Rusiyaya qarşı 2014-cü ildən etibarən - Krımın ilhaqı ilə əlaqədar tətbiq edilən sanksiyalar son zamanlar səngiyib. 2022-ci ildən daha da sərtləşdirilən sanksiyaların davamlı olub-olmaması ilə bağlı Avropa daxilində ciddi fikir ayrılığı yaranıb. Hər halda yaşanan son gəlişmə bunu bunu deməyə əsas verir.Belə ki, Avropa Birliyinin xarici işlər nazirlərinin 23 fevral tarixində Brüsseldə keçiriləcək iclası ərəfəsində qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən səsləndirilən açıqlama diqqət çəkib. O bildirib ki, görüşdə Rusiya əleyhinə nəzərdə tutulan 20-ci sanksiya paketi müzakirə olunacaq, lakin bu mərhələdə konkret razılığın əldə edilməsi gözlənilmir. Kallasın sözlərinə görə, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır, buna baxmayaraq, danışıqların davam etdirilməsi və ortaq mövqeyin formalaşdırılması istiqamətində səylər göstəriləcək.
Kreml "sanksiyalar kəfənini" yırtdı?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Avropa Birliyində Rusiyaya qarşı fikir ayrılıqları kifayət qədər dərinləşib:"Slovakiya və Macarıstan kimi AB üzvləri Ukraynaya silah və maddi yardım göstərməkdən boyun qaçırırlar. Orban və onun slovakiyalı həmkarı Rusiya ilə üz-üzə gəlmək niyyətində olmadıqlarını dilə gətirirlər. Görünən odur ki, Ukrayna bundan sonra təklənəcək. Bu vaxta qədər tətbiq olunan sanksiyalar da Rusiyanı silkələyə bilməmişdi. Hətta 23 fevralda növbəti sanksiya paketləri qəbul edilsə belə, bu, Moskva üçün effektiv olmayacaq. Çünki Kremlin əlində "qaz silahı" var. Macarıstan və Slovakiya kimi ölkələr də məhz həmin silahla "vurulub". Rusiya Ukrayna cəbhəsində istədiyini alana qədər Avropanı və onun birliyini dalana dirəməyə çalışacaq. Artıq Kreml buna qismən nail olub.
Digər tərəfdən, ABŞ-də Trampın hakimiyyətə gəlməsindən sonra Putinin də əl-ayağı bir qədər "uzanıb". Avropa Birliyində Rusiya ilə bağlı fikir ayrılıqları qərbliləri böyük düyün və ya dilemma qarşısında qoyub. Bu gedişlə Avropa Birliyi Ukraynaya yardım və ya Rusiyaya qarşı sanksiyalarla bağlı daha məhdud ölçülü məşvərət şurası yaradacaq. Hətta gələcəkdə fikir ayrılıqlarının daha da dərinləşməməsi üçün Macarıstan və Slovakiyanın birlikdən atılması məsələsi də qaldırıla bilər".
