Müsəlman həmrəyliyinə zərbə vuran erməni təxribatı

həmrəylik

İrəvanın “kilsə” siyasəti təhlükəli səlib yürüşlərini xatırladır

Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən zaman televiziyalara verdiyi müsahibədə müasir dini dünyagörüşünün mühüm aspektlərinə toxunan problemlərdən danışıb. Məsələ burasındadır ki, Azərbaycan torpaqlarının işğalı üzərində gedən informasiya savaşında ermənilər Azərbaycanın quyruğunda getməyə başlayıblar. Artıq bütün dünya, təbii ki, bu sıraya xristian inanclı dövlətlər də daxildir, Azərbaycanın işğala məruz qaldığını təsdiqləyir və Ermənistanı dinc yolla münaqişənin həllinə çağırırlar. Bunun da əsas səbəblərindən biri Azərbaycan diplomatiyasının uğurlu informasiya sistemi qurması və dünya ictimaiyyətini tarixi həqiqətlərlə tanış etməsinin nəticəsidir. İndi ermənilər də təbliğata başlayıblar və bu arada müsəlman ölkələri ilə Qarabağ mövzusunda müzakirələr aparır və özlərinə tərəfdar tapmağa çalışırlar.
Erməni siyasətçiləri düşünürlər ki, hazırkı beynəlxalq situasiyaya uyğun olaraq Azərbaycana və Türkiyəyə qarşı çıxan pozucu qüvvələrlə münasibət yaradıb onlarla əlbir fəaliyyət göstərmək və nüfuz qazanmaq lazımdır. Məsələn, Türkiyənin Şərqi Aralıq dənizinin özünə aid akvatoriyasında neft-qaz axtarışlarına Yunanıstanın məkrli etirazı dərhal erməniləri cəlb edib. Regiona aid olmadıqlarına və beynəlxalq çəkidən məhrum olduqlarına görə onların verdikləri başlarından yekə bəyanata diqqət edən olmasa da, ermənilik öz həyasız iddialarından əl çəkməyib. Belə ki, yunanlarla əlbir olan Misir hökuməti ilə guya həmrəylik nümayiş etdirərək yaxınlığa can atıb və Azərbaycana qarşı təxribatçı fəaliyyət sərgiləyiblər. Onların məqsədi islam ölkəsi olan Misirin simasında işğal etdikləri Qarabağ üzərində haqlarını tanıyan tərəfdaş tapmaqdır. Bu fəaliyyətin bir ucu da islam həmrəyliyinə zərbə vurmaq, Qarabağın işğalını pisləyən ölkələrin sayını müsəlman ölkələri hesabına azaltmaqdır.
Prezident İlham Əliyev bu məsələləri öz müsahibəsində belə qiymətləndirib: “Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Eyni zamanda, mənə verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib”.
İşğal olunmuş Azərbaycan ərazilərinin erməniləşdirilməsi məsələsi erməni din xadimlərinin və Ermənistan Hökumətinin Dövlət siyasətinin bir hissəsini təşkil edir. Tarixçilərin araşdırmasından məlumdur ki, nə Dağlıq Qarabağda və nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmayıb. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rast gəlmək mümkün deyildir. Dağlıq Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinib. Bunun isə öz tarixi kökləri var. Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən Çar hökuməti xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaradıb. Divanxana rus ordusu komandanlığı tərəfindən, ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə üslubuna uyğunlaşdırılıb. Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında “rus kilsəsi” adlandırılıb. Bunu hətta o dövrün erməni tədqiqatçıları da öz əsərlərində təsdiqləyiblər. Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil, rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün ( “Zapiski karabaxskoqo soldata”, Moskva 1995) kitabında qeyd edir.1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbçiləri Şuşanı tərk edirlər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qalıb. Lakin 1970-1980-ci illərdə DQMV-tinin erməni rəhbərliyi Şuşa şəhərindəki Rus kilsəsini təmir etdirərək kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verib. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirilib.
Ermənilərin 1992-ci il işğalına qədər nə Qarabağda və nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmayıb. Lakin işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsinin inşa etmələri bizə məlumdur. Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildi. Beləliklə son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırdı. Bu faktiki olaraq hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur.
Bu cür siyasəti səlib yürüşündən fərqləndirmək olarmı? Qətiyyən! Müsəlman aləminin üləmaları bu faktı daim diqqətdə saxlamalı və erməniliyin dəyirmanına su tökməkdən əl çəkməlidirlər. Çünki, bu, İslam həmrəyliyinə ciddi zərbə vurur. Əgər bunun qarşısı indi alınmasa, vaxt gələcək ermənilər indi dost dedikləri müsəlmanların da başına eyni taktika ilə oyun açacaqlar.
Azərbaycan erməniliyin bütün fitnə-fəsadlarına yaxşı bələddir və daim sərvaxtdır. Vaxtilə əl-qolumuzu bağlayanlar daha bunu edə bilmirlər. Bizim məramımız aydın, mübarizəmiz açıqdır.
Prezident İlham Əliyev müsahibəsində İslam ölkələrinə və düşmənə fikrini dəqiq ifadə edib: “Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar. Yenə də deyirəm, Ermənistan sıradan olan ölkə deyil. Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar. Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur”.
N.NOVRUZ

