Gözün aydın, vətən övladı!

Agdam 1

İşğaldan azad ediləcək Qarabağda Azərbaycan bayrağının dalğalanmasını xalq səbirsizliklə gözləyir

Bu gün Azərbaycan xalqı sərt karantin rejimində və müharibə şəraitində yaşayır. Lakin bu çətinliklər hiss olunmur. Çünki, karantin rejimi gözlənilməz olsa da, torpaqlarımızın azadlığı uğrunda müharibənin başlayacağı günü əhali çoxdan gözləyir və onun gəlməsini tələb edirdi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev xalqın və zamanın tələbini vaxtı çatan kimi bir an belə gecikmədən yerinə yetirdi - azğınlaşmış düşmənin təxribatlarına son qoymaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əmri verdi. Ordumuzun ilk dəqiqələrdən sürəkli hücumu nəticəsində tar-mar olan düşmənin geri oturdulması göstərir ki, tezliklə qələbə sədaları Qarabağın bütün ərazisini bürüyəcək.
Gözünüz aydın, ay ellər, ey vətən övladı, biz döyüşə gedirik. Ölsək torpaq uğrunda şəhid olduğumuza görə, qalsaq azad etdiyimiz vətən torpağında yaşadığımıza görə şərəflənəcəyik. Azadlıq şirin şeydir! Qarabağın həsrətini çəkən 10 milyonluq xalqımız, doğma yurda qayıtmağı gözləyən bir milyon məcburu köçkünümüz müsəlləh əsgər kimi döyüşə atılmağı arzulayır.
Qarabağ dərdi bizi üzdü, qardaş, yaman üzdü. Ancaq eyni zamanda bizi bərkitdi, bir millət kimi yetişdirdi, müharibəyə hazırladı, azadlıq uğrunda mübarizə yollarında birgə addımlamağın təhərini öyrətdi. Biz ikitərəfli od içərisində- müstəqillik və torpaqlarımız uğrunda vuruşduq. Ötən hər il bizə dostumuzun kim, düşmənimizin kim olduğunu anlatdı. Bizim öz sənayemiz, öz siyasətimiz, öz ordumuz yarandı, vəzifə kürsülərində öz adamlarımız oturdu və biz bir millət, bir xalq olaraq identikliyimizi bütün dünyaya göstərdik, nəyə qadir olduğumuzu sübut etdik.
Azərbaycan ordusunun hücumu 3 istiqamətdən davam edir və hər üç istiqamətdə düşmənin silahlı birləşmələri mühasirə vəziyyətindədir. Fizuli və Ağdərə rayonlarından düşməni çıxardanda artıq Ağdam da azad olunacaq. Cəbrayıl erməni qəsbkarlarından qurtulan kimi Kəlbəcərə ermənilərin ayağı kəsiləcək, Şuşanın azadlığı ilə Qubadlı və Laçının azadlığı təmin olunacaq. Xankəndi şəhəri isə döyüşsüz alınacaq. Bundan sonra ermənilər istəsələr də, istəməsələr də, sülh bağlayacaq, azərbaycanlı əhali öz keçmiş yaşayış məskənlərinə qayıdacaq, erməni vətəndaşlar da canilərin və separatçıların caynağından qurtulacaqlar.
Hələ vaxtilə, Prezident İlham Əliyev Qarabağ bölgəsinə 26 milyard dollar investisiya qoyulacağını bildirmişdi. İndi o vaxtdan xeyli ötüb, Azərbaycan daha da varlanıb və vandalların dağıtdıqları mədəni irsimizin, ev-eşiklərin bərpasına daha çox vəsait atyrılacaq, şəhər və kəndlərimiz daha da gözəlləşəcək, abadlaşacaq, uzun illərin məşəqqətli həsrətindən sonra biz daha rahat evlərdə yaşayacaq, bu dünyadan torpaq həsrəti ilə köçmüş doğmalarımızın ruhuna dualar oxuyacağıq.
Hələlik isə gərgin döyüşlər gedir. Gözlərimiz Qarabağa gedən yollara dikilib, qulaqlarımız səsdədir-qələbə müjdəsini ilk eşidənlərdən olmaq istıyirik. Haydı Azərbaycan əsgəri, qoluna qüvvət, canına təpər, düşmənə zərbə, bizə qələbə!
N.NOVRUZ

