AXTAR

Növbədənkənar seçkilər mövcud şəraitin siyasi təsbiti kimi dəyərləndirilə bilər

secki qutusu


Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq sürətlə davam edir. Artıq Mərkəzi Seçki Komissiyası da ilk qərarlarını verib və prosedurun tam həcmdə yerinə yetirilməsi üçün vaxt və tarixlər müəyyənləşdirilib. Adətən seçkili orqanlara və ya ölkə prezidentliyinə fövqəladə şəraitdə növbədənkənar seçkilər təyin olunur. Fövqəladə vəziyyət də özlüyündə xaos, gərginlik, qeyri-sabitlik və bu kimi şəraitləri ehtiva edir. Bu səbəblərdən də böyük-kiçikliyindən və inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün bu, arzuolunmaz haldır. İndi Azərbaycanda da “növbədənkənar seçkilər” məfhumunun işlədilməsi ilk baxışda təəccüblü görünür. Axı, ölkədə heç bir dağıdıcı təbiət hadisəsi, yaxud iqtisadi-siyasi müvazinətsizlik baş verməyib. Əksinə, əsrimizin ilk qərinəsində Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərilən top-20 ölkənin sırasına daxil olub. Mübaliğəsiz etiraf etmək gərəkdir ki, belə bir nailiyyətə çatmaq böyük uğurdur. Bu gün dünya ölkələrinin əksəriyyətində ciddi siyasi kataklizmlər baş verir, dünən dost olan ölkələr bu gün müharibə edirlər.
2023-cü il ölkəmiz üçün başa çatdırılan Zəfər ilidir. Gələn il müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və bu ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ölkənin belə bir ürəkaçan dövründə növbədənkənar seçkilərin keçirilməsi, açıq görünür ki, şəraitin ekstremallığından yox, idarəetmədə zəruri optimallığın yüksəldilməsindən, islahatların tempinin artırılmasından irəli gəlir.
Üstəlik, hazırkı prezident və dövlət başçısı postuna real namizəd olan İlham Əliyevin şəxsi xarakterik cizgiləri, Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlayan beynəlxalq şər qüvvələrə qarşı mübarizəni beynəlxalq aləmdə genişləndirməsi seçkilərin növbədənkənar keçirilməsinin zəruriliyini ortaya qoya bilər. Yəni, elə bir situasiyada seçki keçirmək gərəkdir ki, prezident olmağı arzulayan hər kəs bu marafonda çətinlik çəkmədən iştirak edə bilsin. Çünki, namizəd olaraq İlham Əliyevin seçilmək şansı şübhəsizdir, özü də buna inamlıdır, lakin yenə də hamı üçün bərabər imkanlar yaratmaq arzusu prezident seçkilərinin daha münasib vaxta keçirilməsini şərtləndirir. Bu isə demokratik quruculuq yolunda mühüm addımdır. Bu mənada Prezidentin növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul etməsi həm də yeni siyasi iradə nümayişidir.
Azərbaycan siyasətin və iqtisadiyyatın bütün sahələri üzrə inkişaf edir. Bu faktı daxili və xarici ekspertlər, politoloqlar, iqtisadçılar, dövlət başçıları, ictimasi-siyasi xadimlər, sənət adamları, işgüzar dairələr etiraf edir, görür, qiymətləndirir, təqdir edirlər. Lakin qəribədir ki, elmi biliyi, daşıdığı vəzifəsi, nüfuzu ilə sanballı olan insanların verdiyi qiymətləri Qərbin pulları hesabına demokratik dona bürünən və ya heç yerdə tanınmayan kimlərsə qəbul etmək istəmir, doğulub böyüdüyü ölkəyə böhtanlar yağdırır. Adətən bu cür fəaliyyət mühüm siyasi hadisələr baş verən ərəfədə güclənir. İndi də növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra pozuculuq fəaliyyətləri artmaqdadır. Təbii ki, bu fəaliyyətin arxasında Azərbaycanı istəməyən qüvvələr, xüsusilə də xaricdəki erməni lobbisi dayanır. Siyasi gedişlərdən xəbərdar olan insanlar belə gedişlərin necə dolayısı ilə həyata keçirildiyindən xəbərdardırlar. İndi də iradəcə səbatsız olan bəzi azərbaycanlılar sadəcə varlanmaq eşqi ilə xarici pozucu qüvvələrin diqqətini cəlb edirlər. Bundan sonra isə alver və böhtan kampaniyasına start verilir. Lakin bütün bunlar əbəsdir. Azərbaycanda siyasi qüvvələrin öz inkişaf yolu var və bu istiqamətdə təxribatlar törətmək absurd cəhdlərdən başqa bir şey deyil.

Novruz NOVRUZOV

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri

Oxşar məqalələr