İrəvandakı populistlər Qafqazın yaralarını dərinləşdirir

Artıq bütün dünya Azərbaycanın haqqını tanıyır, Ermənistanı isə təcavüzkar adlandırır

 

pasha populist


Dünya ölkələrinin başı pandemiyaya, iqtisadi tənəzzülün aradan qaldırılmasına qarışdığı bir vaxtda ermənilərin beyinləri populizmə yoluxub. Bu təcavüzkar ölkənin hakimiyyəti yalnız nifrət püskürür, öldürməkdən, dağıtmaqdan doymurlar. Təsadüfi deyil ki, vaxtaşırı Azərbaycana qarşı təcavüzlərini daha da genişləndirəcəkləri, yeni ərazilər zəbt edəcəkləri, strateji iqtisadi obyektləri raket zərbələri ilə məhv edəcəkləri haqda bəyanatlar verirlər. Düzdür, bunların elədiklərinə Azərbaycan hər cür cavab verməyə, qarşısını almağa qadirdir. Amma, niyə, nə üçün biz Qafqazı od-alov içərisinə atmalıyıq, niyə dinc yaşamamalıyıq.
Ermənilərin planlarında, ümumiyyətlə, yer üzündən Azərbaycan adlı qədim və qüdrətli dövləti silməkdir. Bu arzularını işğalçı canilər heç vaxt gizlətməyiblər. Vaxtilə İrəvanı, sonralar isə Zəngəzuru, Qarabağı ilhaq edəndən sonra indi də Gəncəyə, Goranboya, Tovuza tamah salıblar.
Bu isə regiondan başlayan və dünya miqyasına keçməsi ehtimal edilən yeni dağıdıcı müharibəyə aparan xətt-hərəkətdir. Sosial şəbəkələrdə Nikol Paşinyanın arvadının əlində “Kalaşnikov” avtomatı olan şəkilləri yayılır. Bu şəkillər vasitəsilə erməni xalqını işğalçılıq siyasəti ətrafında birləşdirməyə, qan tökməyə həvəsləndirmək cəhdləri aydın görünür. Belə olan halda nə üçün ermənilərin qarşısı alınmır?
Azərbaycan, torpaqlarının azadlığı uğrunda müharibəyə başlamağa və onu qalibiyyətlə başa vurmağa tam hazırdır. Bu gün dünyanın bütün bölgələrində Ermənistanın təcavüzkar olduğu birmənalı şəkildə təsdiqlənir. Son bir sutkada Meksikanın “El Economista” qəzeti, ABŞ-ın Kaliforniya ştatının radiosu, Böyük Britaniyanın “The London Post” qəzeti Ermənistanın populist xarici siyasətinin regional müharibəyə aparmasının təhlükəsi barədə danışır, məqalələr dərc edir.
Fransız siyasi ekspert Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanüel Düpüi mətbuata müsahibəsində bildirib ki, dünyadakı ermənilərin az bir hissəsinin yaşadığı Ermənistanın erməni mənşəli insanlara mifik torpaqlarına qayıtmaq və ya orada yenidən məskunlaşmaq təklif etməsi məntiqsiz deyil. Suriyadan və ya Livandakı erməni mənşəli insanlar çox açıq şəkildə millətçi hisslərini hələ də saxlayırlar: “Ermənistan fürsətdən yararlanaraq bu siyasi amildən öz xeyrinə istifadə etmək istəyir. Buna görə də işğal etdiyi ərazilərin “legitimliyini” dəstəkləmək üçün xaricdə yaşayan ermənilərin köçürülməsi kimi qeyri-qanuni fəaliyyətə əl atır. Bununla onlar insanları ermənilərin könüllü şəkildə tərk etdiyi Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin boş olmadığına inandırmaq istəyirlər.
Yəni, Dağlıq Qarabağdakı azərbaycanlıların etnik təmizlənməsindən sonra buradakı ermənilərin də imkan düşən kimi mühacirət etdiyini gizlətmək niyyəti daşıyır. Ermənistan bu məkanların boşluğunu doldurmağa çalışır və bu məqsədlə geosiyasi “silah”a əl atır”.
