
Jurnalist həmkarlarımın illər öncə barəsində həyəcan təbili döydüyü məsələ - yerli telekanallarımızın efirindəki biabırçı vəziyyət hələ indi-indi aktual problem halına gəlir.Ən azı 10 il əvvəldən yazırdıq ki, bu gedişlə biabırçılıq olacaq, telekanalların efirində ucuz, əttökən verilişlər, qurama şou və süni münaqişələr ifrata çatıb və sonu görünmür.Yazırdıq ki, elitar fahişəliyin təbliğatı aparılır, 3 ay əvvəl səs-ifa müsabiqəsində yarışmada qalmaq üçün SMS-dən ötrü ağlayan qızın artıq 3 mərtəbəli villası, lüks avtomobili və butik dükanları andıran qarderobu nümayiş olunur və açıqca eyham olunur ki, bu, hansı yolla əldə edilib.Kimin kimi məşuqə kimi saxladığı, kimin kimə “sponsor” olduğu barədə efirdə gedən söhbətlər, vulqar söhbətlər, bayağı hırıltılar, şit eyhamlar, “səxavətli sponsor” tapmaq niyyəti ilə efirdə əndamını nümayiş etdirənlərin hərəkətləri o qədər adiləşmişdi ki, artıq bir xeyli adam yerli telekanallara baxmaqdan imtina etmişdi.Həmin verilişlərdən fraqmentlər isə sosial şəbəkələrdən insanların noutbukuna, mobil telefonuna sızırdı. Bundan qurtuluş yox idi.İndi elə bir vəziyyət yaranıb ki, artıq uzun illər televiziyada çalışan adamlar da dilə gəliblər. Onların arasında Telli Pənahqızı, Saleh Bağırov, Murad Arif kimi təcrübəli televiziyaçılar var.Efirlərdəki saxta, süni qalmaqallar, təbii dava-dalaşlar artıq ikrah doğurur. “Müğənni” adlananların 12-14 saat boyunca studiyada qonaq edilməsi ilə hazırlanan musiqili şoular, orada aparılan söhbətlərin bayağı məzmunu hamını bezdirib.10 il öncə yazırdıq ki, efirlərdə baş alıb gedən bu biabırçılıqlar son nəticədə bütün məmləkəti saran mənəvi aşınmaya səbəb olacaq. Vurğulayırdıq ki, Taylandda fahişəlik qazanclı peşə sayıldığı və normaya çevrildiyi kimi, ölkəmizdə də məşuqə-müğənni olaraq lüks həyat yaşamağın cazibəsi minlərlə yeniyetməni cəlb edəcək.İndi gəlin ətrafa baxaq: o yazılanlar oldumu, olmadımı? Xəbərdarlıqlar haqlıydımı, haqsız idimi?Bütün bu neqativ hallar məhz televiziya kanallarımızın yanlış yolda olmasının üzündən baş verdi. Yüngülməcaz və əxlaqsız adamların bütün günü ekranda olmasının, onların varidatının nümayiş olunmasının, geyimlərinin, yemək-içməklərinin, səyahətlərinin reklam edilməsinin nəticəsi belə olmalı idi.Proses davam edir. Elə çıxmasın ki, mütəxəssislərin, ziyalıların bu mövzuda tənqidi fikirlər səsləndirməsi televiziya rəhbərlərini dayandıracaq. Xeyr. Yuxarılardan konkret direktiv gəlməyincə onlar öz istiqamətlərini dəyişdirməyəcəklər.Artıq “istəməyən baxmasın, başqa kanala çevirsin” sözü də əhəmiyyətini itirib. Çünki o birilərində də eyni cür verilişlər gedir. Yoluxucu bayağılıq yarışması bütün efirlərə sirayət edib. Hamı səhərdən axşama qədər idman kanallarına baxmalı deyil (yaxşı ki, hələ onlar tanınmış idmançıları studiyaya dəvət edib bayağı suallar verərək əldəqayırma şou düzəltmirlər).Bəzən deyirlər ki, televiziya güclü təbliğat vasitəsidir. Bu, sovet dövründən qalma klişedir. Müasir dövrdə televiziya təbliğat-təşviqat vasitəsi ola bilməz. Elə olarsa, auditoriyası minimuma qədər daralacaq.Televiziya xalqa müntəzəm şəkildə dolğun və dürüst informasiya verməlidir, insanları maarifləndirməlidir, həyatımıza, gələcəyimizə dair qəliz məsələləri izah etməlidir, yeri gələndə tamaşaçıları əyləndirməlidir. Bir sözlə, telekanalların efiri rəngarəng olmalıdır, hər bir tamaşaçı auditoriyası bəlli saatlarda orada istədiyini tapmalıdır. Yoxsa 12-14 saat boyunca yeknəsəq şou verilişləri təqdim etmək həm yorucu, həm də mənasızdır. Zərərli olması da öz yerində. Ən qatı futbol azarkeşi də 4 saat ard-arda gərgin derbi matçlarına baxa bilmir, yorulur.Görünür, Audivizual Şura telekanallara öz şərtlərini diktə etməlidir, onların efir siyasətini reqlamentləşdirməlidir. Necə ki, hər bir telekanal yaydığı reklamları bəlli bir intervalla verir, eləcə də şou proqramlarının bir reqlamenti olmalıdır, biri qurtaran kimi o biri başlamamalıdır.Xüsusilə də uşaq və yeniyetmələrin təlim-tərbiyəsinə zərərli olan verilişlər və onları bayağı məzmunları efirlərdən yığışdırılmalıdır.Bəyənmədəyimiz sovet dövründə bu kimi məsələlərə ciddi fikir verirdilər. O dönəmin televiziya proqramında milli filmlər, sovet filmləri, xarici ekran əsərləri nümayiş etdirilirdi; növbə ilə üzdə olan bütün müğənnilərin konsertləri verilirdi; vaxtaşırı “İnsan və qanun” kimi kriminal verilişlər hazırlanırdı; “Yumoristik novellalar”, “Komediya aləminə səyahət” kimi yumoristik verilişlər göstərilirdi; “Günün ekranı”, “Zaman” kimi informasiya bülletenləri təqdim olunurdu; idman yarışlarından translyasiyalar olurdu, həftədə bir dəfə əyləncəli şou verilişləri (“Səhər görüşləri”) efir üzü görürdü. Hətta vaxtaşırı xarici estrada ulduzlarının klipləri (“Daha bir görüş”) də nümayiş olunurdu. Ayrıca beynəlxalq hadisələrə dair icmal verilişləri olurdu. Bayağılıq sıfır həddində idi. Efirdə səslənən mahnıların sözlərinə də, melodiyalarının ciddiliyinə də diqqət edilirdi.O dövrə qayıtmaq mümkün deyil, amma yeni dövrdə, çağdaş dünyada, dünyəvi dövlətdə yaşayırıq deyə milyonlarla adamın gözü pnündə abır-həya, ismət-iffət deyilən məziyyətləri bir kənara qoyub, biədəb hərəkətlər etmək, tərbiyəsiz, vulqar ifadələrlə danışmaq yolverilməzdir. Studiya 100 gənc kişinin yatıb-durduğu əsgər kazarmalarından, həbsxana hücrələrindən seçilməlidir.
Xalid Kazımlı Yeni Musavat com
