
İksmedia Musavat.com-a istinadən xəbər verir ki, İranın ali rəhbəri Əli Xamenei “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüşü keçirməyib.
Ali dini liderin ilk dəfə belə bir mühüm gündə görüşdə iştirak etməməsi nə ilə əlaqədar ola bilər? Səhhəti, ABŞ-nin raket zərbəsi endirməsi ehtimalı, yoxsa silahlı qüvvələrlə hansısa anlaşmazlıqların yaşanması?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, ali dini liderin bu mötəbər tədbirdə iştirak etməməsinin səbəbi daha çox onun səhhəti ilə əlaqəli ola bilər:
“Xameneinin xüsusilə indiki zamanda həmin tədbirdə iştirak etməsi həm onun özü, həm də hakimiyyət və rejim üçün vacib idi. Buna baxmayaraq, o, şəxsən qatıla bilməyibsə, səhhətində problemlərlə əlaqəli olduğunu düşünürəm. Əgər ali dini lider səhhəti ilə əlaqəli iştirak edə bilməyibsə, deməli, mühafizəkarlar və hərbi qanad arasında Xameneini kimin əvəz etməsi məsələsi yaxın müddətdə aktuallaşacaq.
Əli Xamenei yaxın vaxtlarda varisinin kim olmasını istədiyini də açıqlaya bilər. Zaman-zaman onun oğlunun adı varis kimi çəkilib. Mühafizəkarlar öz aralarında ali dini lideri kimin əvəz edəcəyini də müzakirəyə çıxarıb həll edə bilərlər”.
Qeyd edək ki, ali dini liderin “19 Bəhmən” günü görüşündə iştirak etməməsi son onilliklər ərzində qeydə alınan qeyri-adi hadisə kimi dəyərləndirilir. Məlumata görə, Hərbi Hava Qüvvələrinin komandirləri görüş mərasimini Tehranda İslam Respublikasının banisi Ruhullah Xomeyninin məqbərəsində keçiriblər.
Məlumata görə, son 47 il ərzində ilk dəfədir ki, İslam Respublikasının lideri “19 Bəhmən” günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.
Xatırladaq ki, “19 Bəhmən” 1357-ci il günü (Miladi təqvimlə 8 fevral 1979-cu il) Şah dövrünün İmperiya Ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti - “Hümafərilər” - Tehranda Ruhullah Xomeyni ilə görüşüb və ona sədaqət andı içib.