Fransız ekspert təəssüf hissi ilə qeyd edib: “Minsk qrupu 10 ilə yaxındır demək olar ki, fəaliyyətini dayandırıb və öz təsir gücünü itirib. Hər kəsə məlumdur ki, Minsk qrupu anaxronik cəfəngiyyatdır. Bu qurum 1992-ci ildəki geosiyasi vəziyyətə cavab vermək üçün yaradılmışdı və bu gün bu qurum faktiki olaraq təsirsiz və onun fəaliyyəti nəticəsizdir”.
Emmanuel Düpüinin fikirləri bu gün aktuallıq təşkil edir. Bu fikirlərin dəyəri həm də ona görə güclüdür ki, o, daim Ermənistanı müdafiə edən bir ölkənin nümayəndəsidir. Madam, fransız ekspert ermənilərin işğalçılığını təsdiqləyir, demək, Azərbaycanın son variant kimi müharibəyə əl atması üçün dünya ictimai rəyi formalaşıb. Çünki, Düpüi vurğulayıb ki, ərazi işğalı məsələsi ilə bağlı beynəlxalq hüquqa da riayət olunmur. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi 4 qətnaməyə riayət edilmir. Beynəlxalq hüquqa riayət olunub-olunmaması önəmli deyil. Əsas məsələ beynəlxalq hüquqa riayət olunması üçün hansı tədbirlərin görülməsinin lazım olduğunu bilməkdir. Çoxtərəfli və çoxmillətli sistemə əsaslanan beynəlxalq hüquq öz missiyasını, yəni, münaqişələrin qarşısını almaq, onları həll etmək və ya problemlərin həllini tapmaq kimi missiyasını yerinə yetirmək baxımından çox zəifləyib. Münaqişələrin əksəriyyəti BMT prosesinə paralel mexanizmlər sayəsində həllini tapır.
“Düşünürəm ki, Cənubi Qafqaz və Qara dəniz regionlarında dondurulmuş münaqişələrə yalnız beynəlxalq hüquqa əsaslanaraq həll tapmaq mümkün deyil. Çünki beynəlxalq hüquq 1992-ci ildən bəri hərdənbir baş verən müxtəlif münaqişələri həll etmək istiqamətində cüzi də olsa dəyişməyib. Yəni, beynəlxalq hüququn həvalə edildiyi aktorlar o qədər zəifləyiblər ki, onun həyata”, - deyə E.Düpüi bildirib.
Haqlı iradlardır. Artıq Minsk qrupunun həqiqi siması da açılıb. Azərbaycanı Türkiyə kimi qüdrətli hərbi nüfuza və gücə malik dövlət birmənalı olaraq dəstəkləyir. Hətta Ermənistanın ümidi olan Rusiyanın siyasi ekspertləri problemin həllinə Azərbaycanın hərbi-siyasi gücü mövqeyindən dəstək verirlər.
Sentyabrın 5-də Rusiyanın “Lenta.ru” portalında dərc edilmiş “Tam döyüş hazırlığında” adlı məqalədə deyilir: “Bu dəfə Ermənistan Rusiyanı Azərbaycana qarşı hər hansı hərbi əməliyyatlara təhrik edə bilməyəcək. “Əlbəttə ki, Ermənistan Rusiya da daxil olmaqla KTMT-dəki müttəfiqlərdən kömək istəyəcək, çünki onun ərazisində - Gümrüdə Rusiyanın hərbi bazası var.
Amma Rusiya müharibə etmək istəmirsə, Ermənistan Rusiyanı müharibə etməyə məcbur edə bilməz”. Bütün bu fikirlər regionda partlayacaq mərmilərin barıt qoxusunu yayır. Yəni, sülhün döyüşlərlə təminatı birmənalı olaraq təsdiqlənir və bu, tezliklə ehtimalların reallığa çevriləcəyini bildirir.
N.NOVRUZ

Deyəsən, məsələ gözlənildiyindən də ciddidir

Eldar Həsənovun həbsi puilun mənimsənilməsinə aiddir, yoxsa xəyanətə?