Ermənistan Rusiyadan küsmək istəyir, amma küsə bilmir

Forpost ölkənin başından böyük ambisiyaları öz başına bəla olub

paşinyan putin

Azərbaycan ərazilərini işğalda saxlamağı bəs deyilmiş kimi tez-tez təxribatlar törədib yeni əraziləri nəzarət altına almaq istəyən Ermənistan hərbi-siyasi rəhbərliyi çətin durumdadır. Çünki, səbri tükənən Azərbaycan ordusu əks-hücuma keçməyə məcbur olub və hücumun gedişində bütün ərazilərin düşməndən azad edilməsi zərurəti yaranıb. Əks-hücumun həyata keçirildiyi 3 gün ərzində düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Belə getsə, tezliklə Ermənistan silahlı qüvvələrindən sınıq-salxaq bir neçə başıpozuq dəstənin qalacağını, ən əsası da təkcə işğal edilmiş əraziləri yox, özünün hakimiyyətini də itirəcəyini anlayan Ermənistanın baş naziri Nikol Paşinyan dünya liderlərinə, ən çox da Rusiya prezidenti Vladimir Putinə yalvarışlı müraciətlər edir. Onun yalvarışları “baxarıq”, “atəş dıərhal saxlanılmalıdır”, “danışıqlar stoluna qayıtmaq lazımdır” kimi diplomatik ibarələrlə cavablandırılır, amma kimsə irəli durmaq üçün bir səbəb tapmır. Ona görə ki, bu müharibədə Ermənistan işğalçı, Azərbaycan azadlıq mücahididir. Xüsusilə, Putinin cavabları nəinki, Paşinyanı, bütün erməniləri məyus edib. Rusiya prezidenti bildirib ki, onun rəhbərlik etdiyi ölkə qonşu dövlətlərin daxili işlərinə qarışmır. Şəraitin bu cür dəqiq qiymətləndirilməsi sübut edir ki, Ermənistanın işğalçı olması hamı, o cümlədən ermənilərin”ağsaqqalı” olan Rusiya da qəbul edir. Hətta Paşinyanın Almaniya kansleri Anjela Merkelə telefon açması bu fonda olduqca acınacaqlı sayılmalıdır. Belə ki, hələ bir neçəı il əvvəl xanım Merkel bildirmişdi ki, Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. İndi Rusiya Ermənistanı işğalçı sayırsa, onda məlum olur ki, Kreml açarı hansı tərəfə fırladır.
Hadisələrin bu cür axarı tamamilə məntiqi və gözlənilən idi. Bunun başlıca günahkarı Ermənistan, səbəbi isə İrəvan hakimiyyətinin təcavüzkar siyasətidir. Ermənistan nə dövlət kimi dövlət, nə qonşu kimi qonşu, nə də forpost kimi forpostdur. Məsələ belədir ki, ermənilər bir neçə əsrdir ki, rus siyasətinin qəyyumluğundadırlar. Ancaq indi vəziyyət dəyişib. Cənubi Qafqaz dünya siyasətinin orbitlərindən birinə çevrilib. Və bu orbitin ətrafa işıq saçan ən parlaq ulduzu Azərbaycandır. Dünənə qədər kimsə siyasətinə, kimsə xristian təəssübkeşliyinə, kimsə türklərinə intişarının əleyhinə olduğuna görə Ermənistanı və onun siyasətini əlaltdan müdafiə edirdisə, daha bunu edə bilmirlər. Regionun lideri Azərbaycan və onun arxasında duran qardaş Türkiyə, habelə Pakistan, Ukrayna kimi dövlətlərə qarşı ədalətsiz davranmaq mümkün deyil. Cənubi Qafqazda ABŞ-ın, Avropa İttifaqının, Çinin və digər supergüclərin ciddi geostrateji maraqları var. Bu dövlətlərin maraqları regionda Azərbaycanın maraqları ilə kəsişir və Azərbaycan diplomatiyasının uəurlu gedişləri sayəsində ortaq maraqlar yaranır. Buna görə də indi Azərbaycan bütün dörd coğrafi cəhətdə beynəlxalq münasibətlərin həlledici nöqtəsidir. Buna görə də onun haqlı mübarizəsi dünya miqyasında dəstəklənir.
