
İksmedia Musavat com-a istinadən bildirir ki, Milli Məclisin iclasında çıxış edən deputat Aydın Hüseynov separatçılara görə Azərbaycana edilən təzyiqlərlə bağlı danışıb.
Deputat deyib ki, Bakı Hərbi Məhkəməsinin həmin canilərə çıxardığı hökm tamamilə ədalətli, Azərbaycan qanunlarına və beynəlxalq qanunlara uyğundur:
“Məhkəmənin hökmü hüquqi qərar olmaqla yanaşı, həm də tarixi, siyasi və mənəvi baxımdan ədalətin növbəti təntənəsidir. Separatçı rejimin liderləri onilliklər boyu beynəlxalq hüququn bütün norma və prinsiplərini tapdalayıb, Azərbaycan Respublikasının suverenliyinə qarşı silahlı qiyam həyata keçirib, mülki əhaliyə qarşı ağır cinayətlər törədiblər. Minlərlə insanın həyatına son qoyan, yüz minlərlə vətəndaşı doğma yurd-yuvasından didərgin salan bu şəxslər illərdir özlərini “siyasi fiqur” kimi təqdim etməyə çalışsalar da, əslində beynəlxalq hüquq baxımından cinayətkar olaraq qalırdılar. Onlar nəhayət, yol verdikləri insanlıq əleyhinə cinayətlərin hüquqi cəzasını aldılar".
A.Hüseynovun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra başlayan hüquqi proseslər göstərdi ki, dövlət yalnız hərbi sahədə deyil, hüquq müstəvisində də prinsipial və qətiyyətlidir:
“Məhkəmə prosesi açıq, şəffaf və hüquqi prosedurlara uyğun aparıldı. Bu da separatçı liderlərin və onların havadarlarının “qisas”, “siyasi sifariş” kimi iddialarını tam şəkildə puça çıxardı. Ömürlük həbs hökmü bir daha sübut etdi ki, ağır hərbi cinayətlər, insanlığa qarşı əməllər və dövlətə qarşı silahlı üsyan cəzasız qalmır. Bu qərar eyni zamanda gələcək üçün ciddi mesajdır. Azərbaycan Respublikasına qarşı istənilən separatçı cəhd hüquqi müstəvidə qaçılmaz şəkildə cavablandırılacaq”.
A.Hüseynov qeyd edib ki, Azərbaycanın qətiyyəti və qatillərə törətdikləri əməllərə görə hökmün çıxarılması hazırda Ermənistanda azadlıqda gəzən Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi əli Azərbaycan xalqının qanına bulaşmış müharibə cinayətkarlarına, eləcə də bütün revanşizm hissi ilə yaşayanlara, daşnaklara dərs olmalıdır:
"Onlar bilsinlər ki, Azərbaycan onlara gec-tez törətdikləri cinayətlərin cəzasını kəsəcək. 5 fevralda Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm bunun bariz sübutudur".
