Ermənilərin uğursuz hiyləgərliyi


Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində düşmənin təxribatı düşünülmüş hiyləgərlik aksiyasıdır. Son vaxtlar İrəvan-Moskva münasibətləri xeyli dərəcədə gərginləşib. Paşinyana verilmiş ikiillik vaxt da sona yetib. Hadisələrin ngedişatından məlum olur ki, qatıq Qərbin Ermənistan layihəsi, Rusiyanın fikrincə, ömrünü başa vurmuş sayılır. Ermənistandakı 5-ci kolonun son dərəcə fəallaşması buna sübutdur.
İrəvan hakimiyyətinin nüfuzu öz ölkəsində də aşağı düşüb. Baş nazir, “inqilabçı” Nikol Paşinyanın ölkədə nə sözü keçir, nə də vəzifəsi bir işə yarayır. Tovuzda baş vermiş təxribat hadisəsi bu vəziyyətlə birbaşa bağlıdır. Çünki, Paşinyan hakimiyyətini qorumaq üçün Rusiyanı sıxışdırmaq niyyəti ilə təxribat həyata keçirib, sonra ondan sərhədləri qorumağı tələb etməklə Azərbaycan-Rusiya münasibətlərini korlamaq fikrinə düşə bilər. Eyni zamanda Ermənistanın özündə müxalifət Paşinyana son zərbəni vurub hakimiyyətdən salmaq üçün ordudakı adamları vasitəsilə hərbi təxribata əl ata bilər. Bəzi analitiklərin dediyi “Aya Sofiya kilsəsinin məscidə çevrilməsinə bu təxribat cavabdır” fikri kökündən yanlışdır.

tovuztəxribatı
Təxribat nəticəsində Azərbaycan Ordusu 4 şəhid verib və bir o qədər də yaralısı var. Düşmən cəbhədə isə rəsmi açıqlanmayan, amma ermənilər tərəfindən yayılan məlumata görə ölənlərin sayı 200-ə qədərdir. Təbii ki, hücum edən tərəf həmişə çox itki verir. Bundan əlavə erməni tərəfi guya bizim zabitlərin UAZ markalı maşında sərhədi pozduqları barədə məlumat yayıb və avtomobilin şəklini paylaşıblar. Lakin şəkildən heç cür müəyyənləşdirmək mümkün deyil ki, bu maşın kimə məxsusdur. Yəni, bu da bir saxta informasiyadır.
Təsadüfi deyil ki, təxribatın səhərisi Ermənistan KTMT rəhbərliyinə şikayət edib. Bu da onların əsl məqsədinin nədən ibarət olduğunu açıb göstərir.
N.NOVRUZ