Belə bir situasiyada təklənən Ermənistan Rusiyadan və KTMT-dən Azərbaycana qarşı vuruşmağı tələb edir. Amma, hansı əsasla, bunu deyə bilmir. Qeyd etdiyimiz kimi, daha heç bir dövlət Azərbaycana qarşı əsas olmadan kor-koranə hərəkət edə bilmir. Moskva da həmçinin. Lakin bu həlledici anlarda da İrəvanın erməniliyi özünü göstərir. Ermənistan hakimiyyəti özünü saldığı ağır vəziyyətdən daha az itkilərlə çıxmaq əvəzinə Moskvaya acıq etmək yolunu tutub. Düzdür, iddia etmək olar ki, bu siyasət Rusiyadan üz döndərmək üçün bəhanə yaratmaq da ola bilər. Amma Paşinyan başa düşə bilmir ki, ərazisində hərbi bazasını saxladığı bir dövlətin cəngindən qurtulmaq acıqla başa gələn iş deyil. Məsələn, o, Rusiyaya hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasına hərbi nümayəndə heyətinin göndərilməsi qərarını ləğv edib. “Hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclasında iştirak etmək üçün Rusiya Federasiyasına nümayəndə heyətinin göndərilməsi haqqında" 966-A saylı qərar qüvvədən düşmüş hesab edilsin”, - deyə Ermənistan hökumətinin qəbul etdiyi qərarda bildirilib. Amma nə o0lsun, buna görə Rusiya Azərbaycanla döyüşəcək?
Erməni siyasi ekspert David Arutyunov Rusiyanın işğal bölgəsindəki son proseslərə müdaxilə ehtimallarını belə dəyərləndirib: “Rusiyanın prosesə müdaxiləsi tərəflərin danışıqlara hazır olmasından asılıdır. Bu cür hazırlıq öz növbəsində tərəflərin hərbi imkanlarının nə qədər olub-olmaması ilə də əlaqədardır. Moskva Azərbaycanın hərbi uğur qazana biləcəyini başa düşür. Bu baxımdan, hadisələrin gedişatına uyğun olaraq, böhranın həllində Rusiyanın diplomatik fəaliyyətinin kəskin artması ehtimalı var. Digər yandan, Rusiyanın təmkini əməliyyatların Dağlıq Qarabağda, yəni Ermənistandan kənarda getməsi ilə əlaqədardır. Eyni zamanda, Rusiyanın hazırkı təmkinli mövqeyinin Ermənistanın mövcud rəhbərliyi ilə əvvəlki dövrdə baş verən fikir ayrılıqları ilə bağlı olduğunu düşünürəm. Rusiyanın bundan Ermənistan rəhbərliyinə təzyiq etdiyi istisna olunmur”.
Gedişatdan və rəylərdən görünür ki, nə Moskva, nə də KTMT torpaqlarımız azad olunanadək işə qarışmayacaq. Ermənistan baş naziri, Azərbaycan Ordusunun genişmiqyaslı və uğurlu hücumunun siyasi nəticələrini dərk edərək, Rusiyanın Azərbaycana qarşı olan bitərəf mövqeyindən narazılığını özünə xas şantaj və ultimatum üslubunda nümayiş etdirməyə, iki dövlət arasında olan münaqişəni regional müharibəyə çevirməyə çalışmaqdansa və Rusiyanı bölgədə aktiv addımlar atmağa təhrik edəcəyinə ümid bəsləməkdənsə, erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarıb, sonra da sülh danışıqlarına başlasa, onda daha ağıllı və siyasətcil görünər. Ölkəsinin verdiyi itkilər də az olar və əvəzində gələcək üçün Azərbaycanın əməkdaşlığını qazana bilər. Bu, onun üçün böyük şərəf olar.
N.NOVRUZ

