AXTAR

Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqazda sabitliyin əsas stimulu ola bilər

zengezur dehlizi
Müasir dövrdə Azərbaycan regional təhlükəsizlik sisteminin yeni doktrinasının reallaşdırılmasında və qlobal miqyasda geosiyasi qüvvələrin tarazlığı konsepsiyasının formalaşmasında vacib aktorlardan birinə çevrilib. Hazırkı dönəmdə Azərbaycan və Ermənistan arasında bağlanması aksioma olan sülh sazişi Cənubi Qafqazda inkişafın və sabitliyin yeni, daha güclü dalğası üçün güclü stimul ola bilər.
Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Prezident İlham Əliyev bu il mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışında deyib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq”.
Dünya xalqları arasında dialoqun genişləndirilməsinə, dünya mədəni irsinə verdiyi töhfələrə, təbii resurslardan birgə istifadəyə və sairəyə rəğmən təhlükəsizlik problemi də Azərbaycan üçün mühüm məsələdir. Yaradılmış nəqliyyat infrastrukturu imkan verir deyək ki, Azərbaycan böyük miqyasda bir nəqliyyat qovşağıdır. Bu qovşağa beynəlxalq avtomobil və dəmiryol şəbəkəsi, enerji daşıyıcıları şəbəkəsi (neft və qaz kəmərləri), su və hava nəqliyyatı daxildir. Bu qovşağın qorunması beynəlxalq qanunlarla yanaşı həm də hərbiləşdirilmiş mühafizə sistemi vasitəsilə qorunur. Neft- və qaz kəmərləri ilə öz məhsulunu daşıyan digər dövlətlər də həmin kəmərlərin təhlükəsizliyində maraqlıdır və bilavasitə bu işdə iştirak edir. Bunlar çox yaxşıdır və iqtisadi əlaqələrin təhlükəsizliyinə və qorunub saxlanmasına zəmanət verir. Belə olan halda milli təhlükəsizliyi yaddan çıxarmaq olarmı? Axı, bütün nəqliyyat dəhlizlərinin məsuliyyəti Azərbaycan üzərindədir. Əgər Azərbaycanın milli təhlükəsizliyi Ermənistan tərəfindən daim təhdid altında olacaqsa, onda hansı təhlükəsizlikdən danışmaq olar? Azərbaycanın milli təhlükəsizliyinin təhdidi əslində, nəqliyyat dəhlizlərinin də birbaşa təhdid edilməsi deməkdir.
Qloballaşma prosesinin gücləndiyi şəraitdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun Avropaya və ümumiyyətlə, Qərbə çıxışında Azərbaycan açar rolunda çıxış edir. Təsadüfi deyil ki, Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Ərzrum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti, TransAnadolu və bunun davamı olan TransAdriatik qaz kəmərləri şəbəkəsi məhz Türkiyədən keçməklə son istifadə nöqtələrinə çatır. Məsələ burasındadır ki, Orta Asiya türk dövlətlərindən və Rusiyadan, habelə Cənub-Şərqi Asiyadan Türkiyəyə və oradan da Avropaya doğru uzanan ən qısa ticarət və tranzit yolları da Azərbaycandan keçir.
Çindən başlayaraq Avropanın şimalında yerləşən Londona qədər gedən qədim İpək Yolunun üzərində yerləşmələri bu ölkələrin tarixən bir-birinə bağlı olduqlarını sübut edən faktordur. Bir vaxtlar ən gur yol olan bu istiqamət tarixin müəyyən məqamlarında xarici istilaçıların nəzarəti altında dağılsa da indi yenidən bərpa olunaraq işə salınıb. Yolun mərkəzi məntəqəsi Azərbaycandır. Ölkəmizin Avropa ilə Asiyanın qovuşuğunda, həm də türk dövlətlərinin mərkəzində yerləşməsi onun nəqliyyat əlaqələrinin yaradılmasında ən əhəmiyyətli rol almasını təmin edir. Məsələn, hazırda Qazaxıstan Avropaya satdığı nefti Azərbaycan üzərindən nəql edir. Orta Asiyadan Türkiyəyə göndərilən taxıl və digər kənd tyəsərrüfatı məhsulları da buradan keçir. Özbəkistanın və Türkmənistanın pambıq məhsulları yenə də Azərbaycan vasitəsilə Türkiyəyə və oradan Qərb ölkələrinə ixrac olunur. Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü olmasa da, prinsipcə təşkilata daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli ciddi iqtisadi və siyasi əlaqələrə malikdir.
Qərbin enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycan-Türkiyə iş birliyinə Türkmənistandan neft və qazın, Özbəkistandan mavi yanacağın əlavə olunacağı tarixlər uzaqda deyil. Əvvəl-axır Transxəzər sualtı karbohidratlar dəhlizinin yaradılmasına start veriləcək. Bu layihə həyata keçiriləcəyi təqdirdə dünyanın inkişaf etmiş ölkələrinin enerji təhlükəsizliyində Türk Birliyi ölkələri sıx əməkdaşlıq çərçivəsində mühüm rol oynayacaqlar. Əfqanıstan, Pakistan və Hindistan da Azərbaycanın birləşdirici missiyasından yararlanmaq arzusundadırlar. Söhbət ölkəmizdən keçən və ölkəmizin yaxından iştirakı ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaqdan gedir. Burada mərkəzi rol yenə də Azərbaycanın üzərinə düşəcək.
Dünya iqtisadiyyatının inkişafı zamanı onun məzmununda baş verən dəyişikliklər bu mürəkkəb sistemin ayrılmaz hissələri kimi çıxış edən ölkələrin iqtisadiyyatında müvafiq dəyişikliklərin aparılmasını şərtləndirir. Xarici iqtisadi əlaqələrin genişlənməsi şəraitində kiçik ölkələrin xarici iqtisadi inkişaf strategiyalarının seçimi daha da aktuallaşır. Çünki, açıq iqtisadiyyat şəraitində böyük ölkələrlə müqayisədə bu ölkələrin iqtisadi həyatında xarici iqtisadi əlaqələr daha böyük əhəmiyyət kəsb edirlər. Mövcud şəraitdə isə Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın yaranmış vəziyyətdən istifadə edərək öz enerji qaynaqları hesabına inkişaflarını təmin edirlər.
Regionun enerji potensialını və dünyanin getdikcə artan tələbatını nəzərə alan dünya ölkələrinin bu regiona olan marağı getdikcə artmaqdadır. Bu da öz növbəsində böyük enerji layihələrinin həyata keçirməyə imkan yaradır.
Beləliklə, Azərbaycan çox geniş arealda yerləşmiş ölkələr, ayrı-ayrı regionlar arasında körpü yaratmaqla yanaşı, eyni zamanda türk dövlətlərinin yaranmaqda olan birliyinə əvəzedilməz töhfələr bəxş edir. Yaxın gələcəkdə bu sahədə baş vermiş cücərtilərin zoğlara, daha sonralar budaqlara və müstəqil barverən ağaclara çevrilməsinə dünya şahidlik edəcək.
“Zəngəzur dəhlizi”nin açılması ilə bu əlaqələr daha da genişlənəcək və ragionda sülh ab-havasını möhkəmləndirəcək.
Novruz NOVRUZOV
AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr