AXTAR

Köhnə düşmənlərin müttəfiqliyi – “Əl-Qaidə” İrana görə ABŞ esmineslərini partladacaqmı?

İksmedia Musavat com.-a istinadən xəbər verir ki,“Əl-Qaidə” terror təşkilatı İran ətrafında artan gərginlik üzündən Yaxın Şərqə yaxınlaşan gələn ABŞ hərbi dəniz qüvvələrinin zərbə qrupuna qarşı "cihad" elan edib.

Bu barədə informasiya yayan beynəlxalq media qurumları bildirirlər ki, radikal islamçılar Birləşmiş Ştatların bölgədəki gücünün artmasını "müsəlman torpaqlarını işğal etmək cəhdi” adlandırırlar və tərəfdarlarını Amerika gəmilərinə qarşı terror hücumları həyata keçirməyə çağırırlar.

111sent.jpg (146 KB)

Söz yox ki, “əl-Qaidə” 26 il əvvəlki qədər güclü təşkilat deyil. O vaxt bu təşkilatın başında fanatik milyarder Üsamə bin Laden vardı və o, bir yanı Əfqanıstanda, o biri yanı daxili sabitliyi olmayan ərəb ölkələrində ciddi şəbəkəyə malik idi. Bin Laden öz ətrafında fanatik döyüşçülər, muzdlu terrorçular dəstəsi təmərküzləşdirmişdi. “Cihad” edərək cənnətə düşəcəklərinə inanan yüzlərlə kamikadze “əl-Qaidə” rəhbərliyinin bir əmri ilə diri gözlü ölümə getməyə hazır idi və bunu 1998-ci ildə Keniyanın paytaxtı Nayrobidə, 2000-ci ildə Ədən körfəzində, 2001-ci ilin 11 sentyabrında isə daha dəhşətli formada ABŞ-də həyata keçirdilər. Sonuncu terror aktında “əl-Qaidə” üzvləri qaçırdıqları təyyarələri əkiz qüllələrə, Pentaqonun binasına çırpmaqla 21-ci əsrin ən böyük terror aktını törətdilər.

laden.jpg (41 KB)

İndi nə bin Laden var, nə də “əl-Qaidə”nin geniş şəbəkəsi. Bu terror təşkilatı ərəb ölkələrində özünü “İraq-Şam İslam Dövləti” adlandıran terror qruplaşmasına və onu formalaşdıran təşkilatlara, Əfqanıstanda isə “Taliban”a uduzublar, necə deyərlər, terror dərnəyinə çevriliblər.

Bununla belə, aydın olur ki, “əl-Qaidə” öz nüvəsini, mərkəzi aparatını qoruyub saxlayır. ABŞ-nin hərbi dənizçilərinə qarşı elan edilmiş “cihad” da məhz həmin mərkəzdən yayılıb.

Ancaq təbliğat platformaları vasitəsilə yayılan bu bəyanat elə təbliğat səciyyəsi, “ölməmişik, mövcuduq” mesajı daşıyır. Təşkilatın çağırış ilə "müsəlman torpaqlarını ələ keçirməyə çalışan sionistlər” (İsrail dövləti nəzərdə tutulur) və “xaçlılar”a (ABŞ və Qərb ölkələri) qarşı terror aktları törətmək üçün kimlərin ayağa qalxacağı bəlli deyil. Düzdür, belə qüvvələr var, ancaq onlar bunu “əl-Qaidə”nin çağırışı və göstərişi ilə yox, öz iradələri ilə, lazım bildikləri zamanda və məkanda həyata keçirməyi düşünürlər.

daqvin.jpg (176 KB)

ABŞ-nin Afrika ölkələri üzrə hərbi komandanlığının (AFRICOM) rəhbəri general Daqvin Anderson isə bu təhdidi ciddi sayıb və ”əl-Qaidə”dən gələn təhlükə barədə xəbərdarlıq edib. Brifinqdə çıxış edən komandan Pentaqonun qlobal terror şəbəkələrinin artan fəaliyyətini problem kimi dəyərləndirib. O, Burkina Faso, Mali və Niger, eləcə də digər Qərbi Afrika ölkələrini əhatə edən Sahel alyansını “əl-Qaidə”nin fəaliyyəti üçün ən böyük risk zonası elan edib.