Ara Abramyan rusiyalıları Ermənistanın maraqları uğrunda müharibəyə toplayır


Rusiyanın “gradator.ru” saytı ermənilərin iç üzünü açır

 

ara abramyan

Ara Abramyan

 

28 sentyabr 2020


Azərbaycanın işğal edilmiş torpaqlarında hərbi fəaliyyətlərin canlanması fonunda Rusiyanın informasiya məkanında bir çox KİV-lərə nəzarət edən erməni agentlərinin təsiri də fəallaşıb.
Rusiyada, xüsusilə də KİV və kommunikasiya sahjəsində ermənilərin “5-ci kolon”u fəaliyyət göstərir. Rusiya erməniləri İttifaqının başçısı, oliqarx Ara Abramyan və RT və Sputnikin rəhbəri Marqarita Simoinyan da daxil olmaqla erməni diasporunun nümayəndələri erməni maraqlarının lobbiləşdirilməsi və rusiyalıların Qarabağda ermənilər tərəfindən vuruşmaları üçün toplanması kampaniyasını aparırlar.
Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və münaqişənin nizamlanmasına çalışmalıdır, lakin bu münaqişənin iştirakçısı deyil və öz əsgərlərini Azərbaycan torpaqları uğrunda vuruşan işğalçı ermənilərin maraqları uğrunda ölməyə göndərməməlidir. Sabah ermənilər bizimlə də bizim Rusiyanın cənub torpaqları uğrunda beləcə vuruşacaq, hansı ki, faktiki olaraq işğal ediblər.
Ara Abramyan rusiyalılardan oğurlanmış pullar hesabına artıq Rusiyada 20 min “könüllü”nün toplandığını və onun sözlərinə görə Dağlıq Qarabağdakı hərbi fəaliyyətdə ermənilər tərəfindən vuruşmağa “qoşulmaq arzusundadırlar”. Rusiya ermənilər İttifaqının prezidenti Ara Abramyan bu barədə “Podyom”a xəbər verib.
Ancaq Ara Abramyan Rusiya vətəndaşıdır və münaqişənin tərəfi olmayan Rusiya vətəndaşı olduğu üçün bu fəaliyyəti qeyri-hüquqidir, o, insanları terrorizmə və etnik nifrətə təhrik etməklə məşğuldur. Niyə ruslar Ermənistan tərəfindən vuruşmalıdırlar? Üstəlik bu ölkə Rusiya ilə müttəfiqlik münasibətlərinə xəyanət etdi, Qərbə və NATO-ya doğru hərəkət etdi, AİB və KTMT-ni dəyərdən saldı.
Rusiya vətəndaşı Ara Abramyan nəyə əsasən belə açıqlamalar verməyi özünə rəva görür, yalan danışır və rusları təhrik edir, Azərbaycan və Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoymağa çalışır. Aydındır ki, Azərbaycanın yeganə məqsədi erməniləri işğal etdikləri ərazilərdən çıxarmaqdır. Axı, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisindədir, əksinə deyil. Ankara isə ermənilərin artıq “Qərbi Ermənistan” adlandırdıqları Türkiyə ərazilərinin bir hissəsindəki erməni təcavüzlərini dayandırmağa çalışır. Bu gün ruslar onsuz da ermənilərə öz torpaqlarında sığınacaq verən azərbaycanlıları və türkləri başa düşə bilərlər. Vaxtı gələndə eyni ssenari bizi də gözləyir, çünki bu gün ermənilər artıq Rusiya ərazisində “Krasnodar Ermənistan Respublikası” nın yaradılmasından danışırlar.
Abramyan dünəndən bəri 20.000 Rusiya ermənisinin “könüllü” olaraq (oliqarx Abramyanın pul ödədiyi muzdlular) şiddətlənən münaqişədə iştirak etməyə “hazır olduqlarını dilə gətirdiklərini” söylədi. İndi Rusiya ermənilər İttifaqı “könüllüləri” ora göndərməyin yolunu axtarır. Abramyanın bu hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir sıra maddələrinə ziddir. Bundan əlavə, Rusiya ermənilər İttifaqının rəhbəri bu yolla Moskvanı birbaşa bu münaqişəyə cəlb edir.
“Təxminən min rusiyalı könüllü olaraq Qarabağı qorumağa getmək üçün hazır olduqlarını bəyan edib” – Abramyan elan edir.