Diqqət! Kadr islahatında mühüm gəlişmə

elmar və mnasakanyan

İki-üç ildir ki, Azərbaycanda kadr islahatlarının keyfiyyət və kəmiyyətində ciddi dəyişikliklər baş verir. Dövlət başçısı işləyib hazırladığı ölkənin inkişaf strategiyasını həyata keçirməyi bacaran və fəaliyyətində aşkarlığa üstünlük verən kadrlara etimad göstərərək irəli çəkir, mühüm postlara təyin edir. İndiki ictimai-siyasi situasiyaya görə bu istiqamət olduqca aktualdır və hətta bir sıra məqamlarda həlledici rol oynayır. İlk növbədə, müharibə şəraitində olan Azərbaycanın apardığı mübarizənin konturları, həyata keçirilmə mexanizmləri və bu işləri görən kadrların məsuliyyətinə təsir edən amillər kadr siyasətinin dəyərini müəyyənləşdirir.
Artıq iki əsrdən çoxdur ki, ölkəmizin idarəçiliyi əsasən Kremlin siyasəti nəticəsində xeyli sayda qarışıq nikahlardan doğulan kadrların öhdəsinə verilib. Bu da təsadüfi deyil. Çünki, ilhaq edilmiş ölkəni idarə etməyin vacib istiqamətlərindən biri məhz milli identifikasiyanın aydınlıq dərəcəsindən ibarətdir. Yox, söhbət insanların arzuları, qəlbinin səsi ilə yaranan qarışıq ailələrdən getmir, məsələnin mahiyyətində süni şəkildə belə nikahların stimullaşdırılması durur ki, sonra bu nikahlardan doğulan insanları kolonialistlər təhdid altında saxlayaraq öz məqsədləri üçün istifadə etsinlər. Bu mənada bütün dünyada bu amil mühüm əhəmiyyət kəsb edir.
Sovet dövründə “müttəfiq” respublikalarda, əsasən də müsəlman respublikalarında Kreml o şəxslərə etibar göstərirdi ki, həmin şəxsin ailəsi beynəlmiləl (yəni, valideynlərdən biri rus, erməni yaxud yəhudi olsun) statusdadır və bu da guya 70-dən çox millətin yaşadığı bir ölkədə ədalətli kadr siyasətini təmin edirdi. Təbii ki, həmin şəxs rus dilində təhsil alır, dünyagörüşü, həyata baxışları bu dilin ətrafında formalaşırdı. Xalq ədəbiyyatına bağlılıq, milli adət-ənənələr və qeyri vərdişlər də bu bünövrə əsasında inkişaf edirdi. O dövrdə biz belələrini “milliliyə xor baxanlar” adlandırardıq. Əslində isə onlar özlərini milli sayır və bildikləri “millilik” çərçivəsində fəaliyyət göstərirdilər. Beynəlmiləl ailədən çıxan çox az adam olardı ki, o vaxt həqiqi milli identifikasıyasını saxlaya bilsin. Bunu da açıq yox, gizli şəkildə qoruyurdu. Yəni ki, üzdə özünü Kreml dünyagörüşünün tərəfdarı göstərirdi, daxilində və bəzi hallarda əməlində həqiqi milliliyini saxlayırdı.
Bütün bu amilləri bu günlərdə DTX Xarici İşlər Nazirliyində bəzi şəxsləri həbs edəndən sonra bir daha xatırladım və dövlətimizin təhlükəsizliyi səbəbi ilə ən strateji dövlət qurumunda belə bir biabırçılığın yaşanmasının hansı təhlükələr doğura biləcəyinin fərqinə vardım. Ərazi bütövlüyünün davasını aparan, korrupsiyaya qarşı kəskin mübarizə edən, işdə aşkarlığın, şəffaflığın carçılığını edən bir dövlətin xarici siyasət idarəsinin vəzifəli şəxslərinin korrupsiyaya qurşanması və bunlara ana dilini bilməyən şəxsin rəhbərlik etməsi təkcə gülüş obyekti deyil, dövlətçiliyimizə böyük xəyanət və təhdiddir. Yadınızdadırsa, XİN rəhbərləri içərisində Vəfa Quluzadə və Tofiq Zülfüqarov öz vəzifələrindən istefa verdilər. Nə üçün? Axı, istefa vermək o deməkdir ki, adam nədənsə narazı qalır və narazılığını istefa ərizəsi ilə işdən ayrılmaqla ifadə edir. Nazir nədən və kimdən narazı ola bilər? Yalnız siyasi təbəddülatdan, prezidentin münasibətindən, narazılığından və bu kimi hallardan, deyilmi? İstefa verən nazirlərimiz səbəblər barədə bərkdən danışmasalar da verdikləri müsahibələrin intonasiyalarından hiss olunurdu ki, onların istefasına xaricdən Qarabağ münaqişəsinin həllinə edilən təzyiqlər səbəb olub. Yəni, istefa sahibləri Azərbaycanı təmin etməyən həll variantına imza atmamaq üçün vəzifələrini qurban veriblər. Çətin ki, E.Məmmədyarov özündə bu cəsarəti tapa bilə.