eldar həsənov

Keçmiş səfir Eldar Həsənovun həbsi ölkə gündəmini zəbt edib. Ona qədər baş verən həbslərin səbəbləri barədə verilən açıqlamalar cəmiyyət tərəfindən sakitcə qəbul olunub. Çünki, hamısı həqiqəti əks etdirib və camaatın gözləri qarşısında baş verən hadisələr əsasında həyata keçirilib. Lakin respublikada sayılıb seçilən və haqqında müsbət-mənfi deyə iki yerə ayrılan fikirlərə görə səfirin həbsi barədə çoxsaylı versiyalar dövriyyəyə buraxılıb.
Həbsdən dərhal sonra E.Həsənovun müdafiəsi müəyyən təbəqə daxilində birmənalı qarşılansa da, sonradan haqqında meydanda olmayan xeyli mənfi və məntiqi əsaslara söykənən nöqsanlar haqda mətbuatda geniş şərhlər verilib. Bu isə nəzarət altına alınan keçmiş baş prokuror barəsində hələlik qeyri-rəsmi şəkildə olsa da xəyanət ittihamının ortaya çıxmasını mümkün edib.
Hadisələrin xronologiyasında radikal müxalifətin canfəşanlıq etməsi də diqqəti cəlb edir. Saytların birində dərc edilmiş məqalədə bütün bunların təbii baş verdiyi iddia olunur: “Əslində hər şey təbii proses olaraq baş verir. Eldar Həsənovun həbs edilməsi onun müxtəlif yollarla dəstəklədiyi, maliyyələşdirdiyi şəxsləri və qrupların hay-küy salmasına səbəb oldu”. Hay-küy salan qrupların siyahısında radikalların da yer aldığını iddia edən məqalə müəllifi konkret şəxslərin – Natiq Adilovun, Qənimət Zahidin, Arif Məmmədovun və digərlərinin müdafiə kampaniyasına başlamasını misal çəkir və bildirir ki, onlar Eldar Həsənovun gedişindən sonra pullarının kəsilməsindən və himayəsiz qalmalarından narahat olublar. Bu kimi faktların dəqiq olub-olmaması, yəqin ki, istintaqın gedişində təsdiqini tapacaq. Amma bir məsələ indidən dəqiqdir ki, müxalifət hər hansı mənfi təmayüllərə görə işindən uzaqlaşdırılan və ya həbs edilən məmurları öz tərəfinə çəkməyə can atır. Həmin şəxslərin neqativ əməlləri müxalifətçilər üçün əhəmiyyət kəsb etmir. Xüsusilə, keçmiş məmur varlıdırsa, müxalifətin canfəşalığı daha vüsətli olur.
Ancaq Eldar Həsənovun işində məsələ daha qəlizdir. Belə ki, KİV-lərdə yayılan məlumatlarda, şərh və təhlili məqalələrdə keçmiş baş prokuror və keçmiş səfirə qarşı daha ciddi ittihamlar yer alır. Məsələn, onu Rusiyaya xidmət (daha doğrusu, casusluq) edən 5-ci kolonun ən “hörmətli” üzvləri sırasına aid edirlər. Bu arada Ramiz Mehdiyevin çoxdan Azərbaycanda Rusiyanın maraqlarına xidmət etməsi haqda danışılması, onunla bir sırada Ramil Usubovun və digərlərinin adlarının hallandırılması sıradan bir məsələ kimi görünmür. Üstəlik, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun, diaspor fəallarının, işdən çıxarılmış keçmiş səfirlərin adlarının hallandırılması belə bir təəssürat yaradır ki, Rusiya bu şəxslərin simasında Azərbaycanda özü üçün ehtiyat hakimiyyət şəbəkəsi yaradıbmış.
Təbii ki, radikal müxalifətin əli bu adamlara çatmaz. Amma dolayısı ilə radikallar ölkəni qarışdırmaqla bu şəbəkədən vəsait əldə etmək üçün yararlana bilərlər. Üstəlik, radikallar arasında Rusiyanın xüsusi xidmət orqanlarına işləyənlərin də olması istisna deyil.
Digər bir variant da bütün bu deyilənlərin və yazılanların uydurma olması qənaətidir. Ola bilsin ki, həmin variantlar da həqiqəti gizlətmək üçün istifadə edilən tryuklar sırasındadır. Ancaq, bir həqiqət məlumdur ki, “divin canı şüşədə olduğu” kimi radikalların da ruhu pulla döyünür. İndidən radikallar Eldar Həsənovu müdafiə etməklə yaxın vaxtlarda ondan pul qopartmaq üçün əsas yaradırlar. Axı, Eldar Həsənovun varlı olduğunu bilməyən yoxdur!
N.NOVRUZ

41 -dən səhifə 141

Oxşar məqalələr