Abramyan ermənilərin maraqları uğrunda müharibəyə rusları cəlb etməklə məşğul olarkən, Simonyan və onun böyük erməni komandası KİV vasitəsilə Rusiyada ictimai rəyi Ermənistanın xeyrinə dəyişmək üçün çalışır. Onlara Zatulin kimi maaşlı rus millət vəkilləri və Solovyov, Satanovski, Kolerov və Tarasov kimi mütəxəssislər, Abbas Cuma kimi "Suriyalı" mütəxəssislər və Rusiyada yaşadıqlarını unutmuş bir çox başqaları da kömək edirlər və Rusiyada yaşadıqlarını, erməni etno-korporasiyasına yox, Rusiyanın maraqlarına çalışmalı olduqlarını unudurlar.
Yazıçı Zaxar Prilepinin bu barədə “pravda.ru” saytında yazıb:
“Rusiya yüz dəfə düşünməlidir – məgər Ermənistandakı maraqlarımız o qədər böyükdür ki, rus xalqı onlar üçün ölsün”
Prilepin, Rusiyanın Ermənistan tərəfindən vuruşmalı olduğunu qışqıran bütün siyasətçiləri və blogerləri “qablaşdırıb bağlama ilə Terkiyəyə göndərməyi” təklif edib. Əksəriyyət onun bu fikrinə dəstək olub. Ancaq erməni auditoriyası “erməni hərbçilərinə dəstək” tələbi ilə Prilepinə hücum edib.
Prilepin ona hücum edən ermənilərə belə cavab verib:
“Nə demək istəyirsiniz? Yəni, gəlin müttəfiq olaq və Ermənistanın müstəqilliyi üçün rus oğlanlarını dəfn edək? Ona görə ki, Ermənistanın növbəti prezidenti NATO-ya üzv olmaq qərarına gəlsin?”
Düzdür, Prilepin!! Əllərindəki silahları sabah haradasa - Krasnodar, Stavropol və ya Başkiriyada Rusiyaya qarşı çevirəcək erməni millətçiləri üçün rus oğlanlar ölməməlidirlər.
Bundan əlavə, bu müharibəyə Paşinyanın başçılıq etdiyi Ermənistanın Soros hökumətinə niyə bu qədər ehtiyac duyduğunu başa düşmək vacibdir. Axı o, məqsədyönlü şəkildə Azərbaycan və Türkiyəyə sataşdı, təhqir etdi, təhrik etdi. Paşinyanın xarici kuratorları Moskvanı zəiflətmək üçün Rusiya sərhədləri yaxınlığında müharibəyə ehtiyac duydular.
Beləliklə, Müdafiə nazirinin müşaviri Andrey İlnitski, birbaşa hərbi toqquşmadan çəkinərək Rusiyadakı vəziyyəti pozmaq üsullarının ağ-qara təsvir edildiyi Amerikanın RAND hesabatı haqda öz təhlilini xatırlatdı. ABŞ Belarusda və Qafqazda yerli qarşıdurmalara başlamağa hazır idi. Üstəlik, sonuncu halda söhbət Dağlıq Qarabağdakı vəziyyətin gərginləşdirilməsindən gedirdi.
“Hər şey Amerikanın “Rusiyanın həddən ziyadə gərginləşdirilməsi” planı üzrə gedir. Belorusu dartdılar – bir şey alınmadı. Qarabağı yenidən qarışdırmağa başladılar. Növbədə - Dnestryanıdır. Qərb sərhədləri boyunca bir gərginlik qövsüyaratmaq istəyirlər”, - deyə “Sarqrad TV”nin Twitter səhifəsindəi yazılıb.
Beləliklə, “RАND - Corporation Overextending and Unbalancing Russia. Assessing the impact of cost-imposing options” tərəfindən tərtib edilmiş hesabat diqqət mərkəzindədir: “Həddən ziyadə gərgin və nataraz Rusiya”
“ABŞ birbaşa hərbi toqquşmalardan qaçaraq Rusiyaya və dünyadakı bütün digər düşmənlərə qarşı hibrid müharibə elan edir. Rusiya məsələsində xəritədəki qırmızı nöqtələr Suriya, Ukrayna, Belarus və Qafqaz olmalı idi”.
Rusiya bu münaqişənin qarşısını almaq üçün Ermənistanı danışıqlar masasına oturmağa məcbur edə bilər, lakin Rusiyanın bu müharibədə iştirakı Rusiyanın milli təhlükəsizliyi üçün yüksək risklər daşıyır. Bəs Abramyan, Simonyan və onların böyük erməni komandası nəyə nail olmağa çalışırlar? Əgər onlar Ermənistanı bu qədər sevir və ona can yandırırlarsa, onda tarixi vətənlərinin vətəndaşlığını alsınlar, İrəvana, oradan da cəbhəyə getsinlər.

