AXTAR

Hrant Mikaelyan: “Moskva ilə münasibətlərdə Paşinyan səhvlərə yol verib”

paşinyan putin

 

Virtualaz.org-a eksklüziv müsahibəsində Qafqaz İnstitutunun (Yerevan) elmi işçisi Hrant Mikaelyan bildirib ki, Respublikaçılar Partiyasının parlament çoxluğu Ermənistanın baş naziri Nikol Paşinyana mümkün “sürprizlər”lə bağlı təhlükə yaradır.

“Hələ ki, Respublikaçılar Partiyası parlamentdə nisbi çoxluğa malikdir, Paşinyan “sürprizlər”in olmayacağına tam əmin ola bilməz. Bundan əlavə, Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarına sona qədər güvənmir. Onlarla baş nazirin alyansı məcburi və müvəqqətidir. O ki qaldı onun istefaya getmək istəməməsinə, mənə belə gəlir ki, söhbət qorxudan gedir. Yəqin ki, Paşinyan uduzmaq istəmir, çünki hətta simvolik olaraq hakimiyyətdən müvəqqəti çəkilmə şüuraltı səviyyədə onun seçiciləri tərəfindən mənfi qarşılanacaq”, Paşinyanın Ermənistan Konstitusiyasına dəyişikliklər edərək, baş nazirin istefaya getməməsi şərtilə növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmaq planlarını şərh edərkən H.Mikaelyan deyib.

Ekspert Yerevanın xarici siyasətində qərbə meyllənmə ilə bağlı Moskvanın narahatlığını əbəs hesab edir.

“Düşünürəm ki, Qərbə doğru hər hansı nəzərə çarpacaq trend yoxdur. KTMT-nin baş katibi vəzifəsində ola-ola Xaçaturovun həbsi kimi ikitərəfli münasibətlərdə müəyyən səhvlər var. Bir sıra digər şeylər, misal üçün, keçmiş prezidentin izlənməsi və kadr siyasəti Yerevanda olduğundan Moskvadan daha fərqli görünə bilər”, - H.Mikaelyan söyləyib.

Onun sözlərinə görə, bu Moskva ilə Yerevanın həmin məsələdə müxtəlif mövqelərdə durmasından irəli gəlir.

“Bu müxtəliflik müxtəlif mövqelərlə bağlıdır: Rusiya inqilablara pis yanaşır, Ermənistanda isə hakimiyyətdə inqilabi hökumətdir. Buna baxmayaraq, münasibətlərdə uzunmüddətli böhran üçün əsas yoxdur və hazırda Yerevan bu cür risklərlə bağlı Rusiyadakı tərəfdaşlarını sakitləşdirməyi bacarıb”, - o vurğulayıb.

H.Mikaelyan hesab edir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan barəsində başlanmış cinayət işinin araşdırılması və məhkəmə prosesi kifayət qədər çox vaxt aparacaq.

Hrant Mikaelyan

“Xaçaturovun işində hakimiyyət çox tələskənlik etdi. Hazırda KTMT-nin baş katibinin dəyişdirilməsi məsələsi qalxıb. Bu proses başa çatandan sonra həmin məsələ, yəqin ki, yenidən gündəmə gətiriləcək. O ki qaldı Robert Köçəryana, bu məsələdə də istintaq geri çəkilməyi düşünmür. Bir çoxları, o cümlədən də, hakimiyyətdəkilər Köçəryanı türmədə görmək istəyir. Yəqin ki, bu iş çox uzanacaq və Köçəryan həbs ediləcək, ola bilsin ki, bir neçə dəfə”, - politoloq qeyd edib.

Keçmiş prezidentin böyük siyasətə qayıtmaq səylərini H.Mikaelyan məhkəmədə özünün haqlı olmasını sübuta yetirmək arzusu ilə izah edir. Eyni zamanda o, N.Paşinyanın komandasına boşalmış müxalifət yerini tutmaq istəyir.

“Siyasətə qayıdışın səbəblərindən biri Köçəryanın fəal həyat mövqeyidir. O, həmişə hakimiyyət uğrunda mübarizə aparmaq istəyib, sadəcə olaraq, Serj Sarkisyan dönəmində bu perspektivsiz işi idi. Digər səbəb isə barəsində başlanmış cinayət işidir. Siyasi xadim kimi hakim qarşısına çıxarsa, bu müəyyən mənada müdafiə olunmaq üçün şansdır. Üçüncü səbəb isə odur ki, Serj Sarkisyan və onun partiyası kölgədə qalıblar və müxalifətdə bir boşluq yaranıb. Həmin boşluğu isə Köçəryan rahat doldura bilər”, - politoloq deyir.

Buna baxmayaraq, H.Mikaelyan R.Köçəryanın və eyni zamanda, S.Sarkisyanın Ermənistana yenidən rəhbərlik etmək cəhdlərini mənasız hesab edir.

“Düşünürəm ki. yaxın 10 il ərzində Serj Sarkisyan və Robert Köçəryanla assosiasiya edilən hər hansı siyasi qüvvənin hakimiyyətə gəlmək və ciddi şəkildə hakimiyyət uğrunda mübarizə aparmaq şansı yoxdur. Xarici qüvvələr uduzanları dəstəkləməyəcək – adəti üzrə, inqilablardan sonra xarici tərəfdaşlar yeni hakimiyyətlə dil tapmağa çalışırlar və köhnələri dəstəkləmirlər”, - Qafqaz İnstitutunun elmi işçisi sözlərini yekunlaşdırıb.

Rasim Babayev

Oxşar məqalələr