AXTAR

Separatçılarla İrəvan hakimiyyəti arasında süni parçalanma yaradılır

Separatçılarla İrəvan hakimiyyəti arasında süni parçalanma yaradılır

 

irəvan və qarabag klani

 

 

Hazırda Ermənistanda baş verən hadisələr ilk olaraq İrəvan və Qarabağ klanları arasında gedən hakimiyyət davası kimi təqdim olunur. Bu nə qədər məntiqi səslənsə də, əslində sətiraltı mənaları da var. Paşinyanın hakimiyyətə gələndə hər şeyə asanlıqla nail olması belə bir varinatın ehtimal dərəcəsini yüksəldir ki, tərəflər çox böyük dəqiqliklə işlənmiş plan əsasında fəaliyyət göstərir. Köçəryanın həbsdən azad olunması Rusiya faktoru ilə əlaqələndirilir. Lakin bəlkə də elə Kremlin özü bu variantda iştirakçı rolunda çıxış edir. Söhbət ondan gedir ki, Paşinyan hakimiyyətə gələn gündən “mənim qarabağlılar (bölgənin erməni əhalisini nəzərdə tutur) adından danışmaq səlahiyyətim yoxdur” deyir. Amma oğlunu oraya hərbi xidmətə göndərir və özü dəfələrlə Azərbaycan ərazisinə qanunsuz səfərlər edir. Görünür ki, məqsəd planın daha dəqiq həyata keçirilməsi üçün təcrübə toplamaq olub.
Demək, elə bir təəssürat yaradılır ki, guya Ermənistanda klanlar bir-birini əzir, sonda İrəvan və Qarabağ klanları düşmən obrazında ayrılır və ayrı fəaliyyət göstərirlər. Lakin təbliğat davam edir və dünyaya car çəkirlər ki, Azərbaycanla birgə sərhədlər daxilində yaşamaq qeyri-mümkündür, ona görə ki, azərbaycanlılar bunların axırına çıxacaq. Heç şübhəsiz bu plan yalnız ermənilərin yox, onların beynəlxalq havadarlarının birgə iştirakı ilə hazırlanıb. Təsadüfi deyil ki, Henrix Mxitaryan adlı adi bir futbolçu ətrafında elə bir hay-küy qaldırılıb ki, məsələnin mahiyyətindən bixəbər olanlar və Azərbaycanı tanımayanlar elə düşünər ki, həqiqətən bu futbolçu Bakıya gəlsə elə oyunun gedişində qətlə yetirilər. Mxitaryanın İnstaqram və “Arsenal” komandasının sosial şəbəkə səhifələrində adi azarkeşlərlə yanaşı məşhurların da status yazdıqlarına fikir vermək lazımdır. Hiss olunur ki, bu ciddi surətdə təşkil edilmiş aksiyadır.
Plana əsasən, Ermənistanın nəzarətindən və himayəsindən çıxmış Qarabağdakı qondarma qurum ah-nalə ilə dünya ictimaiyyətinə müraciət edir ki, “bizi azərbaycanlılardan qoruyun”. Dərhal beynəlxalq missiyalar bir-birinin səsinə-səs verərək “məzlumların” müdafiəsinə qalxır. Çünki, qanunla Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşları sayılır və onlar Azərbaycan Respublikasının himayəsinə keçməlidirlər. Bu zaman bir çox ölkələrdən, təbii ki, ilk növbədə Fransa, ABŞ, İngiltərə başda olmaqla bir sıra ölkələrdən missionerlər humanitar ad altında bölgəyə səfər edib burada kök salmaq istəyəcəklər. Ermənistan da xarici himayədar simasında bu işlərə başçılıq edəcək. Nəticədə belə formul işlənib hazırlanacaq ki, ermənilər artıq Azərbaycan ərazisində olsa da müstəqil yaşayırlar, onların öz dövlət qurumları var və bu səbəbdən Azərbaycan onlarla danışıqlara başlayıb münasibətləri müəyyənləşdirməlidir. ATƏT-in Minsk qrupunun bu işdə xüsusi fəallıq göstərəcəyinə heç bir şübhə olmasın.
İndi isə Ermənistanda iki klan arasında parçalanmanı gücləndirən hadisələr davam edir. Köçəryanın məhbəsdən azad edilməsindən bir gün sonra onun evi qarşısında “Robik-qatildir!” plakatları ilə piket keçirilir. KİV-də isə 2008-ci ildə Qarabağdan əsgərlərin İrəvana gətirilməsi və onlara Ermənistan Müdafiə Nazirliyinin formalarının geyindirilərək aksiyaçılara atəş açmaları əmrinin verilməsi haqda materiallar dərc edilir. Hadisələrin bu cür gedişatında Paşinyanın əhalini məhkəmələrin işini pozmağa çağırması, səhərisi isə yüngül bəyanatlar verməsi də yalnız bir məqsədə-süni düşmənçiliyin gücləndirilməsinə hesablanıb.
Bu variant Ermənistanda baş verən hadisələrin erməni xisləti fonunda təhlili ilə meydana çıxan ümumi mülahizədir, lakin istisna deyil. Diqqət etmək lazımdır ki, eyni zamanda Azərbaycan əleyhinə təxribatlar da çoxalıb. Bu səbəbdən bizim daha diqqətli olmağımıza və mövcud şəraitdə daha incə və sərt addımlar atmağımıza ehtiyac güclənir. Axı, Azərbaycanın da dostları, strateji müttəfiqləri və siyasi tərəfdaşları kifayət qədərdir. Bir şey məlumdur ki, Qarabağ münaqişəsinin həlli məqamı anbaan yaxınlaşır.
N.NOVRUZ

Oxşar məqalələr