqilab ölkəsinin acınacaqlı vəziyyətini əks etdirir. Buvaxtadək Moskvadan gələn göstərişləri olduğu kimi qəbul edib həyata keçirən əvvəlki hakimiyyətdən fərqli olaraq yeni sayılan inqilabçı hakimiyyət fərdi qərarlar qəbul etməyi qarşısına məqsəd qoyub. Lakin bütün dügər məqsədləri kimi bu istiqamətdə də əməli nəyəsə nail ola bilməyib. İş burasındadır ki, Ermənistandan “5-ci kolon” deyilən qüvvə mövcud deyil o anlamda ki, bu ölkənin özü bütövlükdə beşinci kolondur, çünki onu bu qüvvə yaradıb. Buna görə də bu kolonun cazibə qüvvəsi o qədər güclüdür ki, onun təsir dairəsindən çıxmaq heç cür mümkün görünmür. Bunun başlıca səbəblərindən biri Ermənistan iqtisadiyyatını hörümçəksayağı sarımış rus torunun caynaqlarının iti olmasıdır. Siyasi şəbəkəni də bura əlavə edəndə Ermənistanın sonu görünməyən dalana dirəndiyi aydın görünür.
Paşinyan rus torundan qurtulmaq istəyir. Bu yolda hər şey hörümçəklə onun qurbanı arasında gedən təbii mübarizə formasındadır. Yəni, Ermənistan çabalayır, vurnuxur, torun hansısa bir yerini zədələyir, amma marıqda yatan hörümçək dərhal hərəkətə keçib zədələnmiş yerləri əvvəlki halına gətirir. Ermənistanın eks-prezidenti Robert Köçəryanın 2008-ci il 1 mart hadisələrinə görə həbsə atılması, sonra azad edilməsi və bir müddət sonra yenidən həbs olunması bu gedişatı təsdiqləyir. Bu oyunların fonunda Ermənistanın “oyuncaq” dövlət olması üzə çıxır. Paşinyanın baş nazirliyi adi dəftərxana müdirliyindən o yana keçmir. Rusiyanın bu ölkədəki səfiri Kaprıkinin, bir tərəfdən siyasi məhbus, digər tərəfdən cinayətkar hesab edilən Robert Köçəryanla qaydalardan kənar görüşməsi və sonradan “burada nə var ki?!” deyərək erməni hökumətinə tam etinasızlıq nümayiş etdirməsi “marionet qurum” faktını bütün acılığı ilə əks etdirir. Köçəryan həbsdə olmasına baxmayaraq, Rusiyadakı “Sistem” AFK - iri biznes qurumunun direktorlar şurasının üzvü olaraq qalır. Bu haqda “Sistem”in əsas sahibi məlumat verib. Bu da Rusiyanın öz adamına isti münasibətinin ifadəsidir. “Oyuncaq” dövlətçiliyin nəticəsidir ki, Paşinyan “müstəqil” hesab edilən Konstitusiya məhkəməsinin sədrini dəyişdirməyə cəhd edir, Vaqe Qriqoryan adlı hakim “inqilabçılıq” edərək özünü KM-in sədri elan edir.
Ermənistanın iqtisadiyyatı “ölü” vəziyyətdə olduğundan hökumət öz sözünü deyə bilmir. Axı, cibiboş nazirliklərin rəhbərlərinə kim qulaq asar. İndi ölkədə hər gün etiraz aksiyaları keçirilir, yollar bağlanır, işçilər çörək tələb edir. Publisistlər davamlı olaraq mətbuatda yazırlar ki, Ermənistanda görüntü var, ancaq çörək yoxdur. Postinqilab Ermənistanında narazılıq və razılaşmamaq adi hala çevrilib. Başqa cür də ola bilməz. Çünki, erməni hakimiyyətinin özü də inqilab sayəsində küçədən gəlib. Təhlilçi Tevos Arşakyan yazır: “Nikol Paşinyan insanları küçəyə çıxarmaqla cini şüşədən buraxmış oldu və bu gün o, göstərdiyi nümunənin meyvələrini dadır”. Baş verənlərdən göründüyü kimi, bu meyvələr yalnız acı dadır.
Baş nazir və onun “Mənim addımım” bloku bu acılığı Rusiyada görür. Pis də budur. Nə qədər ki, ermənilər öz günahlarını və səhvlərini başqalarının boynuna yıxacaqlar, Ermənistanda vəziyyət düzəlməyəcək. Paşinyan çalışır ki, Rusiyada yaşayan erməni iş adamlarının investisiyalarını Ermənistana yönəltsin. Bu işə ABŞ-da yaşayan və erməni diasporlarına təsiri olan Sinanyanı da cəlb edib. Lakin milyarderlərlə görüşlər bir fayda vermir. Çünki, onlar Rusiyada qazandıqları varidatı Ermənistana yatırmaqla Kremlin siyasətinə tuş gələcəklərindən və bu səbəbdən iqtisadi intihara məcbur edilməklərindən qorxurlar. Buna görə də Paşinyan Rusiyaya əbədi sədaqətini isbat etməyincə vəziyyət belə də davam edəcək. Əbədi sədaqətlilik isə müstəqilliyin əleyhinə işləyir. Demək, erməni hakimiyyətinin qarşısında daha səmərəli və konstruktiv yol tapmaq vəzifəsi durur. Amma bunun da yolu Ermənistanın regiponda geostrateji mövqeyini təkmilləşdirməkdən keçir. Bu, Azərbaycana olan təcavüzkar siyasətin kökündən dəyişdirilməsidir. İrəvan fərqüinə varmalıdır ki, Türkiyə-Rusiya münasibətləri prezident Putinin bu günlərdə elan etdiyi kimi strateji tərəfdaşlıq mahiyyəti alıb. Azərbaycan-Rusiya münasibətləri də həmçinin. Gürcüstanda baş verənlər də Er5mənistana dərs olomalıdır. Belə bir məqamda hansı ağıllı siyasətçi, Rusiyanın qucağını Qərbin qucağına dəyişmək fikrinə düşər. Təbii ki, müstəqillik vacib şərtdir. Amma buna mövcud reallıqdan çıxış edib siyasi yolla nail olmaq olar, daha əlaltdan işləməklə yox. Ancaq bir məsələ də var ki, ermənilərin işi çox ağır olacaq, axı, onlar əlaltılıq etməyə adət ediblər.
N.NOVRUZ