Bu səpkidə bir nüansa da diqqət yetirək. 25 ildən çoxdur ki, bizim siyasət idarəsinin rəsmiləri erməni nümayəndələrlə danışıqlar aparırlar. Gəlin görək, erməni nazirlə ən çox hansı rəsmimiz görüşərkən səmimi hal-əhval tutub, hətta bəzən zarafatlaşıb da. Mən yalnız Elmar Məmmədyarovu belə görmüşəm. Tələsməyək, mən demək istəmirəm ki, o satqındır. Yox, sadəcə onun dünyagörüşü elədir ki, fərdi mentaliteti ermənini düşmən kimi qəbul etməyə imkan vermir. Halbuki, Prezident İlham Əliyev düşmənin düşmən kimi qəbul edilməsinin nümunəsini həmişə göstərib. Amma Məmmədyarov bunu görə bilmir. Ona görə ki, yerində olan nazir deyil.
Məsələni çox uzatmayıb, güman edirəm ki, kadr islahatları XİN-dən yan keçməyəcək və bu nazirlikdə köklü dəyişikliklər baş verəcək. Situasiya bunu tələb edir.

P.S. Diqqət etsək, görərik ki, son kadr dəyişikliklıərində ermənilərlə qohumluğu olan yüksək rütbəli məmurların bir çoxu vəzifələri ilə vidalaşıb.