Ermənistan üçün yeni mümkün variantlar

Erməniliyin növbəti məğlubiyyəti bu ölkəyə nə vəd edir

artatəş

Ötən ildən etibarən dünya liderləri tez-tez dünyada hərbi-siyasi düzənin yenidən qurulması barədə anonslar verirdilər. Bu ona görə idi ki, artıq beynəlxalq səviyyədə, necə deyərlər, hamının canını boğazına yığan bir sürü problemlər yığılıb qalaraq inkişafı ləngidirdi. Bunlardan biri də Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək oraqda qondarma ikinci erməni respublikasını yaratmaq arzusu idi. Bunun nəticəsində 30 ildir ki, Cənubi Qafqaz hər an partlamağa hazır olan barıt çəlləyini xatırladırdı. Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara, dinc yolla sülh variantlarına ermənilər məhəl qoymur, dünya birliyinin ermənipərəst qüvvələri isə bu çağırışlara laqeydlik göstərirdi. Düzdür, guya diplomatik yolla nəyəsə nail olmaq üçün imitasiyalar vardı, amma məsələni təcavüzkarın arzusuna doğru həll etməkdən başqa ortaya yeni heç nə qoymurdu. Halbuki, bu yol nəinki regionda, dünyanın digər qaynar nöqtələrində də işğalçılıq müharibələrinin alovlanmasına yaşıl işıq yandırırdı. Azərbaycan əraqzi bütövlüyünün bərpası üçün bi gün ayağa qalxmalı idi və bu an məhz indi yetişib. Biz haqlıyıq və azadlıq müharobəsi aparırıq.
27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələrinin bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücumundan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz düşməni susdurmaq və ölkəmizə qarşı təcavüzə son qoymaq üçün bütün cəbhə boyu irimiqyaslı əks hücuma keçmək əmri verib. Nəticədə düşmən ordusu canlı qüvvə və texnika sarıdan ağır itkilərə məruz qalıb. Erməni mənbələrində artıq itkilər barədə ilkin məlumatlar, öldürülən zabit və əsgərlərin fotoları, adları yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Qarabağ cəbhəsində apardığı döyüş əməliyyatlarının gedişi barədə vaxtaşırı məlumat yayır. Artıq Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəklikləri, habelə ilk həmlədə 7 yaşayış məntəqəsini azad edib. Döyüşlər davam edir, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Təbii ki, dünya liderləri, ölkələrin xarici siyasət idarələri Qarabağda müharibənin alovlanmasına münasibət bildirir və tərəfləri atəşi dərhal kəsməyə çağırırlar. Bunlar bir növ protokol qaydaları sayılır və normal qarşılanır. Xüsusilə, Qarabağın işğalı barədə bütün siyasilər və dövlət başçıları bilirlər ki, Azərbaycan ərazilərinin böyük bir hissəsi işğal edilib və beynəlxalq hüquqa görə Azərbaycanın öz torpaqlarını bütün vasitələrlə azad etmək hüququ var.
Müharibənin Azərbaycan üçün uğurlu sonluqla bitəcəyi də bəri başdan gözlənilir. Çünki, müharibənin bütün parametrləri üzrə ölkəmiz düşmən Ermənistanı üstələyir. Təsadüfi deyil ki, bəzi politoloqlar və siyasi ekspertlər artıq məğlub Ermənistan və onun hökumətinin baş naziri üçün müvafiq ssenarilər də cızırlar. Məsələn, “Vestnik Kavkaza” saytına müsahibəsində rusiyalı politoloq Sergey Markov deyib ki, Dağlıq Qarabağda yeni döyüş fəaliyyətləri qaçılmaz idi, ona görə ki, İrəvan tam olaraq sülh yoluyla həlli bloklayırdı: “Döyüş fəaliyyətləri danışıqlar prosesi dondurulduğu üçün yenilənib. Bunun ilk növbədə günahkarı Azərbaycanla danışıqlara çıxmaqdan qorxan və istəməyən Baş nazir Nikol Paşinyandır. Mən gözləyirəm ki, Azərbaycan