25 noyabr – Kəlbəcər günüdür
Vətən müharibəsində qazandığımız böyük Zəfərin təntənəsi işğaldan azad edilmiş şəhərlərdə qeyd edilən bayramlarda aydın hiss olunur. Kəlbəcər şəhəri günü bu bayramlardandır. Kəlbəcərin işğalı da digər rayonlar kimi ağır və yeri doldurulan bilməyən insan tələfatları ilə müşayiət olunub. Himayədarlarına arxalanan ermənilər azərbaycanlıları məhz azərbaycanlı olduqları üçün öldürüb, doğma yurd-yuvalarından qovublar. Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qaldı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər. Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür.
Bu qanlı hadisədən bir il sonra, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunan zaman 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Azərbaycan xalqı öz rəhbəri və ordusu ilə birlikdə məqsədyönlü şəkildə işğala qarşı mübarizə apardı. Torpaqlarımızın azad edilməsinin yolu asan olmayıb. Bu tarixi Zəfərin arxasında gərgin diplomatik mübarizə, güclü iqtisadiyyat uğrunda ciddi səylər, böyük ordu quruculuğu, sarsılmaz mənəvi hazırlıq durur.
Dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyəti azadlıq yolunun çətinliyini real əks etdirir. Hadisələrin cərəyan etdiyi dövrdə Azərbaycan rəhbərliyi dəfələrlə Qarabağın azadlığı prosesində destruktiv rol alan qüvvələrə qarşı qətiyyətli mövqe sərgiləyib. Hələ 2016-cı ildə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycana qarşı beynəlxalq cəbhə yaratmış güclərə qarşı aparılan diplomatik müharibənin kulminasiya nöqtəsi sayıla bilər. Çünki, kimlərsə Dağlıq Qarabağ müharibəsini dondurulmuş münaqişə kimi xarakterizə edirdi. Bu, destruktiv qüvvələrin dünya ictimaiyyətində formalaşdırmaq istədiyi fikir idi və Azərbaycan rəhbərliyinin və xalqının bununla guya razılaşması barədə illüziya yaratmaq məqsədi güdürdü. Həqiqətdə isə Dağlıq Qarabağ uğrunda kəskin diplomatik mübarizə gedirdi. Prezident İlham Əliyev iclasda bu haqda da danışaraq mövqeyini bir daha ortaya qoymuşdu: “Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir”.
Tarix sübut etdi ki, bu fikirlər, təkziblər təsadüfi deyilməyib və Azərbaycan Vətən müharibəsində nəinki Ermənistana, həm də beynəlxalq şər qüvvələrə qalib gəlib. Bu gün Kəlbəcərin coğrafi ərazisinin yüksəkliyindən görünən təbiətin füsunkar panoramı həm də qələbəmizin möhtəşəmliyini nümayiş etdirir. Bu bölgə həm hərbi-strateji nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır, həm də iqtisadi potensialı etibarı ilə zəngin resurslara malikdir. 30 il ərzində qəsbkarlar digər ölkələrin şirkətləri ilə əlbir olub regionun təbii ehtiyatlarını talayıblar. Ancaq özbaşınalıq, işğalçılıq birdəfəlik bitib. Azərbaycan öz ərazi bütövlüyünü və süverenliyini bərpa edib. Xalqımız öz sərvətlərinə yiyələnib. Kəlbəcir və işğaldan azad edilmiş digər şəhər və kəndlərimiz əsl inkişaf yoluna çıxıb. Tezliklə Qarabağ bölgəsi Azərbaycanın sürətlə inkişaf edən turizm və sənaye bölgəsinə, firavan yaşayış məskəninə çevriləcək.
Novruz NOVRUZOV
Azad Vətən Partiyası Siyasi Şurasının sədri