Müharibənin alovlanması Ermənistanın təkcə işğal etdiyi torpaqlardan əl çəkməsi ilə bitməyəcək
“Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar yenidən başlayarsa, Ermənistanın məğlubiyyət ehtimalı olduqca böyükdür”. Bu sözləri ABŞ-ın Milli Kəşfiyyatının direktoru (Director of National Intelligence, DNI) Deniel Kouts deyib. Senatın kəşfiyyat üzrə xüsusi komitəsindəki dinləmələrdə çıxış edərkən o, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib.
D.Koutsun qənaəti xəyal məhsulu yox, mövcud gücün təsirindən doğan reallıqdır. Ermənistanın höcətçiliyi hazırda Minsk qrupu həmsədrlərinin fəallaşmağı fonunda çox sönük fəaliyyət kimi görünür. Əsasən ABŞ və Rusiya dövlətləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində planlar irəli sürülür, rəylər bildirilir, politoloqlar və ekspertlər təhlillər aparırlar. Ancaq bütün hallarda real təsir və təzyiqlə amerikalılar tərəfindən gəlir.
Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryanın fikrincə, zahirən Ermənistan və Azərbaycan sərhədlərində sakitlikdir, hətta xalqların sülhə hazırlanması haqda söhbətlər gedir. Lakin İlham Əliyevlə Nikol Paşinyanın saat yarım çəkən “təsadüfi” görüşlərinin dairəsindən kənara heç bir informasiya çıxmır: “Lakin hər bir halda bu o deməkdir ki, proses gedir və bu, münaqişəyə aiddir”.
Prosesi sürətləndirən amillərdən biri ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana təbrik məktubunda Qarabağ münaqişəsi ilə bağlı qısa, konkret, amma təsirli iki cümlə işlıətməsidir. Digər amil isə prezidentin təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Con Boltonun əvvəl Nikol Paşinyana, daha sonra isə Prezident İlham Əliyevə zəng etməsidir. Azərbaycan prezidenti ilə Qarabağ münaqişəsinin həlli barədə müzakirə aparıldığı bildirilən Boltonun Paşinyanla bu barədə söhbət olmadığı bildirilir. Özü də yalnız Paşinyanın dilindən. Həqiqətdə isə bunun belə olmadığına hamı inanır.
Eyni zamanda Kremllə əlaqələrinin gizlədilmədiyi bir sıra rus politoloqlar da münaqişənin həlli barədə öz fikir və mülahizələrini geniş şəkildə yayırlar. Qəribə mənzərə yaranır: dünya siyasətinin ən önəmli iki supergüc dövlət münaqişəsinin nizamlanmasında israrlı tələblərlə çıxış edirlər, lakin hələ də ortada konkret addımlar atılmır. Bunun əsas səbəbi 2016-cı ildə Azərbaycanın Ermənistan silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbə ilə bağlıdır. Artıq hamıya məlumdur ki, üzbəsurət mübarizədə Ermənistanın nə siyasi dairələri, nə də hərbi qüvvələri Azərbaycan diplomatıyasının və ordusunun qarşısında uzun müddət davam gətirə bilməz. Bu bir faktdır və beynəlxalq ekspertlər, hərbi reytinqləri araşdıran nüfuzlu təşkilatlar Azərbaycan Ordusunun qüdrətli ordu olduğunu təsdiqləyirlər. Dərc olunan hesabatlarda ordumuz düşmənin silahlı qüvvələrini təxminən 40 bənd üstələyir. Ən müasir və elektron silahlar, müasir tankların, döyüş maşınlarının, təyyarələrin və vertolyotların, habelə canlı qüvvə sayının üstünlüyü, döyüş bacarıqlarının daha müasir və təkmil olması bu qənaətə gəlməyə əsas verib. Üstəlik, canlı qüvvə və döyüş sürsatlarının potensialı, habelə hərbi-sənaye kompleksinin inkişaf göstəriciləri də bu sıraya daxildir.
Ancaq belə bir mövcud durumda nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq normaları və tarixi haqq-ədalət prinsipləri yox, dövlətlərin maraqları baxımından məsəyə yanaşılır. Yəni, nə ABŞ, nə də Rusiya münaqişə üzərində regionda yürütdükləri siyasətdən əl çəkmək fikrindədirlər. Əslində müharibə təhlükəsinin böyüməsi amerikalılara strateji nöqteyi-nəzərdən sərf edir. Çünki, regionda yayım arealını genişləndirmək üçün müharibə real vasitə rolunu oynayır. Həm də Qarabağdan Ermənistanın çəkilib getməsi bu ölkənin Rusiya ilə münasibətlərinin kəskinləşməsi üçün yaxçı resursdur.
Rusiya isə münaqişənin həllindən danışsa da, əslində münaqişənin tam həllinin əksinə çıxış edir. Məsələn, Aleksandr Duqin və digər rus politoloqlar son nvaxtlar Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad edilməsi üzərində variantlar quraşdırıb ictimaiyyətə sırımaq istəyirlər. Lakin Azərbaycan tərəfindən belə saxta variantlar heç vaxt qəbul edilə bilməz.
Bu iki həmsədr ölkənin cabfəşanlığı üzdən qəbul edilsə də bunun altında nələr yerləşdiyinin Azərbaycan hakimiyyəti fərqindədir. Buna görə də Prezident İlham Əliyev bu yaxınlarda verdiyi bəyanatla yayılan bəzi söz-söhbətin üstündən xətt çəkərək bildirib ki, Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi hələ ki, müzakirə olunmur. Bu bəyanat birbaşa Rusiyanın, sətiraltı mənası ilə isə digər dövlətlərin Qarabağ münaqişəsinin siyasi alver predmetinə çevirmək istəklərinə güclü zərbədir. Həm də onu göstərdi ki, bütün kənar cəhdlərə rəğmən Azərbaycan ona sırınan hər hansı problemin həllində müstəqildir. Bu da o deməkdir ki, Qarabağ münaqişəsi ədalətlə, ərazi bütövlüyü çərçivəsində və əlverişli situasiya yetişən kimi Azərbaycanın öz qüvvəsi ilə həll ediləcək.
N.NOVRUZ