Novruz NOVRUZOV
Iksmedia.az

Qarabağ məsələsinin hərbi həlli qətiləşir

Müharibəyə başlamamaq üçün ciddi bir səbəb qalmayıb

hərbi telimler

Bu günlərdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanın işğal edilmiş Azərbaycan ərazilərinə gəlməyi düşmənin aşkar təxribatıdır. Çox güman bu addımı ilə o, Azərbaycan tərəfindən hər hansı bir atəşin açılmasını və bu səbəbdən beynəlxalq aləmdə səs-küy salmaq üçün alibi qazanmaq istəyib. Üstəlik, Qarabağda separatçıların qondarma “respublikasının” guya “xarici işlər naziri” Masis Mailyanla görüşməyi də onun niyyətinin ara qarışdırmaq olduğunu və təmsil etdiyi hökumətin Ermənistan əhalisi arasında gözdən düşməyini saxlamaq məqsədi güddüyünü göstərir.
Bəli, bu gün ermənilərin bu ölkənin baş naziri Nikol Paşinyana cəmi 12-13 faizi inanır ki, bu da siyasətdə biabırçı göstəricidir. Düşmən ölkənin XİN rəhbərinin bu gedişi onun hökuməti üçün “va-bank” da sayıla bilər. Ona görə ki, Azərbaycanı açıq-aşkar müharibəyə təhrik edir. Çox ola bilsin ki, erməni strateqlər hazırda döyüşlərin alovlanmasını arzulayırlar. Çünki ölkədəki mövcud hakimiyət və onu devirməyə çalışan müxalifət, prinsipcə, rəqibini üstələmək üçün hər hansı həlledici qüvvəyə malik deyil. Bu səbəbdən “suyu bulandırıb balığı tutmaq” niyyətindədirlər. Müharibənin başlanması bu istiqamətdə, yəqin ki, onları qane edər. Ancaq, siyasətdə zəif və resurssuz olmalarına görə müharibənin onlara gətirəbiləcəyi məhrumiyyətlərin tam miqyasını təsəvvür edə bilmirlər.
Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutunyan mətbuata müsahibəsində deyib: “Biz Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti qiymətləndirərkən həmişə ondan çıxış eləməliyik ki, Azərbaycanla müharibə hələ bitməyib. Tərəflər arasında yalnız atəşkəs barədə razılaşma var, Azərbaycanla dinc, siyasi razılaşmamız yoxdur. Azərbaycan Silahlı Qüvvələri Qarabağla təmas xəttində və Ermənistanla sərhəddə dayanıb. Bu o deməkdir ki, qərarvermə, səfərbərlik və müharibənin başlaması arasındakı vaxt intervalı olduqca azdır. Bunlar bilməli olduğumuz və heç vaxt unutmalı olmayacağımız reallıqlardır. Müharibə ehtimalı var. Ancaq mən onu hələ ki, yüksək hesab etmirəm. Nə qədər qəribə olsa da, hətta Azərbaycan prezidenti İlham Əliyevin açıqlamaları da buna sübutdur. O, yaxınlarda bəyan elədi ki, müharibənin başlaması üçün uyğun şərtləri gözləyəcəklər. Bu, çox mühüm nəticədir, demək ki, bu gün belə şərait yoxdur”.
Bu fikirlər keçmiş müdafiə nazirinə məxsusdur. Ancaq reallığı əks etdirir, tək bir məsələdə erməni generalı səhvə yol verir. “Uyğun şərtlər” oturub gözləmək deyil, çünki həmin şərtlər anidən də yarana bilər. Keçmiş müdafiə naziri bunları bilməmiş deyil, sadəcə, fikirlərində özünətoxdaqlıq üçün yer saxlayıb.
Erməni siyasətçilər bir məsələdə çox ciddi səhvə yol verirlər: onlar hesab edirlər ki, madam ki, biz Qarabağı Azərbaycandan zorla qoparmışıq, orada hər necə olsa da bir qurum yaratmışıq və sərbəst şəkildə gedib-gəlirik, demək, bu torpaq artıq bizimdir. Yəni, hər şeyi erməniliyin arşını ilə ölçürlər.
Amma ağıllı olsaydılar, düşünərdilər ki, dünyanın ən nüfuzlu təşkilatları Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və təısbit edib. Hətta işğaldan sonra da beynəlxalq tədbirlərdə, müzakirələrdə bu fikri qanuniləşdirib, sənədlərdə əks etdirib və səs çoxluğu ilə təsdiqləyiblər. Bu, o deməkdir ki, hər nə şəkildə olsa, əvvəl-axır Qarabağ öz sahibinin olacaq. Əgər bu iş müharibə yolu ilə olsa kasıb Ermənistanın başına bəlalar açacaq. Düzdür, müharibə Azərbaycan üçün də acı olacaq. Ancaq bu inkişafın, var-dövlətin, müasir ordunun qarşısında Ermənistan daha ağır şəkildə cəzalandırılacaq.
Azərbaycan azadlıq müharibəsi, Ermənistan qəsbkarlıq müharibəsi aparacaq. Bu anlayışların fərqi böyükdür və müharibənin yekun nəticəsinə də təsiri böyük olacaq. Və torpaqlarını ölüm-dirim mübarizəsi ilə geri qaytaran Azərbaycanın Ermənistanı blokadadan çıxarmaq arzusu da dərhal yetişməyəcək. Çünki Bakının yardımı olmadan İrəvanın ayağa qalxması çox uzun yol keçməli olacaq.
Ermənistanda baş verən proseslər və cəbhə xəttindəki təxribatlar uyğun şərtlərin yetişməsi üçün münbit zəmindir. Yəni, müharibəyə başlamamaq üçün səbəb qalmayıb.

N.NOVRUZ

Dilimizi bərbad hala salan səbəblər

Təəssüf ki, dilimizin zənginliyini heç də hamımız anlaya bilmirik

 

ana dilimizi qoruyaq

 