İndiyə qədər əsasən İsrail dövləti dünyanın hansısa bir yerində səslənən terror hədələrini ciddiyə alır, əks-tədbirlər görmək üçün hərəkətə keçirdi. İndi amerikalılar da elə edilər. Bu da ondan irəli gəlir ki, səsləndirilmiş terakt hədələrinin çoxu əvvəl-axır reallaşdırılıb. Ona görə də ABŞ və İsraildə belə bir qənaət yaranıb ki, terrorçular havayı söz demirlər, dilləri varsa, dilçəkləri də var, əllərinə fürsət düşən kimi qisas aktı törədirlər.

koul.jpg (140 KB)

“Əl-Qaidə”nin dənizdə, ABŞ hərbi dəniz qüvvələrinə qarşı 12 oktyabr 2000-ci ildə törətdiyi terror aktı unudulmayıb. O zaman Yəmənin Ədən şəhərində dörd saatlığa lövbər salmış “USS Cole” esminesinə rezin qayıqda yaxınlaşan iki kamikadze gəmin gövdəsində partlayıcı maddələri partladıblar. Esminesin yan tərəfində 12x12 metrlik bir dəlik açılıb. Partlayışda 17 heyət üzvü həlak olub, 39 nəfər yaralanıb. Daha sonra “əl-Qaidə” üzvləri 6 oktyabr 2002-ci ildə Ədən körfəzində Fransanın “Limburq” tankerinə qarşı oxşar modeldən istifadə ediblər. Partlayıcı maddələrlə dolu, məsafədən idarə olunan qayıq gəminin yanına göndərilib. Partlayış və atəş nəticəsində bir nəfər həlak olub, 10-dan çox insan yaralanıb. “Limburq”un daşıdığı neft dağılıb və bu da Ərəbistan dənizinin balıq ehtiyatları ilə zəngin olan bu bölgəsinə böyük ekoloji təsir göstərib.

Hazırda ABŞ-nin zərbə qrupu (“USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və səkkiz “Arleigh Burke” sinifli esmines) Ərəbistan, Aralıq və Qırmızı dənizlərdə yerləşdirilib. Bu qüvvələr yanvarın əvvəlindən bəri siyasi sistemə və pisləşən həyat şəraitinə etiraz edən insanları qəddarcasına məhv edən teokratik rejimə zərbə endirmək üçün prezident Trampdan əmr gözləyir. Srağagün ABŞ vitse-prezidenti Ceyms Devid Vens hərbi əməliyyatların hələ də bir seçim olaraq qaldığını və Ağ Evin zəruri hesab edəcəyi təqdirdə Pentaqonun tətiyi çəkəcəyini bildirib.

esmn.jpeg (6 KB)

Ən diqqətçəkən məqam odur ki, indiyədək İran və “əl-Qaidə” həmişə mürəkkəb münasibətlərə malik olublar və heç zaman bir-birini həzm etməyib, hətta bir-birinə qarşı mübarizə aparıblar. Dünənə qədər “əl-Qaidə” İran əhalisinin əksəriyyətini təşkil edən şiələri kafir (rafizi) hesab edir, lənətləyirdilər. İranın da onların etiqad etdiyi məzhəbə iddia və iradları vardı. İndi onları sözdə olsa da müttəfiq edən ABŞ düşmənçiliyidir. İran da, “əl-Qaidə” də həm ABŞ-ni, həm də İsraili əsas düşmən sayırlar.

Beynəlxalq ekspertlər hesab edirlər ki, bu transmilli terror şəbəkəsi sadəcə İran böhranından istifadə edərək öz varlığını yenidən hiss etdirməyə çalışır. Əslində isə “əl-Qaidə” İrandan ötrü öz strukturlarını təhlükəyə atmayacaq. Terror çağırışı etmək hələ terror aktı törətmək üçün hərəkətə keçmək deyil.

Məşhur lətifədə deyildiyi kimi, pişikdən qorunmaq üçün onun boynuna zınqırov asmaq yaxşı ideyadır, amma həmin zınqırovu pişiyin boynuna hansı siçanın asacağı problemdir.

 

Oxşar məqalələr