kifayət qədər sürətli şəkildə Dağlıq Qarabağdakı və digər rayonlardakı ərazilərini nəzarət altına ala biləcək. Bundan sonra yəqin ki, danışıqlar ilk növbədə Rusiyanın vasitəçiliyi ilə yenilənəcək. Döyüş fəaliyyətlərinin bir həftə davam edəcəyini proqnozlaşdırmaq olar. Bu dövr ərzində Azərbaycan bu və ya digər həcmdə öz ərazilərini azad edəcək, daha sonra atəşkəs bərpa ediləcək və danışıqlar başlayacaq. O isə böyük ehtimalla Kazan formulu əsasında konfliktin həlli razılaşmasının imzalanması ilə bitəcək”. Markov bu hadisələrin bitməsindən sonra Paşinyanın hakimiyyətini itirəcəyini deyib.
Bəzi bəndləri çıxmaq şərtilə rus politoloqu ilə razılaşmamaq mümkün deyil. Qalibiyyət şəksizdir. Danışıqlarda təkcə Rusiyanın vasitəçiliyi, yalnız ehtimaldır. Çünki, Rusiya Qarabağa sülhməramlı qoşunlarının gətirmək istəyir, Azərbaycan və eyni zamanda Qərb və Türkiyə bunun əleyhinədir. Çünki, bu ölkənin Ermənistanda iki hərbi bazası mövcuddur və onun əli nəinki regionun, hətta Yaxın Şərqin hər bir bucağına çatır. Buna görə də vasitəçilik missiyasında Türkiyə amilini nəzərdən qaçırmaq olmaz və nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazisində yalnız Türkiyənin hərbi baza yaratmasına razılıq verər. Bu, tarazlığı qorumaq üçün ən məqbul variantdır.
Kazan formulu da mübahisəlidir. Çünki, Dağlıq Qarabağ ətrafındakı cəmi 5 rayonun azad edilməsini nəzərdə tutur. Digər tərəfdən, bu, Rusiyanın variantıdır və Ermənistanın arzularına istiqamətlənib. Bir neçə il əvvəl bu varian Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov tərəfindən irəli sürüləndə Azərbaycan qeyri-müəyyən şəkildə bunu qəbul etməkdən danışırdı, amma əslində qəbul etmirdi. İndiki şəraitdə isə açıq şəkildə belə variantların əleyhinədir. Çünki, daha zaman o zaman deyil.
Ən sülhpərvər variant isə Azərbaycanın öz ərazisi üzərində tam nəzarətinin bərpası və Qarabağın dağlıq hissəsinə geniş muxtariyyət verilməsidir. Bunu dünya birliyi də dəstəkləyəcək və ən əsası, Ermənistanın blokadadan azad olunmasına və regiondakı digər fundamental layihələrə qoşulmasıdır. Azərbaycan və Türkiyənin hesabına bu ölkə həm iqtisadiyyatını düzəldəcək, həm də müstəqilliyini möhkəmləndirəcək. Qeyd etmək lazımdır ki, baş nazir Paşinyan bu variantı dəstəkləyir. “News.am” erməni saytı yazır ki, sentyabrın 27-də müharibənin qızışması ilə əlaqədar parlamentdəki çıxışında Nikol Paşinyan vəziyyətin ağır olduğunu bildirərərk deputatlara müraciətlə bildirib ki, elə bu dəqiqiə vəziyyəti düzəltmək, qırğından qaçmaq olar. Bunun üçün Dağlıq Qarabağın Azərbaycan sərhədləri daxilində geniş muxtariyyətə malik olmasına razılıq verməliyik. Lakin hələki başları daşnak ideyaları ilə çirklənmiş deputatlar onun bu təklifinə “yox” cavabı veriblər. Güman etmək olar ki, bir neçə gündən sonra Paşinyan deputatların yox, xalqın razılığını ala biləcək və münaqişə təcavüzə son qoyulmaqla ermənilərin inkişafı xeyrinə həll olunacaq. Azərbaycan da ərazi bütövlüyünü bərpa edəcək. Əgər belə bir ssenari baş tutarsa, onda bəlkə də bir müddət ermənilər və onların havadarları Paşinyanı lənətləyəcəklər, amma nəticə olaraq ermənilər xoş günə çıxacaqları üçün ona “sağ ol” deyəcəklər.
Hələlik isə hərbi əks-hücum əməliyyatları davam edir və Azərbaycan ordusu bütün cəbhə boyu irəliləyir.
N.NOVRUZ

39 -dən səhifə 141

Oxşar məqalələr