Azərbaycan dilinin qədiumliyinə şübhə yoxdur. Bu haqda kifayət qədər elmi əsaslar mövcuddur. Əlavə olaraq, indiyədək Azərbaycan dilində yazılan bədii-publisistik, elmi əsərlər, poeziya nümunələri bunu təsdiqləyən ən ciddi faktlardır. Bunlar çox gözəldir. Xüsusilə, müstəqillik illərində dilimizin inkişafına münbit şərait yaranıb və bu istiqamətdə olduqca gərgin iş aparılıb. Çoxlu faydalı qanunlar qəbul edilib. Lakin qanunların icrası rəsmi idarələrdə məqbul səviyyədə yerinə yetirilsə də, dəyişən zamanla yaranmış özəl müəssisələrdə bu aspekt uzun müddət gözlənilməyib. Ona görə ki, ölkədaxili problemlərin çoxluğu ilə yanaşı müstəqilliyimizi qəbul etməyi bacarmayan xarici qüvvələr də dilimizə basqılarını artırıb. Təbii ki, heç kim açıq şəkildə deməyib ki, Azərbaycan dilini işlətmə və yaxud bu dil pisdir, zəifdir, ifadə imkanları aşağıdır və sairə. Yox! Sadəcə, hərəkət azadlığı təmin olunduğundan, azad sahibkarlıq inkişaf etdiyindən vətəndaşlarımız sərbəst şəkildə digər ölkələrdə iş birliyinə başlayıb, müqavilələr bağlayıb, xarici ölkələrə gediş-gəliş artıb. Bəs, bu prosesdə idarəetmə hansı dilin “kurasiyasında” olub? Əsasən ingilis və rus dilinin. Daim gəlir dalınca qaçan işbazlara isə dilin inkişafı yox, yaxşı gəlir götürmək lazımdır.
Müasir iqtisadi inkişafda reklam amili olmadan keçinmək mümkün deyil. Lakin eyni zamanda reklamlar dönüb olub dilimizin başına bəla. Çünki, reklamı hazırlayanlar, mətnini yazanlar əsasən xürici dillərdə təhsil alan, geniş dünyagörüşə malik olan şəxslərdir. Və bu sahə də pul gətirən sahə hesab olunur. Yəni, reklam şirkəti sahibkarlıq subyektidir. Nəzarətdəm kənar qaldıqca, dilə münasibəti də zəifləyir. Üstəlik, özəl şirkətlərin adlarının xarici mənbələrdən götürülməsi də bu qəbildəndir. Nəinki dünyaca məşhur şirkətlərin, müştəriləri cəlb etmək, başqa sözlə, aldatmaq üçün hətta yerli bazarda intişar tapan şirkətlərə də xarici adlar qoyulması çoxdandır ki, dəbdədir. Gəlin, etiraf edək ki, ticarətlə məşğul olan şəxslərin zehnində dili qorumaq haqda heç bir düşüncə olmur. Düzdür, pul qazanmaq, varlanmaq pis şey deyil. Ancaq, bunun xatirinə milli identifikasiyanı güdaza vermək, olduqca təhlükəli prosesdir. Çünki, dil dövlətçiliyin atributudur və milli təhlükəsizlik sferasına daxildir. Onu qorumaq təkcə fərdin şəxsi keyfiyyətləri kateqoriyasına daxil deyil, həm də vətəndaşlıq borcudur.
Azadlıq nə qədər şirin olsa da, azad düşüncəyə nail olmaq bir o qədər çətin və əziyyətlidir. Azadlıq bizə sosial şəbəkələr bəxş edib, insanlar arasında ünsiyyəti gücləndirib, ictimai rəyin ixtiyarına külli ixtiyar verib. Müasir texnologiyalar fonunda indi xəbərlər ildırım sürətilə yayılır və hər yerindən duran jurnalistikaya sarılıb. Bəli, indilərdə xəbər yaymaq, fikir bildirmək kütləvi xarakter alıb və bu səbəbdən vətəndaşlar ucdantutma yazı-pozu ilə məşğuldur. Bu proses mütəhərrikliyi artırır, dilin