AXTAR

ABŞ-ın andlılar məhkəməsi Manafortu 8 maddə üzrə təqsirkar bilir

poı manafort

 

ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində federal andlılar məhkəməsi Prezident Donald Trampın seçkiqabağı təşviqat kampaniyası qərargahının sabiq sədri Pol Manafort barədə qərar qəbul edib. O, ittiham olunduğu 18 maddədən 8-i üzrə təqsirkar bilinib.

AZƏRTAC xəbər verir ki, ittihamlar üzrə səkkiz maddədən beşi vergilərdən yayınma, biri xarici bank hesablarının rəsmən açıqlanmaması, ikisi bank fırıldaqçılığı ilə bağlıdır. Yerdə qalan 10 maddəni hakim etibarsız hesab edib. Çünki andlılar həmin maddələr üzrə ittihamlar barədə razılığa gələ bilməyiblər.

Vaşinqtondakı siyasi şərhçilər məhkəmənin hökmünü vəkil Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə güman edilən müdaxiləsinin araşdırılması işində mühüm qələbəsi hesab edirlər. İttiham aktının hər maddəsi uzunmüddətli həbs nəzərdə tutur. Əgər hakim andlıların nəticələri ilə razılaşarsa, P.Manafortu 80 ilədək həbs cəzası gözləyir. Belə olan halda 69 yaşlı P.Manafort ömrünün qalan hissəsini həbsxanada keçirəcək.

Xüsusi vəkil Robert Müller və onun prokuror komandası Pol Manaforta qarşı hələ fevral ayında ittiham irəli sürüb. İki həftə davam edən məhkəmə araşdırması zamanı vəkil Pol Manafortun dəbdəbəli həyatının xərclərini ödəməsi məqsədilə ABŞ hökuməti orqanlarından milyonlarla dollarları gizlətdiyini sübut etmək və dəlilləri nümayiş etdirmək üçün onun onlarca mühasibini və köməkçisini məhkəmə qarşısında sorğu-sual edib. ABŞ Prezidenti Donald Tramp Pol Manafort barədə hökmü “rüsvayçılıq” adlandırıb.

Bununla yanaşı, sentyabrda Vaşinqtonda P.Manafortun lobbiçilik fəaliyyəti üzrə dinləmələr başlanacaq.

Oxşar məqalələr