elmi-ədəbi inkişafını isə ləngidir. Çünki, sosial şəbəkələrin istifadəçiləri heç də eyni səviyyədə savadlı və düşüncəli deyillər. Üstəlik, bu texnologiyadan cinayətkarlar, fırıldaqçılar, xarici kəşfiyyat də gen-bol istifadə edir. Açıq desək, sosial şəbəkələr ünsiyyətlə bərabər siyasi və mənəvi mübarizə meydanıdır. Mübarizənin əsas silahı isə dilin kökünü təşkil edən sözdür. Sözlərdən ibarət olan cümlələrin yazılış tərzi, üslubu, qrammatik qaydalara cavabdehliyi, lüğət tərkibinin hansı istiqamətdə formalaşması bu mübarəzinin məqsədidir. Çünki, dilin bərbad hala salınaraq öldürülməsi elə dövlətin sıradan çıxarılması deməkdir. Bu səbəbdən dilimizin saflığının qorunması son dərəcə aktual məsələdir.
Saydığımız bütün bu məsələlərdə mətbuatın rolu əvəzedilməzdir. Nə qədər tənqid etsək də sovet dövründə bu məsələ daha böyük aktuallıq kəsb edirdi. Jurnalistlərin adi bir səhvi cəmiyyətdə böyük rezonans doğururdu. Bir jurnalist olaraq dəqiq xatırlayıram ki, hər hansı qəzetin səhifəsində getmiş bir hərf səhvinə görə oxucu redaksiyaya məktub yazıb əməkdaşları savadsızlıqda günahlandırır və “dişinin dibindən çıxanı” deyirdi. Bəs, indi necə, bu cür diqqət varmı? Yoxdur. Məsələ burasındadır ki, informasiya axınının sürəti, kütləvilik insanların diqqətini köklü məsələlərdən yayındırır və proses hissolunmadan cəmiyyətin özünə qarşı çevrilir. Digər tərəfdən, redaksiya kollektivlərində ixtisaslı kadrlar, yəni jurnalistikaya ürəkdən bağlanan, bu işi sevən, dilə, millətə canı yanan mütəxəssis kadrlar azlıq təşkil edir. Daha çox cəmiyyətdə ixtisası üzrə iş tapmayanlar, jurnalistikanı alver predmeti kimi görənlər, pul qazanmağın nəbzini KİV vasitəsilə tutmaq istəyənlər qəzet-jurnalların, saytların kollektivlərində möhkəm yer salıblar. Nəticədə bir çox meyarlarla yanaşı yazıların dil-üslub xüsusiyyətlərinə, dilin daxili inkişafına diqqət olduqca zəifləyib. Hardasa, 5-10 il əvvələr qədər bu halı zamanın gərdişinə görə təbii prosesin tərkib hissəsi saymaq olardı. Ancaq indi yenə də zamanın gərdişi ilə artıq Azərbaycan öz sözü, yeri və nüfuzu oloan, üstəlik, dövlətin atributlarını yüksək səviyyədə qoruyub inkişaf etdirən ölkəyə çevrilib. Bu səbəbdən dilə diqqət getdikcə artır. Bu fonda kütləvi informasiya vasitələrinin məsuliyyəti də yüksəlir və baş vermiş naqisliklərdən qurtulmağın vaxtı çatıb. Mətbuatda Azərbaycan dilinin ədəbi normalarının qorunması ən sərt şəkildə tələb olunmalıdır. Buna görə də MTRŞ və Mətbuat Şurasına bu işi ciddi nəzarətə götürərək buraxılmış nöqsanlara görə cərimə cəzasının tətbiq etmək səlahiyyətinin verilməsi, hesab edirik ki, vaxtı çatmış məsələdir. Ümid etmək istərdik ki, bu səlahiyyət konyukturadan uzaq şəkildə yerinə yetiriləcək, yalnız fikir bildirməklə bitməyib ölkədə gedən ciddi islahatlara uyğun şəkildə prinsipiallıqla həyata keçiriləcəkdir.
N.NOVRUZ

43 -dən səhifə 141

Oxşar məqalələr